Məhkəmə qərarları › İş №2(001)-3243/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3243/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3243/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 05.10.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 20.10.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh xeyli müddətdir ailəni dolandırmır, birgə nikahlarından olan uşağın saxlanması üçün maddi kömək göstərmir. Onu və uşağını uzun müddətdir ki, onun valideynləri saxlayırlar. O, 3-cü qrup əlildir və əlilliyə görə 110 manat müavinət alır. Dəfələrlə ona və uşağının saxlanmasına maddi və mənəvi dəstək olmasını cavabdehə bildirsə də, cavabdeh ailənin saxlanması üçün ona maddi yardım göstərməkdən yayınır. Cavabdeh fərdi qaydada usta işləməklə dəyişkən qazanca malikdir. Ona görə də 20.10.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi D.T.Həsənova iddia ərizəsini müdafiə edərək İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə 05.10.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 20.10.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. O, 2010-cu ildən Kontinent MMC-də işləməklə aylıq əmək haqqı 500 manat təşkil edir. Bundan başqa 3-cü qrup əlil kimi o, da 110 manat müavinat alır. Pandemiya ilə bağlı iş yerini itirə biləcəyindən o, birgə nikahlarından olan uşağın saxlanması üçün hər ay 110 manat aliment ödəməyə razıdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.10.2013-cü il tarixli AZ-İ № 902560 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı 05.10.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1999 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Həsənova soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.01.2017-ci il tarixli AZ - İİİ № 888150 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2 20.10.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 291 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı 3-cü qrup əlil olmaqla əlilliyə görə 110 manat müavinət alır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 3-cü qrup əlil olmaqla əlilliyə görə 110 manat müavinət alır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından 20.10.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. 15.03.2021-ci il tarixdən hesablanmaqla 20.10.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar