Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3145/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özlərinə məxsus, ümumi dəyəri 1800 manat olan 583 əyarlı 1 ədəd qızıl üzüyün, 2 ədəd qızıl sırğanın, 1 ədəd qızıl qolbağın, 1 ədəd qızıl kulonlu qızıl sepin naturada və ya onların dəyəri kimi 1800 manat pulu Cavabdeh2 və Cavabdeh1 onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2018-ci ildə İddiaçı2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 1 azyaşlı uşaqları vardır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Şimal küçəsi 1, 25 saylı fərdi evdə yaşayırlar və həmin torpaq sahəsində 2 ev mövcuddur. Birinci evdə o ailəsi ilə birlikdə, digər evdə isə cavabdehlər, yəni anası və qardaşı yaşayır. Atası Qurbanəli vəfat etdikdən sonra anası və qardaşı onun yaşadığı evə basqın edir, onu, arvadını və uşaqlaırnı təhqir edir, şərəf və ləyaqətlərini alçaldır, evdə yaşamaqlarına maneə yaradırlar. Mərhum atası tərəfindən İddiaçı2 hədiyyə kimi verilmiş, iddia tələbində göstərilən qızılzinət əşyalarını da cavabdehlər onun evinə gizlin daxil olmaqla götürmüş, lombarda girov qoyaraq əldə etdikləri pulu xərcləmişlər. O, arvadı ilə birlikdə bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etsələr də, onlara məsələnin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Buna görə də, onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonda İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 əri İddiaçı1 izahatına uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, lombardda olan qızıllar ona mərhum qaynanasından qalan qədimi qızıllardır. Həmin qızılların iddiaçılar ilə heç bir aidiyyəti yoxdur. Nə o, nə də oğlu Röyal iddiaçıların qızıllarını götürməmişlər. Həmin qızılları Leyla özü atasına vermişdir. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək anası Cavabdeh1 izhatına uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə tərəfindən iddiaçıya qızıl-zinət əşyalarının xüsusiyyətləri barədə hər hansı sübut təqdim edilməsi təklif olunsa da, qətnamə çıxarılanadək iddiaçı tərəfindən məhkəməyə yalnız fotoşəkillər təqdim olunmuş, ərizədə isə qızılların yalnız əyarı göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, fotoşəkil əsasında qızıl – zinət əşyalarının xüsusiyyətlərini, yəni, qızıl məmulatının tərkibini, çəkisini, üzərində olan daşların mənşəyini, qiymətli olub – olmamasını, rəngini, təmizliyini müəyyən etmək mümkün deyildir və buna görə də fotoşəkilə mötəbər sübut kimi istinad oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı halda iddia tələbində qeyd olunan əşyaların cavabdehlər tərəfindən götürülərək qanunsuz saxlanılması işin müəyyən edilən halları ilə sübut olunmur. Azərbacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən qızıl – zinət əşyalarının xüsusiyyətləri ilə bağlı sübut təqdim olunmadığından iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3145/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3145/2021
20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver