Məhkəmə qərarları › İş №2(001)-319/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-319/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-319/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların qaytarılması və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 1 ədəd 7500 manat dəyərində olan 750 əyarlı qızıl dəst (komplekt), 1 ədəd 1800 manat dəyərində olan 750 əyarlı italiya istehsallı brilyant nişan üzüyü, 1 ədəd 230 manat dəyərində olan 585 əyarlı Van Cleef model boyunbağı, 1 ədəd 580 manat dəyərində olan Cahel model üzük və sırqalar, 1 ədəd 480 manat dəyərində olan 585 əyarlı boyunbağı, 1 ədəd 130 manat dəyərində olan 585 əyarlı yarpaq formalı klonun naturada, bu mümkün olmadıqda isə Cavabdeh 10720 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın pozulması qeydə alınmışdır. İddiaçının qızıl-zinyət əşyaları cavabdehin yaşadığı ünvanında qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ona məxsus nişan üzüyünü cavabdehdən təhvil aldığına görə həmin hissəyə münasibət bildirilməməsini xahiş etdi. Həmçinin ekspertiza rəyində qeyd olunan məbləğə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ona məxsus nişan üzüyünü cavabdehdən təhvil aldığını bildirdi. Həmçinin iddiaçı evdən gedərkən iddiaçıya məxsus qızıl əşyalarının onda qaldığını, lakin həmin qızıl-zinət əşyalarının satdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması 104 nömrə ilə xx.xx.2023-cü ildə akt qeydləri kitabında qeyd edilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı aid olan qızıl-zinət əşyaları onun şəxsi istifadəsində olmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8008/2023 nömrəli ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən zərgərlik məmulatlarının hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4801 manat müəyyən edilmişdir. Belə ki, işin həqiqi halları, iddiaçının və cavabdehin verdiyi izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qızıl-zinət əşyalarının ona gəlin köçərkən hədiyyə şəklində verilməklə ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehdə qalmasını məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirmişdir. Lakin məhkəmə qeyd edir ki, qızıl-zinət əşyaları cavabdeh tərəfindən satıldığından və hazırda həmin əşyaların geri qaytarılması mümkün olmadığından iddia tələbi qismən təmin edilməklə onların dəyəri cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbini araşdıran məhkəmə aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçıya toy zamanı qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə evi tərk etmiş və bundan sonra bir daha evinə qayıtmamışdır. Sonradan onların ailə kimi bir yerdə yaşaması mümkün olmamış və aralarında olan nikah pozulmuşdur. Tələb olunan qızıl zinət əşyaları isə cavabdehə məxsus evdə qalmışdır. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsinə uyğun olaraq subuta yetirilmişdir. Həmçinin cavabdeh mübahisəli qızıl-zinət əşyalarının onda qalmasını, sonradan isə həmin əşyaların satılmasını məhkəmə iclasında etiraf etmişdir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) 27. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Mübahisəli qızıl-zinət əşyalarının qiymətləri ilə bağlı məhkəmə qeyd edir ki, əmlakların qiymətləri ekspert rəyi ilə müəyyən edilmişdir və qiymətlərin əksi barədə tərəflər məhkəməyə hər hansı rəy təqdim etməmişlər. Ona görə də məhkəmə qızıl-zinət əşyalarının qiymətləri barədə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və mülki işin məhkəmə tərəfindən yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına istinad edən məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini qəbul etdiyindən və tərəflər ekspert rəyi ilə razılaşdıqlarından, iddia qismən təmin edilməli, iddiaçının, mövcudluğunu və ona hədiyyə olunduğunu sübuta yetirə bildiyi, hazırki iddiası ilə tələb etdiyi qızıl-zinət əşyalarının (1 ədəd 750 əyarlı qızıl dəst (komplekt)-3575 manat, 1 ədəd 585 əyarlı Van Cleef model boyunbağı-213 manat, 1 ədəd Cahel model üzük və sırqalar-443 manat, 1 ədəd 585 əyarlı boyunbağı-442 manat, 1 ədəd 585 əyarlı yarpaq formalı klon-128 manat) dəyəri, yəni cəmi 4801 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 17.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 1 ədəd 750 əyarlı qızıl dəst (komplekt)-3575 manat, 1 ədəd 585 əyarlı Van Cleef model boyunbağı-213 manat, 1 ədəd Cahel model üzük və sırqalar-443 manat, 1 ədəd 585 əyarlı boyunbağı-442 manat, 1 ədəd 585 əyarlı yarpaq formalı klon-128 manat olmaqla, qızıl-zinət əşyalarının ümumi dəyəri olaraq 4801 (dörd min səkkiz yüz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar