Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3259/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 787/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının anası Cavabdeh yanında qalması və xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla- Vivien Orhan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
2. İddiaçı “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-787/2020 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır və Almaniya Federativ Respublikasında oturum izni vardır. Rəsmi nikahımızdan xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı adlı uşağımızla birlikdə Almaniya Federativ Respublikasına gedir, özünün psixoloji durumu ilə əlaqədar müraciətlər edir və Almaniya Federativ Respublikasının müvafiq qurumları onun səhhətində yaranmış pozuntularla əlaqədar rəsmi nikahımızdan xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı adlı uşağımızı Cavabdeh alaraq dövlət himayəsinə götürür. Almaniya Respublikasının Bilefeld məhkəməsi məndən aliment tələb edir və buna nail olaraq rəsmi nikahımızdan xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı adlı uşağımızın saxlanılması üçün məndən hər ay 177 AVRO məbləğində aliment tutulmasını təmin edir. Cavabdeh çox məharətlə bu fürsətdən istifadə etmişdir. Məndən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-787/2020 saylı qətnaməsi üzrə Almaniya Federativ Respublikasının müvafiq qurumunun (qəyyumluq və himayəçilik) himayəsində olan uşaq üçün aliment alaraq şəxsi ehtiyacları üçün istifadə edir. Eyni zamanda Almaniya Respublikasının Bilefeld məhkəməsinin qərarı ilə məndən rəsmi nikahımızdan xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı adlı uşağımızın saxlanılması üçün aliment aliment fonduna köçürülür. Göründüyü kimi mən aliment öhdəliyindən azad edilməliyəm və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-787/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment ləğv edilməlidir.
Cavabdehin etirazları:
4. Cavabdeh iddia ərizəsi ilə bağlı etirazını məhkəməyə təqdim etməmişdir.
Tərəflərin izahatları:
5. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddianı müdafiə etdiyini və tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili izahatında eyni zamanda bildirdi ki, Almaniya Federativ Respublikasında qəbul edilmiş qətnamə ilə iddiaçıdan aliment tutulur, lakin iddiaçıdan aliment tutulmasına dair onda hər hansı bir sübut yoxdur, eləcə də 2022-ci il tarixində Almaniya dövlətinin sosial idarəsi ilə aparılan yazışmalarla bağlı tələb edilən sənədlərin təqdim edilib-edilməməsindən məlumatsızdı. Əlavə olaraq nümayəndə bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə iddiaçı tərəfindən aliment ödənişi həyata keçirilmir və qətnamə qəbul edildiyi tarixdən bu günədək həmin qətnamə icra edilmir. İddiaçı Almaniya Federativ Respublikasında yaşayır.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-787/2020 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının anası Cavabdeh yanında qalması və xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Bilefeld şəhər Bələdiyyəsinin Sosial Xidmətlər üzrə idarəsi tərəfindən iddiaçıya məktub göndərilmiş və həmin məktubla iddiaçıdan gələcəkdə tələb olunacaq alimentin məbləğini müəyyən etmək üçün xx.xx.2022-ci il tarixinədək ondan müəyyən sənədlərin idarəyə təqdim edilməsi xahiş edilmişdir.
9. İş materiallarında olan Almaniya Federativ Respublikasının Bilefeld rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından (qərar xx.xx.2025-ci il tarixində qüvvəyə minib) müəyyən edilir ki, uşağın maraqları və mənafeyi pozulduğu üçün Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı ilə ünsiyyəti 6 ay müddətinə istisna edilmiş və bu müddət xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir.
10. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə əlaqədar mediasiya sessiyasının keçirilməsi baş tutmamışdır.
11. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2020-ci il tarixli, 338 nömrəli akt qeydi ilə pozulmuşdur.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - Maddə 79.2. Valideyn himayəsindən məhrum olmuş və sosial xidmət müəssisələrində yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. - Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
15. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə proseslərində verdiyi izahatları, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.
18. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqları saxlamaq valideynlərin borcudur. Bu qətnamənin 12-15-ci bəndlərində istinad edilmiş milli və beynəlxalq hüquq normalarının imperativ tələblərindən də müəyyən edilir ki, uşaqların qayğısına qalmaq valideynlərin vəzifəsi olub, onların saxlanılması üçün aliment ya tərəflərin razılaşması ilə, ya da məhkəmə qaydasında müəyyən edilir. Hazırki situasiyada iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının saxlanılması üçün aliment Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində İddiaçı tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin öhdəliyə xitam verilməsini məhkəmədən xahiş edir və bu tələbi üç arqumentlə əsaslandırır: 1. Birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının cavabdehin himayəsindən alınaraq Almaniya Federativ Respublikasında müvafiq qurumun himayəsinə verilməsi; 2. Birgə nikahlarından doğulmuş qızlarının saxlanılması üçün Almaniya Federativ Respublikasının Bilefeld məhkəməsinin qətnaməsi ilə ondan 177 AVRO məbləğində alimentin tutulması və həmin məbləğin aliment fonduna ödənilməsi və 3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan aliment məbləğini cavabdehin alaraq şəxsi ehtiyacları üçün istifadə etməsi.
19. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi arqumentlərə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Almaniya Federativ Respublikasının Bilefeld rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, qərar iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızı Cavabdeh himayəsindən alınması ilə deyil, uşağın maraqları və mənafeyi pozulduğu üçün ananın uşaqla ünsiyyətinin 6 ay müddətinə istisna edilməsi və bu müddətin xx.xx.2025-ci il tarixinədək müəyyən edilməsi ilə bağlıdır. Sözügedən məhkəmə qərarında cavabdehin birgə nikahlarından doğulmuş uşaqlarını müvafiq quruma verilməsinin səbəbləri qismində iddiaçının qeyd etdiklərindən tamamilə fərqli əsaslar göstərilmiş, ünsiyyət hüququnun məhdudlaşdırılmasının əsası kimi isə cavabdeh ananın uşağa psixoloji təsir göstərməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü birinci arqument öz təsdiqini tapmadığı üçün əsassızdır.
20. İddiaçının tələbini əsaslandırmaq üçün irəli sürdüyü ikinci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Bilefeld məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında hazırki iş üzrə iddiaçıdan hər hansı alimentin tutulması ilə bağlı qərar qəbul edilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 177 AVRO alimentlə bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçıya Bilefeld şəhər Bələdiyyəsinin Sosial xidmətlər idarəsi tərəfindən məktub ünvanlanmış və həmin məktubda iddiaçından gələcəkdə tələb olunacaq alimentin məbləğini müəyyən etmək üçün həmin idarəyə xx.xx.2022-ci il tarixinədək işsizlik müavinətinin və ya dolanışığının təmin edildiyi gəlirə dair sübutları təqdim etmək təklif edilmişdir. Həmin məktubda alimentin ilkin hissəsinin ödənişinin hazırda 177 AVRO təşkil etdiyi vurğulanmışdır. Lakin, həmin məktubda iddiaçı tərəfindən alimentin ödənildiyini təsdiq edən hər hansı qeyd öz əksini tapmamış, iddiaçının nümayəndəsi və vəkili isə məhkəmə iclaslarında verdiyi izahatlarında həmin məbləğdə alimentin ödənilməsinə dair onda sübut olmadığını bildirmişdir. Eləcə də, iddiaçının nümayəndəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq xx.xx.2022-ci il tarixinədək iddiaçı tərəfindən məktubla tələb edilən sənədlərin təqdim edilib-edilməməsi barədə məlumatının olmadığını bildirmiş və beləliklə də bu halı da təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə bu hala münasibətdə də qeyd edir ki, iddiaçının bu arqumenti də işdə olan sübutlarla öz təsdiqini tapmadığından formal xarakter daşıyır və əsassızdır.
21. İddiaçının sonuncu arqumentinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmədə verilən izahat zamanı qeyd etdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin aliment tələbi ilə bağlı qətnaməsi qətnamə qəbul edildiyi gündən bu günədək icra edilməmiş və alimentlə bağlı hər hansı ödəniş iddiaçı tərəfindən həyata keçirilməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-787/2020 saylı qətnaməsi üzrə Almaniya Federativ Respublikasının müvafiq qurumunun (qəyyumluq və himayəçilik) himayəsində olan uşaq üçün aliment alaraq şəxsi ehtiyacları üçün istifadə etməsinə dair iddiaçının gətirdiyi arqumentin də əsassızlığı öz təsdiqini tapır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesində etiraf etmişdir ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin qətnaməsi üzrə hər hansı aliment ödənişi həyata keçirmir və o, almaniyada yaşayır. Belə olduğu halda hansı alimentin cavabdeh tərəfindən alınaraq şəxsi ehtiyacları üçün istifadə etdiyi aydın deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının bu arqumenti də tamamilə əsassızdır.
22. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulan alimentin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsi 5 hal müəyyən etmişdir ki, indiki halda o halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçının cavabdehlə birgə nikahlarından olan övladlarının himayədar ailəyə verilməsi və anası ilə ünsiyyət hüququnun qısa müddətə məhdudlaşdırılması da milli qanunvericiliklə müəyyən edilmiş 5 haldan heç birinə uyğun gəlmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə qətnaməsi ilə aliment ödənilən uşaq övladlığa götürüldükdə alimentin ödənilməsinə xitam verilə bilər ki, indiki halda iş materiallarından iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü İsgəndərova Leyla-Vivien Orhan qızının övladlığa götürülməsinə dair hər hansı bir hal müəyyən edilmir.
23. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli, qərəzsiz və obyektiv şəkildə araşdıraraq və onları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 317-321, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev