Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3326/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. "Butik N1" X1 (lombarddan) qızıl-ziynət əşyaları qoyulmaq şərti ilə pul məbləği götürmüşdür. Cavabdehlə uşaqlarının saxlanması üçün nəzərdə tutulan aliment məbləğini lombarda ödəmək barədə şifahi razılığa gəlmişlər. Daha sonra cavabdeh aralarında olan razılaşmanı pozmuş və nəticədə ona 6.000 manat borcu yaranmışdır. Bununla əlaqədar olaraq fiziki şəxs X6 ödənişlərin kim tərəfindən aparılması barədə məlumat əldə etmək üçün vəkil sorğusu göndərilmiş və cavab olaraq ödənişlərin onun tərəfindən edilməsi müəyyən olmuşdur. Əlavə olaraq o, cavabdehlə yəni keçmiş həyat yoldaşı ilə 2019-cu ilin sentyabr ayında boşanmışlar. O, lombarda cavabdehin borcunu ödəyəndə cavabdeh ona bildirmişdir ki, borcu alimentin əvəzinə ödəyir. Lakin daha sonra cavabdeh aliment borcuna görə onu məhkəməyə vermişdir. O, 2021-ci ilin fevral ayında aliment borcu kimi 9.000 manat cavabdehə pul ödəmişdir. Cavabdeh borcu lombarddan təxminən 2019-cu ilin yay aylarında götürmüşdür. O, cavabdehlə 2019-cu ilin mart ayından ayrı yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən 2019-cu ilin əvvəlində hazırki iş üzrə İddiaçı qarşı nikahın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, Cavabdeh 22 iyun 2019-cu il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 16 iyun 2019-cu il tarixdə əri tərəfindən döyüldüyünü bildirmiş, araşdırma aparıldıqdan sonra 06 iyul 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçıya qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, iş məhkəmənin icraatında olan zaman tərəflər arasında barışıq sazişi imzalanmış və məhkəmənin 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə elə həmin tarixli barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən iddiaçı öhdəlik götürmüşdür ki, bir il ərzində iki otaqlı mənzil alaraq birgə nikahdan dünyaya gəlmiş Elşad Tağızadənin adına rəsmiləşdirərək Cavabdeh təhvil veriləcək və gələcəkdə evə dair heç bir iddiası olmayacaq. Mənzil təhvil verilənədək birgə nikahdan doğulmuş övladları Elşad Tağızadənin normal mənzil şəraitində yaşaması üçün noyabr ayından etibarən hər ay 700 manat pul vəsaitinin ödənilməsini İddiaçı öhdəlik götürmüşdür. Bundan başqa cavabdeh birgə nikahdan dünyaya gəlmiş 13 fevral 2017-ci il təvəllüdlü X4 iddiaçıya göstərmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5886/2019 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bundan başqa 03 noyabr 2019-cu il tarixdə iddiaçı atası Tağızadə Elşaddan 6.000 manat borc alaraq 04 noyabr 2019-cu il tarixdə Cavabdeh “Butik- N1" lombarda olan 6.000 manat borcunu ödəmişdir. İddiaçı lombarda olan 6.000 manat borcu bu məqsədlə ödəmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı, 31.10.2019-cu il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən hər ay ödəməli olduğu 700 manat pul vəsaitini həmin 6000 manat məbləği ilə əvəzləşdirsin. 6000 manat pul vəsaitinin İddiaçı tərəfindən lombarda ödənilməsi "Butik- N1" lombardın sahibi X7 tərəfindən vəkil sorğusuna verilmiş cavabda öz təsdiqini tapır. Sonradan Cavabdeh tərəfindən Binəqədi rayon İcra və Probasiya Şöbəsinə müraciət olunaraq İddiaçı aylıq 700 manatdan heç bir ödəniş etmədiyi bildirilmiş, icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən təqdimat təmin edilərək İddiaçı 8 sutka inzibati qaydada həbs olunmuşdur. İddiaçı həbs müddəti başa çatdıqdan sonra 04 mart 2021-ci il tarixdə yaranmış 9.000 manat borcu Beynəlxalq Bank vasitəsi ilə Cavabdeh (Kamallı) hesabına ödəmişdir. Belə olan vəziyyətdə, yəni 6000 manat pul vəsaiti əvəzləşdirilmədiyi üçün, üstəlik də əlavə olaraq İddiaçı məcburi qaydada 9000 manat ödənildiyindən həmin 6000 manatın cavabdehdən alınaraq İddiaçı geri qaytarılması zərurəti yaranmışdır. İddiaçı 6.000 manat məbləğində ödənişi ona görə lombarda ödəmişdir ki, cavabdehin əşyaları lombard tərəfindən satılmasın. Həmin məbləğ cavabdehə hədiyyə olunmamışdır və cavabdehdə bununla bağlı sübut yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdəfiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcu 2019-cu ilin oktyabr və noyabr aylarında ödəmişdir. Lombarda borcu ödədiyi zaman cavabdehlə aralarında şifahi danışıq olmuşdur. Borc barışıq sazişi bağlandıqdan sonra ödənilmişdir. O, cavabdehə 500 manat məbləğində aliment ödəyirdi, qalan 200 manatı isə lombarda ödədiyi pul ilə əvəz olunacaqdı. Lombarda ödədiyi borcun alimentin əvəzi olaraq ödəməyinə dair yazılı hər hansı sübutu və ya müqaviləsi yoxdur, yalnız cavabdehlə aralarında şifahi danışıqlar və “whatsapp” yazışmaları aparılmışdır. Həmin məbləğ alimentin əvəzi kimi ödənilməsə də, o, cavabdehə borc kimi vermişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçının lombarda ödədiyi borc cavabdehə yardım məqsədilə hədiyyə kimi edilmişdir, çünki həmin vaxtlarda tərəflər arasında barışıq əldə edilməsi üçün danışıqlar aparılırdı. Həmin borc alimentin əvəzi kimi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı fikrini dəyişərək indi də həmin məbləğin borc kimi cavabdehə verildiyini bildirir. Halbuki, hər iki hal ilə bağlı iddiaçı sübut təqdim edə bilmir. Əgər tərəflər arasında mübahisələr olmuşdursa, niyə iddiaçı cavabdehin əvəzinə borcu lombarda ödəsin? Eyni zamanda, niyə bununla bağlı iddiaçı cavabdehdən hər hansı yazılı sənəd almamışdır ki, həmin məbləğ aliment əvəzi və ya borc kimi verilmişdir? Halbuki, iddiaçı ilə cavabdeh arasında həmin ərəfədə yazılı barışıq sazişi bağlanmışdır və iddiaçı 6.000 manatın aliment əvəzi və ya borc kimi verilməsi barədə də sənəd tərtib edə bilərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyul 2019-cu il tarixi qərarın surətindən görünür ki, İddiaçı 17 iyun 2019-cu il tarixdə həyat yoldaşı Cavabdeh ilə aralarında şəxsi münasibətlər zəminin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncunu vuraraq xəsarət yetirmiş və nəticədə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Fiziki şəxs “Butik №1” lombardın sahibi X7 tərəfindən verilmiş bildirişdən görünür ki, Cavabdeh lombarda qoyduğu girovu çıxarmaq üçün sonuncu ödənişi, yəni tam pulu 6.000 manat əsas məbləği, 120 manat faiz pulu yanında gələn, özünü həyat yoldaşı kimi təqdim edən Orxan adlı şəxs ödəmişdir. Səhərisi gün İmidə xanım özü gəlib lombarddan girovu qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(001)- 4163/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 16 mart 2016-cı il tarixdə 3 saylı “ASAN Xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış, 807 № ilə qeyd edilmiş nikahın pozulması, 13 fevral 2017-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilməsi, 13 fevral 2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 13 fevral 2017-ci il təvəllüdlü X8 3 yaşına çatanadək cavabdeh İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(001)- 5071/2021 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 31 oktyabr 2019-cu il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: Cavabdeh İddiaçı üzərinə öhdəlik götürür ki, bir il ərzində iki otaqlı mənzil alaraq birgə nikahdan doğulmuş övladları X3 adına rəsmiləşdirərək Cavabdeh təhvil verir və gələcəkdə evə dair heç bir iddiası olmayacaq. Həmin mənzil birgə nikahdan doğulmuş övladları X8 25 yaşa çatanadək satıla bilməz. Mənzil təhvil verilənədək birgə nikahdan doğulmuş övladları X3 normal mənzil şəraitində yaşaması üçün noyabr ayından etibarən hər ay 700 manat pul vəsaitinin ödənilməsini cavabdeh İddiaçı öhdəsinə götürür. İddiaçı Cavabdeh iddia ərizəsində göstərilən birgə nikah dövründə əldə olunmuş 2016-cı il istehsalı “Mercedes Benz E250” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobil, 2016-cı il istehsalı “Ford Mustanq” minik markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobil və 2008-ci il istehsalı “Ford Tranzit” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobillərin birgə mülkiyyət sayılaraq bərabər paylarla bölünməsinə dair iddiasından və aliment tələbindən imtina edir. Barışıq sazişi 3 nüsxədən ibarət tərtib edilir. Bu sazişin bir nüsxəsi iddiaçı Cavabdeh, bir nüsxəsi cavabdeh İddiaçı, bir nüsxəsi isə təsdiq olunması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunur. Məhkəmə tərəfindən barışıq sazişi bu şəkildə təsdiq edildikdə iş üzrə icraata xitam verilərək qərardad qəbul edilir. Qərardad qanuni qüvvəyə mindikdən sonra barışıq sazişinin şərtləri tərəflər üçün məcburi hesab edilir. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. 04 noyabr 2019-cu il tarixli kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 376 manat faiz borcu və 6.000 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlər fiziki şəxs X2 möhürü ilə təsdiqlənmişdir. 04 mart 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən X5 hesabına 9.000 manat məbləğində aliment ödənişi edilmişdir. 17 mart 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər 16 mart 2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 13 fevral 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onların arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(001)-4163/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş uşağın cavabdehin yanında qalması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra isə tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə olmuş və həmin mübahisə üzrə tərəflər arasında barışıq sazişi bağlanmış, həmin saziş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(001)-5071/2021 nömrəli qərardadı ilə təsdiq edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavabdeh lombarda qızıl-zinət əşyalarını girov qoyaraq 6.000 manat məbləğində borc pul almış, həmin məbləğ isə iddiaçı tərəfindən lombarda ödənilmişdir. İddiaçı hazırda həmin məbləğdə vəsaiti cavabdehdən tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, həmin məbləğ cavabdehə iddiaçı tərəfindən hədiyyə edilmişdir. Məhkəmə, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, mübahisənin həllini təsdiq edən sübutlar, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı əvvəl lombarda ödənilmiş 6.000 manatı birgə nikahlarından olan övladının saxlanması üçün ödəyəcəyi aliment ödənişlərinin əvəzi olaraq ödədiyini bildirsə də, daha sonra cavabdehə bu məbləği borc kimi verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş izahatlarda ziddiyyətli məqamlar öz əksini tapır ki, bu da iddiaçının verdiyi izahatların həqiqəti əks etdirməsinə əsaslı şübhələr yaradır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan əlavə, iddiaçı ödənişmiş 6.000 manat məbləğində vəsaitin aliment ödənişləri ilə əvəzləşdirilməsini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə qeyd olunan hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən 31 oktyabr 2019-cu il tarixdə təsdiq edilmiş və həmin sazişə əsasən noyabr ayından etibarən hər ay 700 manat pul vəsaitinin cavabdehə ödənilməsini iddiaçı öhdəsinə götürmüşdür. Bundan bir neçə gün sonra, yəni 04 noyabr 2019-cu il tarixdə isə iddiaçı tərəfindən 6.000 manat məbləğində alimentin ödənilməsini məhkəmə ağlabatan və inandırıcı hesab etmir. Bundan başqa, iddiaçı tərəfindən həmin məbləğin borc kimi cavabdehə verilməsi barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci madddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehi lombard qarşısında əmlak vəzifəsindən azad etməklə zənginləşdirmiş, mülki qanunvericiliyə əsasən isə bu cür bağışlama cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı pul tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdeh Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3326/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3326/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver