Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3222/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X1 ilə birgə nikahından iki qızı doğulmuşdur. Onlardan biri hazırkı iş üzrə cavabdehdir. Artıq xeyli müddətdir ki, ailə münasibətləri pozulmuşdur. İddiaçı təqaüdçüdür. Səhhətində çox ciddi problemlər var. Aldığı təqaüd onun dolanacaq və digər xərclərinə yetərli deyil. Eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Aylıq dərmanlarını almağa pul vəsaiti yetərli deyildir. Həmçinin ev şəraitində qulluğa ehtiyacı var (paltarların yuyulması, yemək bişirilməsi və təmizlik işlərinin görülməsi). Qeydiyyatda olduğu həyat yoldaşından qalan mənzili qizları satdığından və digər qızı Arzunun mənzili olmadığından iddiaçı kirayədə yaşayır. Cavabdeh işləyir, maaş alır. Odur ki, ailə üzvü kimi iddiaçını saxlamağa kifayət qədər maddi imkanı var. Qeyd olunanlara əsasən iddiaçı cavabdehdən hər ay onun xeyrinə 500 manat məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, qızları 40 il yaşadığı evi sataraq onu küçədə qoymuş, obiri qızı ona pul versə də, hazırkı iş üzrə cavabdeh bir qəpik də olsa verməmişdir. Ona görə də hazırkı iddianı məhz qızı Mehribana qarşı irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı təqaüdçüdür və 328 manat təqaüd alır, cavabdehin isə ondan fərqli olaraq ümumiyyətlə hər hansı gəlir yeri yoxdur. Cavabdeh xəstədir və özünün maddi yardıma ehtiyacı var. Qızı isə anasına yardım etməkdənsə, hazırkı iş üzrə iddiaçıya kömək edir, iddiaçı onunla yaşayır. Cavabdeh dəfələrlə qızına qarşı aliment tələbi barədə məhkəməyə müraciət etmək istəsə də, utanıb bunu etməmişdir. Hal-hazırda cavabdehin əmək qabiliyyətinin olmamasına dair hər hansı sübut mövcud deyil. Belə ki, bunun üçün cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçməlidir, onun isə buna nə imkanı, nə də ki, vaxtı yoxdur. Eyni zamanda cavabdehin kifayət qədər borc öhdəlikləri mövcuddur və həmin öhdəlikləri belə icra edə bilmir. Qeyd olunanlara əsasən iddia ərizəsi rədd edilməlidir. Belə ki, buna zəruri maddi imkanları olmayan cavabdehdən maddi imkanı olan anasının saxlanılması üçün aliment tutula bilməz. İddiaçı dövlətdən pensiya alır və ehtiyacları həmin pensiya ilə təmin edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 327,22 manat məbləğində yaşa görə pensiya alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında kirayəçi olaraq yaşayır və hər ay 200 manat kirayə haqqı ödəyir. İş materiallarında olan 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ... heç bir növdə sosial müavinət, Prezident təqaüdü, əmək pensiyası, ünvanlı dövlət sosial yardımı almır ... onun heç bir əmək müqaviləsi aşkar edilməmişdir. Bununla yanaşı hər iki tərəf məhkəməyə tibbi reseptlər və s. təqdim etmiş və bununla da müxtəlif xəstəliklərinin mövcudluğunu və müalicəyə ehtiyaclarının olmasını əsaslandırmağa çalışmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Ailə Məcəlləsinin 82.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmış övladdan alimentin tutulmasını övladın əmək qabiliyyətinin olması, valideynin əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması ilə şərtləndirmişdir. Maddənin məzmunundan bu kontekstdə övladın maddi imkanlarının hansı səviyyədə olmasının hər hansı əhəmiyyət kəsb etdiyi görünmür. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı təqaüdçüdür, cavabdeh onun əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladıdır. Mübahisəli məqam iddiaçının maddi yardıma ehtiyacı olub-olmamasıdır. Buna münasibətdə qeyd etməyi zəruri hesab edirəm ki, 73 yaşlı iddiaçının kirayədə yaşayıb, hər ay 200 manat kirayə haqqı ödəməsi nəzərə alınarsa, onun 327,22 manat məbləğində yaşa görə pensiya alması onun maddi yardıma ehtiyacı olmamasına dəlalət etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə pensiyaçılar üçün 199 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına 18 mart 2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə iddiaçının iki yetkinlik yaşına çatmış əmək qabiliyyəti olan övladının olmasını və 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 99,50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 99,50 (doxsan doqquz manat əlli qəpik) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 31,94 (otuz bir manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3222/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3222/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver