Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-329/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən ünvan 1 ünvanında tikilmiş evə çəkilmiş 60000 manat pulun 1/2 hissəsinin, yəni 30000 manat və ümumilikdə ödənilmiş 250 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə ünvan 1 ünvanında ev tikilmişdir. Hesab edir ki, həmin evə dair çəkilmiş 60000 manat xərcin 1/2 hissəsi yəni 30000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini müdafiə edir və iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbini azaltmaqla, cavabdehdən evin tikintisinə dair çəkilmiş xərcin ½ hissəsini, yəni 30000 manat pulun tutulmasını xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, birgə nikah dövründə ünvan 2 ünvanında ev tikilmişdir. Həmin evi tərəflər bir yerdə tikmişlər. Belə ki, iddiaçı bankdan kredit götürərək cavabdehlə birgə evin tikilişinə pul qoymuşdur və evi tərəflər sıfırdan tikmişlər. Bundan əlavə evin sənədinin olmadığı, torpaq sahəsinin cavabdehin atasının adına olduğunu, iddiaçının həmin dövrdə bankda işlədiyini bildirmişdir. Bundan əlavə vəkil bildirmişdir ki, tələb edilən məbləğ evin bu günki real qiymətinə mütənasib olaraq müəyyən edilmişdir. Yəni qoyulan xərc az ola bilər, lakin evin hazırki qiyməti fərqlidir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onlar nikaha daxil olduqları vaxtdan 8 il öz anasının evində yaşamış, sonradan bu evi tikib başa çatdırmaq qərarı almışlar. Hansı ki, ona qədər cavabdehin valideynləri tərəfindən yalnız evin fundamenti(himi) tikilmiş, o, gəldikdən sonra isə ev kərpiclə qaldırılmış, damı, şiferi, pəncərələri qoyulmuş, içinin təmir işləri görülmüş, kombisi, mebeli alınmışdır. Buna görə o bankdan 40000 manat məbləğində kredit götürmüş, krediti də özü qaytarmışdır. Belə ki, o, 2007-2018-ci illər ərzində bankda baş mütəxəssis, mühasib vəzifələrində işləmişdir. Cavabdeh isə evin saxlanmasını təmin etmişdir. Cavabdehin o qədər kredit götürülmədiyi ilə bağlı etirazı əsassızdır. Çünki dolların məzənnəsinin 0.78 manat olduğu vaxtda o bankdan 50000 abş dolları götürmüşdür. 5600 manat kredit hesabına şifer qoyulub, evin qaldırılmasına 2500 manat pul xərclənilib.
6. İcraatın ayrılmasına qədər olan məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, evin tikintisinə 30000 manat xərcləri çıxmışdır. 2009-cu ildə anası vəfat etmiş, anası vəfat edənə qədər onun ailəsi evin 1 mərtəbəsini artıq tikmişdir. Evin pəncərələri, damı(şiferi) qoyulmuş, çöldən suvağı vurulmuşdu. 2013-cü ildə isə birgə nikah dövründə götürülən kredit hesabına evin daxili təmir edilmiş, mebel və.s alınmışdır. Bundan başqa iddiaçı kreditlərin məhz evin təmirinə xərclədiyini sübut etməlidir. Hansı ki, onlar həmin ərəfədə səyahətlərə də götürdükləri kredit hesabına getmişlər. Ev ümumi 100 kv.m-dir, həyətin quruluşu düzgün olmadığı üçün demək olar ki, əlavə torpaq sahəsi qalmayıbdır. Onların qonşuluğunda atası yaşayış, atasının evinin giriş-çıxışı fərqlidir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin mübahisəsiz və mübahisələndirilən halları:
9. İşin mübahisəsiz hallarına aiddir: Cavabdeh ilə İddiaçı Səməd qızı xx.xx.2005-ci il tarixində nikah bağlanmış, bu nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-238/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Tərəflər birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmişlər. Həmin evin hər hansı hüquq müəyyənedici sənədi yoxdur və ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
10. İşin mübahisələndirilən halları: fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsaitin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, evin tikintisinə 60000 manat məbləğində pul xərclənib. Cavabdeh isə icraatın ayrılmasına qədər olan məhkəmə iclaslarında bildirmişdir ki, evin tikintisinə 30000 manat məbləğində pul xərclənib.
11. Məhkəmə tərəfindən mübahisənin həlli üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3846/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardad icra edilmədiyindən yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4505/2024 saylı qərardadı ilə icra edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Sonuncu dəfə tərəflərin tədqiqat obyektinə baxışda iştirak etməmələri səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
12. Daha sonra İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə "xxxx" MMC-dən mütəxəssis rəyi tələb edilmiş, lakin məhkəmə qərardadı yenə də, icra edilmədən məhkəməyə geri qaytarılmışdır.
13. Belə ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixində verilən məlumatda göstərilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3846/2023 saylı qərardadının icrası ilə əlaqədar tərəflərlə telefon vasitəsilə əlaqə saxlanılmış, İddiaçı qiymətləndirmə obyektinə baxış üçün cavabdeh X3 ilə əlaqə saxlanılmalı olduğunu bildirmişdir. Bu səbəbdən cavabdehlə telefon (077-433-2714-70) vasitəsilə dəfələrlə əlaqə saxlanılmış, lakin o, telefon zənglərinə cavab verməmişdir. Bundan sonra yenidən iddiaçının nümayəndəsi ilə əlaqə saxlanılmış və o, bildirmişdir ki, cavabdehlə özləri əlaqə saxlaya bilmirlər və ehtimal edirlər ki, o, baxış keçirtməyə şərait yaratmayacaqdır. Göstərilən səbəbdən əmlaka baxış keçirilib, qərardadın icrasını təmin etmək mümkün olmamışdır.
14. İddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 250 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırma:
15. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirirək, o qənaətə gəlir ki, iddia təmin edilməlidir.
16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə işin müəyyən edilmiş faktiki halları baxımından o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını ər-arvadın ümumi əmlakının bölünməsi təşkil edir.
18. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mülki dövriyyənin predmeti olmasa da, lakin o, iqtisadi dəyər kimi mövcuddur. Həmçinin cavabdeh özü də, əmlaka dair tikinti işlərinin birgə nikah dövründə aparıldığını etiraf etmişdir.
19. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
20. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə tikilmiş və faktiki olaraq cavabdehin sahibliyində olan əmlakın dəyərinə münasibətdə pay tələb etməkdə haqlıdır. Belə ki, ər arvadın birgə nikah dövründə inşa etdikləri və iqtisadi dəyərə malik olan əmlakları onların ümumi əmlakını təşkil edir. Buna görə də, iddiaçının əmlakın dəyərinə münasibətdə payı bərabər qaydada müəyyən edilməlidir.
21. Əmlakın qiymətinə münasibətdə isə məhkəmə aşağıdakı hüquqi dəyərləndirmə aparmışdır.
22. Əmlakın tikintisinə sərf olunmuş vəsaitin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, mübahisənin obyektiv həlli üçün, məhkəmə əmtəəşünaslıq və tikint-texniki ekspertizasının keçirilməsi qərara alınmış, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəmadi olaraq (ilk olaraq xx.xx.2023-cü il tarixində, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində) tədqiqat obyektinə baxış keçirilməsi üçün tərəflərin iştirak etməməsi səbəbindən qərardadın icrası mümkünsüz hesab edilmişdir. Sonuncu dəfə isə iş üzrə mütəxəssisdən yazılı rəy tələb edilmiş və yenə də cavabdehlə əlaqə saxlanılması və əmlaka baxış keçirilməsinin mümkünsüz olması səbəbindən məhkəmə qərardadının icrası təmin edilməmişdir. Halbu ki, cavabdeh məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 97.5-ci maddəsinin tələbləri barədə xəbərdar edilmişdir.
23. Odur ki, məhkəmə cavabdehin ekspertiza tədqiqatından yayınmaqda qərəzli mövqedən çıxış etməsini nəzərə alaraq, o qənaətə gəlir ki, mübahisənin həlli üçün ekspertiza tədqiqatının nəticələri vacib sübut əhəmiyyəti daşımasına baxmayaraq, cavabdehin təyin edilmiş ekspertiza tədqiqatında iştirak etməməsi, ekspertiza keçirilməsinə mane kimi qiymətləndirilməli və ekspertiza təyin edilən fakt təsdiq olunmalı, fərdi yaşayış evini tikintisinə sərf edilmiş vəsaitin miqdarı 60000 manat olaraq müəyyən edilməlidir. Tətbiq olunan maddi normalar:
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
25. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
26. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
27. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
28. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
29. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir;
30. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;
31. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
32. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər;
35. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər;
36. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
37. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
38. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir.
39. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli № 1/2024 saylı qərarında göstərilir:
40. 1.1.Ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ərarvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr).
41. 3.1.Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
42. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
43. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
44. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Tətbiq edilən prosessual normalar:
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
47. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
48. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
49. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
50. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
51. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
53. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
54. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
55. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə inşa etdikləri ünvan 1 ünvanında tikilmiş fərdi yaşayış evinin inventar qiymətinin ½ hissəsinin əvəzi, yəni 30000 manat məbləğində pul vəsaiti və 250 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir
56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Tərəflərin birgə nikah dövründə inşa etdikləri ünvan 1 ünvanında tikilmiş fərdi yaşayış evinin inventar qiymətinin ½ (ikidə bir) hissəsinin əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev