Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3140/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2013-cü ildən faktiki nikah münasibətlərindədir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2027-ci il təvəllüdlü X4 doğulmuşdur. Uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanılmasında, uşaqların xərclərində iştirak etmir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar yarana problemə görə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirməklə, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 11 ildir ki, birlikdə yaşayırlar. Cavabdeh əvvəlki nikahından nikahın pozulması haqqında şəhadətnaməni təqdim etmədiyindən nikaha daxil ola bilməmişlər. Aliment məsələsinin həllindən sonra ayrı yaşamağı düşünsə də, həmin evdən çıxmaq istəmir. Çünki cavabdehin olan evin tikilməsində anasının və atasının dəstəyi var. Həmin evə münasibətdə də, iddia qaldırmaq fikri var. Cavabdeh qazancını evinə və uşaqlarına xərcləmir. Qazancını hara xərclədiyindən məlumatı yoxdur. Uşaqların məktəb xərclərini, müalicə xərclərini qarşılamır. Onların saxlanmasında valideynləri dəstək olur. Uşaqlar cavabdehin evə aldıqlarından heçnə yemirlər. O uşaqların hər ikisinin onun yanında saxlanmasını xahiş edir. Cavabdehlə xx.xx.2024-cü il tarixdən ayrı yaşayırlar. Oğlu Saatlı rayonu, Qıraqlı kəndində valideynlərinin yanında yaşayır və orada məktəbə gedir. Təhsil Nazirliyinin məktəbləri dəyişmək üçün portalları açıldıqda oğlunu yanına gətirəcək. Oğlu Saatlı rayonunda idmana gedir. Qızı isə öz yanında Bakı şəhərində qalır və məktəbdə oxuyur. Qızı allergik xəstəlikdən əziyyət çəkir. Həkim qızının müalicəsi üçün əvvəl yaşadığı yerdə yaşamasını bildirmişdir, bu səbəbdən də, qızını bir müddət əvvəllər yaşadığı Saatlı rayonunda yerləşən valideynlərinin yanında yaşamışdır. Lakin hazırda qızı onun yanında yaşayır və burada məktəbə gedir. Cavabdehin gəzdiyi qadınlar ona sms yazaraq, cavabdehlə ayrılmağını bildirirlər. Bundan başqa cavabdeh dəfələrlə onu döymüş və xəsarət yetirmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Cavabdeh uşaqlarla maraqlanmır, hətta oğlu sünnət olarkən heç cavabdehin xəbəri olmamışdır. Uşaqların saxlanmasında ona valideynləri dəstək olur. Oğlum çobanlıq etmir. Sadəcə olaraq heyvanlara həvəsi vardır. Cavabdehin birinci nikahdan qız övladı vardır və həmin uşaq artıq yetkinlik yaşına çatmışdır. Həmçinin cavabdehin birinci nikahda ola-ola başqa qadından da nikahdan kənar 11-ci sinifdə oxuyan oğlu da vardır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, məhkəmə iclasının təxirə salınması, onun hər dəfə işdən icazə almasına çətinlik yaradır Bu səbəblə, iclasın təxirə salınmadan baxılmasını tələb edir. Əlavə olaraq bildirir ki, məhkəmə mübahisəsi dövründə qızı ilə əlaqə saxlasa da, qızı nə onun özünə nə də, verəcəyi pula ehtiyaclarının olmadığını bildirmişdir. Oğlu ilə danışanda isə nənəsi müdaxilə etmişdir. Hazırda böyük qızına görə tutulan aliment məbləğində 7000-8000 manat borcu var. Uşaq yetkinlik yaşına çatsa da, borcundan ödəniş edir. Tələb edilən həcmdə aliment ödəmək imkanı yoxdur. İddiaçının isə rayonda 12-13 otaqlı evi var. Lakin Bakıda yaşamaq istədiyindən bura gəlmişdir. Hazırda Azərsun MMC-də işləyir və 540 manat əmək haqqı alır.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir, o, oğlunun onun yanında saxlanmasını, qızın isə anasının yanında saxlanmasını xahiş edir. Bundan əlavə o, sürücü işləyir, səhər tezdən evdən çıxır və axşam saat 18:00-dan sonra evə gəlib çıxır, qazancını ailəsinə xərcləyir, nadir hallarda içki qəbul edir, qumar oynamır, yəni qazancını ailəsindən başqa yerə xərcləmir. Əvvəlki nikahından olan uşağının saxlanmasına 170 manat aliment ödəyir. Sürücü kimi 580 manat maaş alır ki, alimenti ödədikdən sonra qalan qazancını uşaqlara xərcləyir. Onların məktəb xərclərini də, qarşılayır. Lakin bu il qazancı az olduğundan məktəb başlayandan 10 gün sonra bazarlıq edə bilmişdir. Evdəki soyuducu ət, balıq məhsulları ilə doludur. İddiaçı özü uşaqlar üçün normal yemək hazırlamır. Ancaq onlara dürmək düzəldir. Həyətda toyuq-cücəsi var. Arada satıb, uşaqlarına xərcləyir. Oğlu Saatlı rayonunda iddiaçının valideynlərinin yanında qalır və orada çobanlıq edir. İddiaçının bildirdiyinə görə oğlu Saatlı rayonunda idmana getdiyindən orada qalır. İddiaçı uşaqları ona qarşı öyrədib. Uşaqlar onunla əlaqə saxlamırlar, telefon zənglərinə isə cavab vermirlər. Oğlu kənd həyatını sevdiyi üçün oğlunun həmin hissi ilə oynamaq istəmir. Buna baxmayaraq, oğlunun onun yanında şəhərdə yaşamasını və oxumasını istəyir. Lakin oğlunun onunla yaşamayacağını da bilir. Özü Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus evdə yaşayır. Onun evinə baxış keçirilməmişdir. Özü tək yaşayır, ola bilsin ki, evdə olmayan vaxtı komissianın nümayəndələri gəliblər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 148650 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixində Xırdalan şəhəri, Abşeron rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 485682 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı 16 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
10. Saatlı rayon qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5-69-4/2-750/2024 saylı rəydən görünür ki, komissiya xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı ilə birgə yaşamaları uşaqların mənafeyinə uyğun hesab edilmişdir.
11. Abşeron Rayon İcra Hakimiyyəti Yetkinllik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında aparılan araşdırmaları nəzərə alaraq, yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarını məqsədə müvafiq hesab etmişdir.
12. Komissiya rəyində göstərir: Yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 iclası zamanı psixoloqun iştirakı ilə dindirilmişdir. Hər iki yetkinlik yaşına çatmayanlar analarına sıx bağlı olduqlarını, onunla xoş vaxt keçirdiklərini, heç bir halda ondan ayrı qalmaq istəmədiklərini bildirmişlər. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Cavabdeh ilə İddiaçı arasında faktiki nikah münasibətləri olmuş və həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşlar. Uşaqlar faktiki olaraq analarının himayəsindədirlər.
14. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat aliment tələb edir.
15. Cavabdeh isə xx.xx.2014-cü il təvəllüdlü X2 öz himayəsində saxlanılmasını istədiyindən iş üzrə müvafiq olaraq qəyyumluq və himayəçilik komissiyalarından rəy alınmışdır.
16. Saatlı rayon qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5-69-4/2-750/2024 saylı rəy ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı ilə birgə yaşamalarını uşaqların mənafeyinə uyğun hesab etmişdir.
17. Abşeron Rayon İcra Hakimiyyəti Yetkinllik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası xx.xx.2024-cü il tarixli rəyində yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarını məqsədə müvafiq hesab etmişdir.
18. Cavabdeh tələb edilən aliment məbləğinə münasibətdə rəsmi nikahından doğulan uşağa görə aliment borcunun yığıldığını, rəsmi iş yerinin olmadığını əsas gətirməklə, tələb edilən məbləğlə razılaşmır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində yalnız alimentin tutulmasını tələb etsə də, əslində iddianın mahiyyəti faktiki vəziyyətə uyğun uşaqların yaşayış yerinin müəyyən edilməsi və bu əsasla cavabdehdən alimentin tutulması təşkil edir.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
21. 48-ci maddəsinə əsasən Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
22. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
23. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
25. Yetkinlik yaşına çatmayan uşaqların yaşlarını, maraqlarını, mənafelərini, onların fikirlərini, cavabdehin oğlunun yaşayış yerini mübahisələndirsə də, onunla yaşamayacağına əminliyini ifadə etməsini, keçən müddət ərzində uşaqların mübahisəsiz olaraq iddiaçının yanında yaşamalarını, komissiyanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 analarının yanında qalmaları müəyyən edilməlidir.
26. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
27. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
28. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
29. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
30. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
31. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
32. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
33. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.
35. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2024-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.
36. Tərəflərin izahatlarından məlum olur ki, cavabdehin başqa münasibətlərindən 1 yetkinlik yaşına çatmış və 1 yetkinlik yaşına çatmayan uşağı vardır və bununla bağlı isə 8000 manat aliment borcu yaranmışdır. Belə olan halda, aliment ödəməli olan şəxsin qazancının əksər hissəsinin icra qaydasında aliment borcunun ödənilməsinə yönəldilməsi və hazırki iş üzrə təyin ediləcək aliment üzrə borclarının yaranacağı istisna deyildir. Nəticədə aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəyi qaçılmaz hal olacaqdır. Bu isə aliment ödəməli olan şəxsin əmək fəaliyyətindən uzaqlaşmasına gətirib çıxara və dolayısı ilə aliment öhdəliyini icra etməsinə mane ola bilər.
37. Məhkəmə hər iki valideynin uşaqlarını saxlamağa borclu olduğunu, minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasının zəruriliyini, uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, tərəflərin diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, aliment ödəməli olan şəxsin aliment və digər öhdəliklər üzrə borcunun olması onu valideynlik vəzifələrini yerinə yetirməkdən azad etmir və məhz bu əsaslar iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz.
38. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
39. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır.
40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. Odur ki, Cavabdeh 04 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
47. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
48. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.
49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:
50. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
51. Həmçinin 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun çatışmayan hissəsində 18 manat məbləğində vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməldir.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50(əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun çatışmayan hissəsində 18(on səkkiz) manat məbləğində vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev