Məhkəmə qərarları › İş №2(001)-3275/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3275/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3275/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat dəyərində olan qızıl-zinət əşyalarının və cehiz əmlakının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Lakin sonradan kənar müdaxilələr nəticəsində ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də cavabdeh tərəf nikahın pozulmasına dair məhkəmədə iddia qaldırıb. İddiaçının hamiləliklə bağlı səhhətində yaranmış problemlərə görə ona qulluq etmək üçün cavabdeh və atası xx.xx.2024-cü il tarixdə iddiaçını valideynlərinin yanına Xaçmaz rayonuna aparmışlar. Lakin xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya mesaj yazaraq ondan ayrılmaq istədiyini və uşağı tələf etməyi tələb etmişdir. Lakin iddiaçı ayrılmağı qəbul etsə də uşağı tələf etməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı öz qızıl-zinət və cehiz əmlakını götürmək üçün cavabdehin evinə getmişdir. Cavabdeh tərəf isə cehiz əmlaklarını məhkəmədə qaytaracaqlarını, qızıl-zinət əşyalarının isə əvvəl olmadığını, daha sonra isə onları da məhkəmə iclasında verəcəklərini bildirmişlər. Hətta buna dair səs yazısı mövcuddur. Cavabdeh tərəf könüllü olaraq iddiaçıya məxsus əşyaları qaytarmadığına görə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək məhkəmə prosesləri gedən zaman cavabdeh tərəfindən cehiz əmlaklarının qaytarıldığını, lakin qızıl-zinət əşyalarını vermədiklərini bildirirək, iddianın yalnız qızıl-zinət əşyaları tələbi üzrə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etdi.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyalarının, qızıl-zinət əşyaları verilməzsə onların dəyəri olan 2500 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etmədiyini, qızıl-zinət əşyalarının cavabdeh tərəfdə olmadığını, iddiaçının evi tərk edərkən özü ilə apardığını bildirmişdir.

Mülki işin materialları:

6. Nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə Vəliyeva (Məmmədli) Aysel Musa qızı ilə xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olmuşlar.

7. İddiaçı tərəfindən təqdim edilmiş edilmiş fotoşəkildən iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının üzərində olan qiymət kağızlarından görünür ki, onların ümumi dəyəri 2350 manatdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı aid olan qızıl-zinət əşyalar ona hədiyyə olunmuş və onun şəxsi istifadəsində olmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

11. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

13. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

19. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, işin həqiqi halları, iddiaçı və cavabdeh tərəfin verdiyi izahatları, cd diskdə olan görüntülərlə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, toy (xınayaxdı) zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuş, sonradan tərəflərin münasibəti pisləşmiş, cehiz əmlakları qaytarılsa da iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları ona qaytarılmamışdır.

22. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qızıl-zinət əşyalarının gəlin köçərkən hədiyyə şəklində verilməklə ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehdə qalmasını məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla (cd disk) sübuta yetirmişdir. Məhkəmə qeyd edir ki, qızılzinət əşyaları mövcud olmadıqda onların dəyəri cavadehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

24. İş materiallarından görünür ki, iddiaçıya toy (xınayaxdı) zamanı qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı cehiz əmlakını götürərkən, qızıl-zinət əşyalarını ona məhkəmə iclasından sonra qaytarılacağı bildirilmişdir.

25. Bundan başqa məhkəmə iclasında iddiaçı bildirdi ki, hamiləliklə əlaqədar ona qulluq göstərilməsi üçün cavabdeh onu valideynlərinin yanına aparmış, onun ümumiyyətlə boşanmaq niyyəti olmamışdır. Qeyd edilən qızıllar isə gündəlilk istifadə olunmadığı üçün evdə qalmışdır. O, valideynlərinin evində olarkən isə cavabdeh ona boşanmaq istədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfin iddiaçının tələb olunan qızıl-zinət əşyalarını gedərkən özü ilə aparmasını inandıırıcı hesab etmir.

26. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə uyğun olaraq subuta yetirilmişdir.

27. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) 27. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

28. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və mülki işin məhkəmə tərəfindən yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına istinad edən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları İddiaçı gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız onun əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır.

29. Məhkəmə iş materiallarına əlavə edilmiş fotoşəkildən və cd diskdə olan toy görüntülərini sübut kimi qiymətləndirərək qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 2350 manatdır. Odur ki, İddiaçı iddia tələbi təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyərinin 2500 manat olduğunu qeyd etsə də bu, iş materialları ilə qismən, yəni 2350 manat hissədə təsdiq olunur. Ona görə də iddia qismən təmin edilməlidir.

31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mövcudluğunu və ona hədiyyə olunduğunu sübuta yetirə bildiyi, hazırki iddiası ilə tələb etdiyi qızıl-zinət əşyaları (qızıl komplekt – sırğa, boyunbağı, kulon, üzük, qolbaq) Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri 2350 manat olan pul vəsaiti tələb üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh iddiaçıya hədiyyə olunmuş qızıl komplekt – sırğa, boyunbağı, kulon, üzük, qolbaq alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri olan 2350 (iki min üç yüz əlli) manat olan pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar