Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3197/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı Əsədova (Həsənova) Jalə İlham qızının vəkili X7, Cavabdeh1 iştirakı ilə, İddiaçı Əsədova (Həsənova) Jalə İlham qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsənqulu qızına qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əsədova (Həsənova) Jalə İlham qızı cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 qızıl nişan üzüyünün (dəyəri 1.100 manat, çəkisi 7 qram, üzərində platin və brilliant qaşı olan), qızıl dəstinin (ümumi dəyəri 4.500 manat, 3,5 karat brilliant qaşlı, 15 qram çəkidə qızıl qolbağ, 10 qram çəkidə kulonla birlikdə qızıl sep, brilliant qaşlı 10 qram çəkidə bir cüt sırğa, brilliant qaşlı 5 qram çəkidə qızıl üzük), qızıl üzüyün (dəyəri 300 manat, fianit qaşlı), 2 ədəd yataq dəstinin (3.400 manat və 1.400 manat), mebel dəstinin (1.400 manat), divanın (650 manat), jurnal stolunun (170 manat), çıl-çırağın (550 manat), media firmasının istehsalı olan soyuducunun (dəyəri 850 manat), media firmasının istehsalı olan paltaryuyan maşınının (dəyəri 560 manat), media firmasının istehsalı olan kondisionerin (dəyəri 560 manat), stol və stullarla birlikdə mətbəx mebel dəstinin (dəyəri 1.600 manat) alınıb ona verilməsi, olmadıqda həmin əşyaların dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əsədova (Həsənova) Jalə İlham qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.20018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan 2019-cu ilin dekabr ayına kimi cavabdeh (qaynası) Cavabdeh2 Həsnağa qızı ilə bir evdə yaşamışlar. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdehlər daim evdə söz-söhbət yaratmış, dava-dalaş salmış, onu incitmiş və 2019-cu ilin dekabr ayında ona hədiyyə verilmiş qızıl-zinət əşyalarını ondan alaraq onu evdən qovmuşdular. Cavabdehlər onun cehiz əşyalarının da bir hissəsini qıraraq, yararsız hala salmışdılar. Hazırda cavabdehlər ona məxsus qızıl-zinət və cehiz əşyalarını qaytarmaqdan imtina edir. O, cavabdehlər tərəfindən evdən qovulan zaman evdə ona məxsus olan qızıldan qızıl nişan üzüyü (dəyəri 1.100 manat, çəkisi 7 qram, üzərində platin və brilliant qaşı olan), qızıl dəsti (ümumi dəyəri 4.500 manat, 3,5 karat brilliant qaşlı, 15 qram çəkidə qızıl qolbağ, 10 qram çəkidə kulonla birlikdə qızıl sep, brilliant qaşlı 10 qram çəkidə bir cüt sırğa, brilliant qaşlı 5 qram çəkidə qızıl üzük), qızıl üzük (dəyəri 300 manat, fianit qaşlı), 2 ədəd yataq dəsti (3.400 manat və 1.400 manat), mebel dəsti (1.400 manat), divan (650 manat), jurnal stolu (170 manat), çılçıraq (550 manat), media firmasının istehsalı olan soyuducu (dəyəri 850 manat), media firmasının istehsalı olan paltaryuyan maşını (dəyəri 560 manat), media firmasının istehsalı olan kondisioner (dəyəri 560 manat), stol və stullarla birlikdə mətbəx mebel dəsti (dəyəri 1.600 manat) qalmışdır. Həmin əşyalar hazırda da cavabdehlərin evindədir. Məhkəmə iclasında iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızının vəkili X10 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ona aid olmayan və ya ona hədiyyə edilməyən hər hansı bir əşyanı tələb etmir. Onun niyyəti cavabdehə maddi ziyan vurmaq deyil, özünə məxsus olan əmlakı cavabdehin qanunsuz sahibliyindən geri almaqdır. İddia üzrə tələb edilən qızıl zinət əşyalarından nişan üzüyü iddiaçının özündədir və iddia ərizəsi tərtib edilərkən texniki səhv nəticəsində tələb edilən əşayalar siyahısına daxil edilmişdir. İddiaçının bu barədə etirafı bir daha onu sübut edir ki, iddiaçı real olaraq ona məxsus olan, lakin cavabdehlərin evində saxlanılan əşyaları geri tələb edir. Əks halda, nişan üzüyü ilə bağlı hazırda belə bir mövqeydən çıxış etməzdi. Göstərilənlərin nəzərə alınmasını və nişan üzüyü istisna olmaqla iddia üzrə göstərilən bütün digər əşyaların cavabdehdən alınaraq, iddiaçıya verilməsi, onlar olmadıqda isə dəyərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia üzrə tələb edilən bütün cehiz əşyaları hər hansı formada zədələnməmiş və hazırda iddiaçının vaxtı ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şirvani küçəsi, 3 saylı evdədir. İddiaçı onların dəyərini də düzgün göstərmişdir. İddiaçı onları maneəsiz şəkildə istənilən vaxt gəlib götürə bilər. İddia üzrə tələb edilən qızıl dəsti, yəni qızıl qolbağ, kulonla birlikdə qızıl sep, bir cüt sırğa və qızıl üzük heç vaxt iddiaçıya hədiyyə edilməmişdir. Həmin qızıl-zinət əşyaları tanışlıqla və onun yaxın qohumunun xahişi ilə qızıl-zinət əşyaları satılan mərkəzdən bir günlük, yəni onların toy məclisində iddiaçı tərəfindən istifadə edilməsi üçün götürülərək, iddiaçının üzərinə taxılmış və toydan sonra növbəti gün qaytarılmışdır. Belə ki, onun iddiaçı üçün qızıl-zinət əşyalarının alınması üçün maddi imkanı olmamışdır. Həmin qızıl-zinət əşyalarının üzərində olan qaşlar briliant olmamış və onun dəyəri iddia da göstəriləndən xeyli aşağı olmuşdur. İddiaçının bütün bunlardan məlumatı olmuşdur. İddia üzrə tələb edilən qızıl nişan üzüyü və fianit qaşlı qızıl üzük həqiqətən də iddiaçıya hədiyyə verilmiş və həmin əşyalar hazırda iddiaçının özündədir. Belə ki, iddiaçı evi tərk edib gedəndə üzükləri də aparmışdır. Fianit qaşlı qızıl üzük isə Qərənfil deyil, onun bibisi Təranə adlı şəxs tərəfindən iddiaçıya hədiyyə verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən verilmiş izahata uyğun olaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Həsənqulu qızı məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o iddiaçının xalasıdır. 2018-2019-cu illərdə iddiaçının evinə qonaq gedən zaman iddiaçının üzərində qızıl-zinət əşyalarını görmüşdür. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində iddiaçının qohumu olduğunu bildirmiş və iddiaçının yanına gedəndə onun üzərində qızıl-zinət əşyalarının olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehin xalasının oğludur. Qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Cavabdeh1 qızıl-zinət əşyalarını onun vasitəçiliyi ilə bir günlük, yəni toy məclisində istifadə edilməsi üçün götürmüş və toyun səhəri günü qızılzinət əşyalarını gətirib ona təhvil vermişdir. Həmin əşyalar “Life Center” adlı ticarət mərkəzindən götürülmüş və qızıl dəstindən, yəni qızıl qolbağdan, kulonla birlikdə qızıl sepdən, bir cüt sırğadan və qızıl üzükdən ibarət idi. Həmin qızıl-zinət əşyalarının üzərində olan qaşlar briliant olmamış və onun dəyəri iddia da göstəriləndən xeyli aşağı olmuşdur. Məhkəmə tərəflərin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əsədova (Həsənova) Jalə İlham qızı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızı ünvan 1 ünvanına köçmüş və cavabdehlərlə birlikdə həmin evdə 2019-cu ilin dekabr ayına kimi yaşamışdır. İddiaçı bu evə köçərkən özünə məxsus olan əşyaları, o cümlədən dəyəri 3.400 manat və 1.400 manat olan 2 ədəd yataq dəstini, dəyəri 1.400 manat olan mebel dəstini, dəyəri 650 manat olan divanı, dəyəri 170 manat olan jurnal stolunu, dəyəri 550 manat olan çıl-çırağı, dəyəri 850 manat olan media firmasının istehsalı olan soyuducunu, dəyəri 560 manat olan media firmasının istehsalı olan paltaryuyan maşını, dəyəri 560 manat olan media firmasının istehsalı olan kondisioneri, dəyəri 1.600 manat olan stol və stullarla birlikdə mətbəx mebel dəstini orada yerləşdirmişdir. Hazırda həmin əşyaları tələb edir. Eyni zamanda, cavabdehlər tərəfindən ona qızıl nişan üzüyünün (dəyəri 1.100 manat, çəkisi 7 qram, üzərində platin və brilliant qaşı olan), qızıl dəstinin (ümumi dəyəri 4.500 manat olan 3,5 karat brilliant qaşlı, 15 qram çəkidə qızıl qolbağ, 10 qram çəkidə kulonla birlikdə qızıl sep, brilliant qaşlı 10 qram çəkidə bir cüt sırğa, brilliant qaşlı 5 qram çəkidə qızıl üzük), habelə cavabdehin bibisi olan Təranə adlı şəxs tərəfindən qızıl üzüyün (dəyəri 300 manat, fianit qaşlı) hədiyyə edildiyini vurğulayır və bütün bu əşyaların cavabdehdən alınaraq ona verilməsini, olmadıqda isə cavabdehlərdən onların dəyərinin tutulmasını tələb edir. Məhkəmə iclasında iddiaçı tərəf nişan üzüyünün onda olduğunu və texniki səhv nəticəsində iddia üzrə tələb edildiyini bildirir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahidlər iddiaçının yanına gedəndə həmin qızıl-zinət əşyalarını onun üzərində gördüklərini bildirlər. Cavabdeh1 iddia üzrə tələb edilən cehiz əşyalarının iddiaçıya məxsus olduğunu və onun tərəfindən gətirldiyini, həmin əşyaların hazırda onların yaşadığı evdə yerləşdiyini və iddiaçının onları maneəsiz şəkildə götürə biləcəyini bildirir. İddia üzrə tələb edilən qızıl dəstinin, yəni qızıl qolbağın, kulonla birlikdə qızıl sepin, bir cüt sırğanın və qızıl üzüyün həqiqətən də mövcud olduğunu, lakin həmin əşyaların üzərində olan qaşların briliant olmadığını və heç vaxt iddiaçıya hədiyyə edilmədiyini, toy məclisi ilə əlaqədar qohumunun vasitəçiliyi ilə 1 günlük götürüldüyünü, toy günü iddiaçının üzərinə taxıldığını və toydan sonra növbəti günü geri qaytarıldığını bildirir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid cavabdehin bu izahatına uyğun ifadə verir. Eyni zamanda, qızıl nişan üzüyün və fianit qaşlı qızıl üzüyün həqiqətən də iddiaçıya hədiyyə verildiyini və həmin əşyaların hazırda iddiaçının özündə olduğunu qeyd edir. İddiaçı tərəfin vəkili çıxışında iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verildiyini və toy məclisində iddiaçının üzərində olduğunu, bu halın fotoşəkillərlə sübuta yetdiyini, cavabdehin həmin əmlak üzərində birtərəfli qaydada sərəncam verməyinin mülki və ailə qanunvericiliyinin tələblərinə zidd olduğunu, bu əşyaların toydan sonra və yaxud toydan xeyli sonra iddiaçıdan alınmasının işin mahiyyətini dəyişmədiyini vurğulayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair). Bu baxımdan məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ardıcıllıqla iddiada göstərilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların iddiaçıya məxsus olduğunu, sonra isə bu əşyaların hazırda cavabdehlərin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının iddia üzrə tələb etdiyi bütün qızıl-zinət əşyalarının reallıqda mövcud olması öz təsdiqini tapır. Bu hal tərəflərin toy məclisində çəkilmiş fotoşəkillərlə sübuta yetir. Eyni zamanda, cavabdeh və onun tərəfindən iştirakı təmin edilmiş şahid də (qızıl dəsti hissəsində) bunu etiraf edir. Məhkəmə, mövcudluğu müəyyən edilmiş qızıl-niynət əşayalarının cavabdehə məxsus olması ilə bağlı belə qənaətə gəlir ki, iddiaçıya qızıl nişan üzüyü (dəyəri 1.100 manat, çəkisi 7 qram, üzərində platin və brilliant qaşı olan) cavabdeh tərəfindən, qızıl üzük (dəyəri 300 manat, üzərində fianit qaşı olan) isə cavabdehin bibisi Təranə adlı şəxs tərəfindən hədiyyə edilmiş və iddiaçı bu hədiyyələri qəbul etməklə onların mülkiyyətçisi olmuşdur. İddia üzrə tələb edilən qızıl dəsti (ümumi dəyəri 4.500 manat, 3,5 karat brilliant qaşlı, 15 qram çəkidə qızıl qolbağ, 10 qram çəkidə kulonla birlikdə qızıl sep, brilliant qaşlı 10 qram çəkidə bir cüt sırğa, brilliant qaşlı 5 qram çəkidə qızıl üzük) isə iddiaçıya hədiyyə qismində verilməmişdir. Həmin əşyaların toy məclisində iddiaçının üzərində olması onların iddiaçıya hədiyyə verilmiş və iddiaçının mülkiyyətində olan əmlak kimi qiymətləndirilməsi üçün kifayət deyil. Belə ki, bu əşyalardan iddiaçının istifadə etməsini təsdiq edən yeganə sübut toy məclisinin keçirildiyi gün çəkilmiş fotoşəkillərdir. Halbuki, tərəflər 1 il 6 aya yaxın müddət bir yerdə yaşamışlar və birlikdə müxtəlif tədbirlərdə, o cümlədən toy şənliklərində iştirak etmişdilər. Belə olan halda, bu tədbirlərdə qeyd edilən qızıl-zinət əşyaları iddiaçının üzərində olmalı və çəkilmiş foto şəkillərdə əks olunmalı idi. Lakin iddiaçı toy günü çəkilən şəkillərdən başqa üzərində bu qızıl-zinət əşyaları olan hər hansı başqa şəkil təqdim edə bilməmişdir. Başqa sözlə, bu əşyaların toydan sonra iddiaçıda olmasını təsdiq edən hər hansı sübut yoxdur. Bu da belə qənaətə gəlməyə imkan verir ki, həmin əşyalar Cavabdeh1 bildirdiyi kimi, iddiaçıya hədiyyə edilməmiş, bir günlük, yalnız toy məclisində iddiaçının istifadə etməsi üçün götürülmüş və sonradan qaytarılmışdır (məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid də məhz bu mövqeydən çıxış edir). Hüquqi nəticə etibarı ilə bu əşyalar iddiaçının mülkiyyətinə keçməmiş, iddiaçının onlara dair sərəncam vermək hüququ yaranmamışdır. İddiaçı sadəcə olaraq bu əşyalardan müvəqqəti olaraq, onları toy məclisində üzərində gəzdirməklə, istifadə etmişdir. Bu qaydada iddiaçı toy günü hər hansı digər şəxsə məxsus olan qızıl-zinət əşyasını da üzərində gəzdirə bilərdi və bu hal da fotoşəkillərdə öz əksini tapmış olardı. Lakin bu hal, onu həmin əşya üzərində mülkiyyət hüququnu yaratmış olmur. Nəzərə alınmalıdır ki, təcrübədə, belə hallara gəlinlik paltarı ilə bağlı tez-tez rast gəlinir. Belə ki, gəlinlik paltarı, bir qayda olaraq, bir günlük kirayə götürülür. Hazırki vəziyyətdə də qızıl dəsti də məhz bu qaydada bir günlük istifadə üçün götürülmüşdür. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, tərəflər arasında münasibətlər gərgin və prinsipialdır. Hər iki tərəfin məhkəmə iclasında iştirakını təmin etdiyi şahidlər də onların qohumu və yaxın münasibətdə olan şəxslərdir. Bu baxımdan onların ifadələri həqiqətdən çox, öz tərəflərinin mövqeyini əks etdirir. Bu səbəbdən məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Lakin eyni zamanda, qeyd edir ki, qızıl dəstinə münasibətdə iddiaçı tərəfin şahidlərinin ifadələri ilə müqayisədə iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X1 ifadəsi mövcud olan sübutlar baxımından daha çox reallığı əks etdirir. Bununla belə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi qızıl dəsti (qızıl qolbağ, kulonla birlikdə qızıl sep, bir cüt sırğa, qızıl üzük) iddiaçıya cavabdehlər tərəfindən hədiyyə verilməmiş və bu səbəbdən onun mülkiyyətini təşkil etmir. İddiaçı bu əmlakı cavabdehlərdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə dəyəri 1.100 manat, çəkisi 7 qram, üzərində platin və brilliant qaşı olan qızıl nişan üzüyünün və dəyəri 300 manat, üzərində fianit qaşı olan qızıl üzüyün hazırda cavabdehlərin qanunsuz istifadə və sahibliyində olması ilə bağlı qeyd edir ki, bu barədə tələb irəli sürməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında nişan üzüyünün özündə olduğunu bildirir. Lakin dəyəri 300 manat, üzərində fianit qaşı olan qızıl üzüyün birmənalı olaraq cavabdehlərdə olduğunu iddia edir. Cavabdeh1 həmin əşyanın onlarda olmadığını, cavabdehin bu əşyanı evdən gedəndə özü ilə apardığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qızıl üzük hazırda cavabdehlərin hər ikisinin qanunsuz istifadə və sahibliyindədir. Belə ki, cavabdehlər bir yerdə yaşayır, bu da həmin əşyaya onların hər ikisinin sahiblik etməsinə imkan yaradır. Digər tərəfdən bu əşyanın cavabdehlərin hər hansı birində olması qənaətinə gəldikdən sonra, digərində olmasının müəyyən edilməsi hüquqi baxımdan həmin əşyanın qaytarılmasını qeyri-mümkün edəcək və yenidən həmin cavabdehə qarşı iddianın qaldırılması zərurətini yaradacaqdır. Məhkəmə iddia tələbinin “cehiz əşyalarının qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh qeyd olunan əşyaların hazırda onların yaşadığı evdə olduğunu etiraf edir və onları təhvil verməyə etiraz etmir. Həmin əşyalar hər iki cavabdehin sərbəst və qanunsuz sahibliyindədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və iddiada göstərilən 2 ədəd yataq dəsti, mebel dəsti, divan, jurnal stolu, çıl-çıraq, media firmasının istehsalı olan soyuducu, media firmasının istehsalı olan paltaryuyan maşın, media firmasının istehsalı olan kondisioner, stol və stullarla birlikdə mətbəx mebel dəsti cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə onu da nəzərə alır ki, əmlakın, o cümlədən qızıl-zinət əşyasının cavabdehlərdən alınmalı olan zaman mövcud olmaması halı da istisna deyil və belə olan halda cavabdehlərdən bu əmlakın, o cümlədən qızıl-zinət əşyasının dəyəri alınmalıdır. Məhkəmə qaytarılmalı olan əşyaların dəyəri ilə bağlı qeyd edir ki, Cavabdeh1 cehiz əmlakının dəyərini, habelə qızıl üzüyün dəyərini və üzərində fianit qaşının olmasını mübahisələndirmir, nəticə etibarı ilə bu göstəricilərlə razılaşır. Bu səbəbdən məhz həmin göstəricilər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, üzərində fianit qaşı olan qızıl üzük (dəyəri 300 manat), habelə ünvan 1 ünvanında yerləşən 2 ədəd yataq dəsti (3.400 və 1.400 manat dəyərində), mebel dəsti (1.400 manat), divan (650 manat), jurnal stolu (170 manat), çıl-çıraq (550 manat), media firmasının istehsalı olan soyuducu (dəyəri 850 manat), media firmasının istehsalı olan paltaryuyan maşın (dəyəri 560 manat), media firmasının istehsalı olan kondisioner (dəyəri 560 manat), stol və stullarla birlikdə mətbəx mebel dəsti (dəyəri 1.600 manat), bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsənqulu qızından alınaraq iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızına verilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızına aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Üzərində fianit qaşı olan qızıl üzük (dəyəri 300 (üç yüz) manat), habelə ünvan 1 ünvanında yerləşən 2 ədəd yataq dəsti (3.400 (üç min dörd yüz) və 1.400 (bir min dörd yüz) manat dəyərində), mebel dəsti (1.400 (bir min dörd yüz) manat), divan (650 (altı yüz əlli) manat), jurnal stolu (170 (bir yüz yetmiş) manat), çıl-çıraq (550 (beş yüz əlli) manat), media firmasının istehsalı olan soyuducu (dəyəri 850 (səkkiz yüz əlli) manat), media firmasının istehsalı olan paltaryuyan maşın (dəyəri 560 (beş yüz altmış) manat), media firmasının istehsalı olan kondisioner (dəyəri 560 (beş yüz altmış) manat), stol və stullarla birlikdə mətbəx mebel dəsti (dəyəri 1.600 (bir min altı yüz) manat), bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsənqulu qızından müştərək qaydada alınaraq iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızına verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı Əsədova (Həsənova) Jalə İlham qızına aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3197/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3197/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver