Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3338/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən işdən çıxdığı xx.xx.2021-ci il tarixədək ona ödənilməli əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən aylıq 1200 manat əmək haqqı müqabilində onu işə götürmüşlər. Bir neçə il MMC-də işlədikdən sonra Vətən müharibəsinə könüllü olaraq qatılmışdır. xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısına daxil edilmişdir. xx.xx.2021-ci il tarixində ehtiyata buraxılmışdır. O, Vətən müharibəsindən qayıtdıqdan sonra cavabdeh təşkilatda işləməyə başlamış və ona 250 manat əmək haqqı kəsilmişdir. Buna etiraz etmiş və bir neçə ay sonra işdən çıxmışdır. İşdən çıxdıqdan sonra ona bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində guya o, maaşının azaldılmasına razılıq ərizəsi vermişdir. Halbuki, xx.xx.2021-ci il tarixində o, Qarabağda olmuşdur. Dəfələrlə yazılan ərizənin ona göstərilməsini xahiş etsə də, ərizə ona təqdim edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, əmək haqqının azaldılması ilə bağlı məsələ gündəmdə olarkən, o, Qarabağda olmuşdur. Əmək haqqı ilə bağlı müzakirələr isə oktyabr-noyabr ayında aparılmışdır. 01 dekabr 2020ci il tarixli ərizədəki imza ona məxsus deyil. Müharibədə olduğu dövrdə orta aylıq əmək haqqı saxlanılmaqla ödənilirdi. Onun ailəsinə isə məlumat verilmişdir ki, əmək haqqı 1 ay az ödənilsə də, sonradan tam həcmdə veriləcəkdir. Çünki daha əvvəl pandemiya dövründə də MMC rəhbərliyi bu addımı atmışdır. Özü 28 sentyabr 2020-ci il tarixindən 05 yanvar 2021-ci il tarixinədək müharibədə olmuşdur. Noyabr ayında əmək haqqı tam həcmdə ödənilmişdir. Onunla razılaşdırılmadan əmək haqqının azaldılması barədə əmr verilib. Hesab edir ki, bu düzgün deyil. xx.xx.2020-ci il tarixində burada olmadığından sənədə imza ata bilməzdi. Qayıtdıqdan sonra təxminən 20 yanvar tarixindən sonra işə çıxmış, bu zaman əmək haqqının azaldılaraq 250 manat olması barədə məlumatlanmışdır. Bu barədə rəhbərlikdən məlumat almaq istədikdə ona vəziyyətin müvəqqəti olduğu, daha sonra əmək haqqının ödənilməyən hissələrinin də qaytarılacağı barədə məlumat verilmişdir. Aprel ayının sonuna kimi işlədikdən sonra MMC-dən işdən çıxmışdır. Ona əmək müqaviləsinin də nüsxəsi təqdim edilməyib. İşdən çıxmaq barədə ərizəsindəki imza ona məxsusdur. Lakin əmək haqqının dəyişdirilməsi barədə sənəddə imza ona məxsus deyildir. Ehtimal edir ki, bu dəyişiklər barədə imzanı ona ya işə girən zaman imzalatmışlar, yada ki, imza ona məxsus deyildir. Əmək müqaviləsinə dəyişikliyi 2021-ci ilin yanvar ayında imzalamış, onu imzalayanda Bədəlova Vəfa yanında olmamış və həmin şəxs onun yanında müqaviləyə “əmək haqqı xx.xx.2020-ci ildən 250 manat müəyyən edilsin” yazısını yazmamışdır. Ümumiyyətlə dəqiq yadındadır ki, o əmək müqaviləsinə dəyişikliyə imza atmamışdır. Çünki o, əmək haqqının azaldılmasına razı deyildi. Hələ müharibədə olanda iş yoldaşları ilə telefonla danışan zaman ona əmək haqqlarının azaldıldığını və şirkətin daha sonra bunu kompensasiya edəcəyini demişdilər. Müharibədən qayıtdıqdan sonra şirkətdə mühasib işləyən Fariz Vəliyev adlı iş yoldaşı ilə aralarında söhbət apararkən də müqaviləyə imza atmamalarını ona demişdir. Fariz dəyişikliyə razı olub imzalasa da, lakin özü imzalamamışdır. Vəfa xanım kadrlar şöbəsində kargüzar olmuş, onunla xüsusi münasibəti olmayıb. Müharibədən qayıdandan sonra onların otağına imza atmaq üçün yox, görüşmək üçün getmişdir. Güman edir ki, 2019-cu ildə əmək müqaviləsi imzalanan zaman ona bütün səhifələrə imza atdırmışlar və sonradan da dəyişiklik hissəsinə əmək haqqının 250 manat olması barədə yazını yazmışlar.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, əmək müqaviləsi tərtib olunarkən orada boş xanalar saxlanılmışdır. İddiaçı imza atarkən bütün səhifələri imzalamış, sonradan şirkətin işçisi tərəfindən əmək müqaviləsinə dəyişikliklər xanasına əmək haqqının azaldılaraq 250 manat müəyyən edilməsi ilə bağlı əlyazma edilmişdir. Bu əlyazma işçi əmək müqaviləsini imzalayandan sonra yerinə yetirilmişdir. Həmçinin dəyişikliyin nəzərdə tutulduğu dekabr ayında iddiaçı hərbi xidmətdə olmuşdur. Onun razılığı alınmadan əmək müqaviləsinə dəyişiklik edilmişdir. Ümumiyyətlə əmək müqaviləsi forma və məzmuna əməl olunmadan tərtib edilmişdir. Belə ki, əvvəldən müqaviləyə boş xanalar yerləşdirmək gələcəkdə artıq imzalanmış olan müqaviləyə istənilən əlavəni istisna etmir. Bundan başqa işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsi barədə MMC tərəfindən əmr verilməli, daha sonra işçilər həmin əmrlə tanış edilməli, bu barədə hər hansı bir qəbzə qeyd aparılmalı idi. Cavabdeh isə iddiaçını əmrlə tanış etməmiş, bu barədə heç bir qeyd aparmamış əmək müqaviləsinə dəyişikliyə imza atdırdıqlarını iddia edirlər. İşçi hərbi xidmətdə olduğu vaxt onun orta aylıq əmək haqqı saxlanılmalı idi. Şirkət buna əməl etməyərək dekabr ayının 1-dən əmək haqqının azaldılmasını müəyyən etmişdir. Əmək müqaviləsinin 3-4-cü səhifələrindəki imzalara diqqət yetirdikdə onların eyni mürəkkəblə edildiyini görünür. Bu da həmin imzaların eyni vaxtda çəkildiyinə işarə edir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, İddiaçı MMC-də mühəndis işləmişdir. Başqa işə keçməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və əmək müqaviləsinə xitam verilmişdir. MMC özü avtovağzalda sərnişin daşımadan gəlir götürür. Pandemiya dövründə MMC fəaliyyət göstərməmiş və gəliri olmamışdır. MMC-nin normal fəaliyyət dövründə 500 nəfərə yaxın işçisi olmuşdur. MMC tərəfindən ƏƏSMN ilə razılaşdırılmaqla MMC-də işləyən hər kəsin direktorundan xadiməsinə kimi əmək haqqının xx.xx.2020-ci ildən azaldılaraq, 250 manat müəyyən edilmişdir. İddiaçı müharibə iştirakçısı olduğundan ona əlavə gediş-gəlişə görə 150 manat ödənilmişdir. İddiaçı 2021-ci ilin avqust ayından əmək haqqını tələb etməyə başlamışdır. Pandemiya dövründə yalnız zəruri işçilər işə çağırılırdı. Bu səbəbdən bəzi işçilər əmək müqaviləsinə dəyişikliyi yanvar və fevral aylarında imzalamışlar. Dekabrda isə ştat cədvəlinin təsdiq olunması barədə əmr verilmişdir. Ekspert rəyindən də aydın oldu ki, əmək müqaviləsindəki imzalar iddiaçı tərəfindən icra edilmişdir. Əmək müqaviləsindəki “əmək haqqı xx.xx.2020-ci ildən 250 manat müəyyən edilsin” yazısı insan resurslarının əməkdaşı Bədəlova Vəfa tərəfindən yazılmışdır. Pandemiya ilə əlaqədar olaraq işçilər evdən işlədiklərindən bütün işçilərlə bağlanılmış əmək müqavilələrində belə yazı yazılmış və əmək müqavilələrinə dəyişiklik edilmişdir. İddiaçı həmin vaxt hərbi xidmətdə olduğundan 2021-ci ilin yanvar ayında imzalamışdır. O, dəyişikliyə imza atanda Bədəlova Vəfanın yanında oxuyub, razılaşıb və imzalayıb. Həmin vaxt əmək haqqının azaldılması ilə razılaşmayan işçilərə öz ərizələri ilə işdən çıxmaq təklif olunmuşdur. İddiaçı əmək haqqının azaldılmasına razı olduğundan işdən çıxmamışdır. Şirkətin əvvəlki rəhbərliyi onun müharibə iştirakçısı olması səbəbindən onu xüsusi diqqətdə saxlamış, hətta yanacaq xərclərini qarşılamaq üçün hər ay 150 manat yol xərci ödəmişdir. Pandemiya olmasına baxmayaraq iddiaçı mühasib işlədiyindən həftənin müəyyən günləri işçilərin əmək haqqlarının hesablanması və s. ilə bağlı işə gəlibgetmişdir. Şirkətin hazırki rəhbərliyi buranı 2021-ci ilin aprel ayında satın almışdır. İddiaçının əmək haqqının azaldılmasına etirazla bağlı 2021-ci ilin yanvar ayından aprel ayına qədər heç bir rəsmi müraciəti olmamışdır.
10. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixində iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir .
11. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. İddiaçı xx.xx.2018-cı il tarixdə Cavabdeh MMC-nin Maliyyə şöbəsinə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli, 217-k saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra, xx.xx.2019-cu il tarixdə onunla yenidən əmək müqaviləsi bağlanılmış, İddiaçı Cəmiyyətin Maliyyət-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 45/K saylı əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmiş və son haqq-hesab aparılmışdır. Məlumat üçün məhkəmənin diqqətinə çatdırılır ki, Koronavirus (Covid-19) pandemiyası səbəbindən Cavabdeh fəaliyyəti dayandırılmış, 24 mart 2020-ci il tarixdən 31 may 2021-ci il tarixədək müəssisə fəaliyyət göstərməmiş, bu səbəbdən də kompleksdə muzdla çalışan işçilərə əmək haqlarının, kompleksin qorunub saxlanılması və digər xərclərin ödənilməsində ciddi maddi çətinliklər yaranmışdır. Pandemiya dövründə müəssisədə çalışan işçilərin iş yerlərinin qorunub saxlanılması məqsədilə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq onların hərbirinə əmək haqqı minimum aylıq əmək haqqı normasına uyğun 250,00 manat müəyyənləşdirilmişdir. Bu barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə rəsmi yazılı məlumat verilmişdir. Eyni zamanda MMC-nin Baş direktorunun xx.xx.2021-ci il tarixli, 04/F saylı əmrinə əsasən İddiaçı iş yerinə gəlibgetməsi ilə əlaqədar yanacaq xərclərinin ödənilməsi məqsədilə işçi heyətdən yalnız ona fevral ayına da şamil edilməklə, pandemiya ilə əlaqədar məhdudiyyətlərin mövcud olduğu müddətdə hər ay üçün 150 (bir yüz əlli) manat vəsait verilməsi təmin edilmişdir. İddiaçı öz ərizəsinin 6-cı bəndində, iddianın (mübahisənin) predmeti bölməsinin ikinci abzasında qeyd etmişdir ki, “mən Vətən müharibəsindən qayıtdıqdan sonra cavabdeh təşkilatda işləməyə başladım və mənə 250 manat əmək haqqı kəsdilər. Mən buna etiraz etdim və bir neçə ay sonra işdən çıxdım. İşdən çıxdıqdan sonra mənə bildirdilər ki, xx.xx.2021-ci il tarixdə mən guya razılıq ərizəsi vermişəm ki, maaşım azaldılsın. Halbuki, xx.xx.2021-ci il tarixdə mən Qarabağda idim. Dəfələrlə mənim yazdığım ərizəni mənə göstərilməsini tələb etsəm də mənə heç bir sənəd göstərilməmişdir.”. İlk növbədə qeyd edilməlidr ki, iddiaçı əmək haqqının azaldılması ilə bağlı etirazını və digər tələblərini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. MMC tərəfinədən İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi iş materiallarına sübut olaraq əlavə olunur. Müqavilənin 8-ci bəndindən göründüyü kimi işçinin razılığı ilə əmək haqqı xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilmiş, müvafiq dəyişikliklər işçinin imzası ilə təsdiq edilmiş, xx.xx.2021ci il tarixdən işçinin işdən azad olunduğu - xx.xx.2021-ci il tarixədək iddiaçı aylıq 250,0 manat məbləğində əmək haqqı almışdır. Hazırki iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının hesablanıb ödənilməsi ilə bağlı olduğundan, əmək müqaviləsində əmək haqqının 250,0 manat məbləğində müəyyənləşdirilməsi ilə bağlı iddiaçının razılığının olub-olmaması araşdırılmadan, göstərilən məsələyə hüquqi qiymət verilmədən iddia tələbi təmin edilə bilməz və müqavilənin 8-ci bəndinə əsasən əmək haqqının xx.xx.2020- ci il tarixdən 250 manat müəyyən edilməsi barədə tərəflər arasında razılıq olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, “əmək haqqının xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilməsi” barədə müvafiq dəyişikliklər onun iradəsinə uyğun aparılmış, əmək müqaviləsində aparılmış dəyişikliklər işçinin və işəgötürənin imzası ilə təsdiq edilmişdır. İşçi buna dair etiraz etməmiş, əksinə müvafiq dəyişiklikləri qəbul etmiş və başqa işə keçməsi ilə əlaqədar işdən çıxmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 1-ci əlavəsindəki “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun bağlanılmış, müqaviləyə dəyişikliklər əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada aparılmışdır. Hesab edirik ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilənlər əsassızdır və hər-hansı mötəbər sübutlarla təsdiq edilmir.
12. Həmçinin cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Ərizədə göstərilir: İddiaçı, mühasib vəzifəsində işləyən işçiyə əmək haqqının az ödənilməsi, işçinin bundan 6 ay ərzində məlumatının olmaması həqiqətə uyğun deyil, eyni zamanda işçi əmək haqqının azaldılması ilə bağlı müvafiq razılığını vermiş və imzası ilə təsdiq etmişdir. İşin bu halları hazırki vəsatətə əlavə edilən sənədlərlə təsdiq edilir. Eyni zamanda iddiaçı tərəfindən iddianın əsaslı olmasına dair hər-hansı mötəbər sübut işə əlavə etməmişdir. Hazırki ərizəyə əmək haqqı ödənişləri ilə bağlı "xxxx" ASC-nin İddiaçı hesabından çıxarışı əlavə edilir. Həmin çıxarışdan göründüyü kimi xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində iddiaçının aylıq əmək haqları onun hesabına köçürülmüşdür. Demək iddiaçının en geci 2021-ci ilin yanvar ayında əmək haqqının 250 manat olması barədə məlumatı olmuşdur. Hesab edilir ki, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edilənədək qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Maddənin mənasına görə iddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-ci bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçının əmək haqqının 250 manat müəyyən olması barədə razılığı olmuş, əmək haqqının məbləğindən 2021-ci ilin yanvar ayından məlumatı olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür.
14. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayından Cavabdeh MMC-də kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləyir. Cahangiri əvvəldən tanıyır, həmin vaxt o, kargüzar vəzifəsində işləmişdir. Pandemiya dövründə işlərini dayandırdıqlarından rəhbərlik işçilərin ixtisarını aparmamaq üçün maaşların azaldılmasına, yəni 2020-ci ilin dekabrın 1-dən bütün işçilərinin əmək haqqının 250 manat müəyyən olunmasına qərar verilmişdir. Həmin vaxtdan hələ də maaşları azaldılmış vəziyyətdədir. Həmin iş ona həvalə edilmişdi. Belə ki, o, əmək müqavilələrinin dəyişiklik nəzərdə tutulmuş hissəsinə əlyazma ilə “əmək haqqı xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilsin” yazmış və bu yazının altına işçilərə imza atdırmışdır. Cahangirin əmək müqaviləsinə də əmək haqqının azaldılması ilə bağlı yazını o yazmış və onu həmin yazı ilə tanış edərək imza atdırmışdır. O, ümumiyyətlə bütün işçiləri əmək müqaviləsi ilə tanış etmiş və onlar da müqaviləni imzalamışlar. Rəhbərlik göstəriş vermişdi ki, hazırki şərtlərlə razılaşmayanlar ərizə yazıb işdən çıxa bilərlər. O, əmək müqavilələrinə həmin yazını əvvəlcədən yazıb hazırlamışdır. Daha sonra şöbə müdiri işçilərə həmin müqaviləni imzalamalarını tapşırdığından, işçilər də özləri gəlib tanış olub imzalayırdılar. Hətta bəzi işçilər əmək haqqının azaldılması ilə razılaşmayaraq işdən çıxmışlar. İmzalanma 2020-ci ilin dekabrında həyata keçirilib. Lakin Cahangir də daxil olmaqla bəzi işçilər hərbi xidmətdə olduqlarından onlar əmək müqaviləsinə dəyişikliyi 2021-ci ilin yanvar ayında imzalamışlar. Cahangir müharibədən qayıdanda otağa gəlib onlarla görüşmüş, daha sonra da gəlib əmək müqaviləsinə imza atmışdır. Həmin vaxt otaqda iş yoldaşları Roza, Günel də olmuşlar. Həmin vaxt Cahangir heç bir narazılıq bildirməmişdir. Əgər hər hansı narazılıq bildirmiş olsaydı, işdən çıxardı. Müqaviləni imzaladıqdan sonra, bir müddət qalıb işləyibsə deməli müqavilə şərtlərinə razı olub. O, işçilərə müqaviləni imzalatdırdıqdan sonra, rəisə təqdim edir, bundan sonra rəis də müqaviləyə imza etmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, əmək müqaviləsinin 1 nüsxəsinə imza etdirmiş, əmək müqaviləsinin surətini və əmri işçilərə təqdim etməmişdir. Belə ki, əmrlə bağlı məsələlər başqa işçi tərəfindən həyata keçirilirdi. Cahanngir yanvar ayının sonu işə çıxmış, işə çıxandan sonra onların otağına gəlib görüşmüşdür. Müqaviləni isə daha sonra xatırlamadığı tarixdə Cahangirə imzalatdırmışdır. Cahangir onun yanında əmək müqaviləsinə dəyişikliyi oxuyub, imzalayıb və heç bir etiraz etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
15. İddiaçı məxsus SX seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək N saylı hərbi hissənin tərkibində, Cəbrayıl və Qubadlı rayonları istiqamətinə aparılan döyüşlərdə iştirak etmişdir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətinə X3 Xidmətində baxılmışdır. Aparılan araşdırma zamanı Cavabdeh MMC rəhbərliyi tərəfindən X3 Xidmətinə ünvanlanmış məktubdan və məktuba əlavə edilmiş sənədlərdən məlum oldu ki, onunla müəssisə rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişinə əsasən) xitam verilmişdir. Cavabdeh MMC rəhbərliyi tərəfindən maliyyə sənədləri təqdim edilmədiyindən son haqq-hesabın qanunamüvafiq hesablanması, həmçinin ödənilib-ödənilməməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-nə dək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır. Bununla əlaqədar razılaşmadığı təqdirdə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir.
17. "xxxx" ASC tərəfindən təqdim edilən əmək haqqı ödənişləri ilə bağlı cədvəldən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 80 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 231,50 manat, xx.xx.2021-ci il tarixində 1720,33 manat əmək haqqı ödənilmişdir.
18. Cavabdeh MMC tərəfindən verilən əmək şəraitinin dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 34/F saylı əmrdən görünür ki, Cavabdeh MMC üzrə ştat cədvəlinin təsdiq edilməsi, işçilərin əmrin birinci hissəsi ilə təsdiq edilmiş ştat cədvəli üzrə nəzərdə tutulan əmək şəraiti barədə xəbərdar edilməsi və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verilməsi, əmrin icrasının Maliyyə, İnsan resursları və sənədlərlə iş şöbələrinə həvalə edilməsi əmr edilmişdir.
19. Təsdiq edilmiş ştat cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC-də hər bir vəzifə üzrə əmək haqqı minimum əmək haqqı məbləğində 250 manat müəyyən edilmişdir.
20. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixindək 3 ay sınaq müddətinə Maliyyə Şöbəsinə mühasibi vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 300 manat müəyyən edilmişdir.
21. Cavabdeh MMC tərəfindən verilən 12 fevral 2018-ci il tarixli 40/k saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-nin Maliyyə Şöbəsinə mühasib vəzifəsinə işə qəbul edilmişdir.
22. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli 217/k saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh MMC-nin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasibi ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2019-cu il tarixdən etibarən Cəmiyyətin Nizamnaməsinin 5.2-ci bəndinə rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci “a” bəndinə əsasən xitam verilməsi, insan resurslarının idarə edilməsi və sənədlərlə iş şöbəsinə (G.Cəfərova), əmrin surətinin və əmək kitabçasının İddiaçı verilməsinin təmin edilməsinin tapşırılması əmr edilmişdir.
23. İddiaçı tərəfindən Cavabdeh MMC-nin baş direktoruna yazılan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasib vəzifəsinə təyin edilməsini xahiş etmişdir.
24. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixindək 3 ay sınaq müddətinə maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasibi vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 1200 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatların qeyd edildiyi 8.2-ci bəndində “əmək haqqı xx.xx.2020-ci ildən 250 manat müəyyən edilsin” barədə qeyd aparılmışdır.
25. Cavabdeh MMC tərəfindən verilən 02 dekabr 2019-cu il tarixli 317/k saylı İddiaçı vəzifəyə təyin edilməsi haqqında əmrdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-nin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə 3 ay sınaq müddətinə böyük mühasib vəzifəsinə təyin edilmişdir.
26. İddiaçı tərəfindən Cavabdeh MMC-nin baş direktoruna yazılan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən işdən azad edilməsini xahiş etmişdir.
27. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli 45/k saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh MMC-nin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasibi ilə bağlanmış əmək müqaviləsinə 20 may 2021-ci il tarixdən etibarən Cəmiyyətin Nizamnaməsinin 5.2-ci bəndinə rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci “a” bəndinə əsasən xitam verilməsi, insan resurslarının idarə edilməsi və sənədlərlə iş şöbəsinə (G.Cəfərova), əmrin surətinin və əmək kitabçasının İddiaçı verilməsinin təmin edilməsinin tapşırılması əmr edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/931 saylı, xx.xx.2022-ci il tarixi ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 8-ci bəndində işçi qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
29. İddiaçı xx.xx.2018-cı il tarixdə Cavabdeh MMC-nin Maliyyə şöbəsinə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli, 217-k saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra, xx.xx.2019-cu il tarixdə onunla yenidən əmək müqaviləsi bağlanılmış, İddiaçı Cəmiyyətin Maliyyət-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsində İddiaçı cəmiyyətin Maliyyət-iqtisad və mühasibat uçotu şöbəsində tutduğu böyük mühasib vəzifəsinə görə 1200 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur.
30. Cavabdeh MMC tərəfindən verilən əmək şəraitinin dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 34/F saylı əmrlə Cavabdeh MMC üzrə ştat cədvəlinin təsdiq edilmiş, nəticədə xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC-də hər bir vəzifə üzrə əmək haqqı minimum məbləğində 250 manat müəyyən edilmiş, işçilərin ştat cədvəli üzrə nəzərdə tutulan əmək şəraiti barədə xəbərdar edilməsi və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verilməsi əmr edilmişdir.
31. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixli, 34/F saylı əmr verilən zaman İddiaçı vətən müharibəsində iştirak etmişdir. Belə ki, İddiaçı 28 sentyabr 2020-ci il tarixindən N saylı hərbi hissənin tərkibində Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2021-ci il tarixli, N95 saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır.
32. İddiaçı yanvar ayının axırında işə çıxmış və məhkəmə iclasında dindirilən şahid iddiaçını işə çıxdıqdan sonra əmək müqaviləsindəki dəyişikliklə tanış etdiyini və müqavilədəki dəyişikliyə imza elətdirdiyini bildirmişdir.
33. İddiaçıya işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə fevral ayı da daxil olmaqla yanacaq xərcinə görə əlavə 150 manat ödənilməsi müəyyən edilmişdir.
34. İddiaçı iddia edir ki, əmək şəraitinin şərtləri dəyişdirilərkən o işdə olmamış, yanvar ayının sonunda işə çıxdıqdan sonra məlumatı olmuş, lakin o, “əmək haqqının 250 manat müəyyən edilməsi” başlıqlı yazının altına imza etməmişdir,daha doğrusu belə hadisəni xatırlamadığını bildirmişdir. Əmək haqqının azaldılmasından xəbəri olduqdan sonra işəgötürənə müraciət etmiş və bunun müvəqqəti çətinlik olduğu və kompensasiya ediləcəyi barədə cavab almışdır. Sonradan işdən çıxmaq qərarına gəlmiş və Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 45/K saylı əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. Bundan sonra X2 şikayət etmiş və nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də ilkin olaraq mediasiyaya müraciət etmiş və 14 mart 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almışdır.
35. Cavabdeh iddiaya etiraz etmiş və əmək şəraitinin dəyişdirilməsi barədə əmrin Əmək qanunvericiliyə uyğun aparıldığını, eyni zamanda iddia müddətinin ölürüldüyünü bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
37. 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarından biridir.
38. 46-cı maddəsinin altıncı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
39. 55-ci maddəsinə əsasən Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.
40. 56-cı maddəsinin birinci bəndinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
41. 56-cı maddəsinin ikinci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
42. 179-cu maddəsinin ikinci bəndinə əsasən işçinin iş yeri və orta əmək haqqı saxlanılır:
43. g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda.
44. ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
45. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
46. 290-cı maddəsinin ikinci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
47. 292-ci maddəsinin birinci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
48. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
49. 296-cı maddəsinin 4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
50. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək əmək münasibətləri olmuşdur. İşçinin əmək haqqı 1200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə əmək şəraitinin şərtləri dəyişdirilmiş və xx.xx.2020-ci il tarixdən yeni ştat cədvəli üzrə əmək haqqı 250 manat müəyyən edilmişdir. İddiaçının da həmin tarixdən etibarən, hərbi xidmətdə olduğu müddətdə əmək haqqı azaldılaraq 250 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsini xahiş edir.
51. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını, tərəflərin izahatlarını nəzərə alıb, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək o qənaətə gəlir ki, iddia qismən əsaslıdır.
52. Əvvəla iddia tələbinin əsaslı olmayan hissəsi ondan ibarətdir ki, iddiaçı 2021ci ilin yanvar ayının sonundan artıq işə çıxmışdır və əmək şəraitinin şərtlərinin dəyişdirilməsindən xəbərdar olmuşdur. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahid iddiaçının 2021-ci ilin yanvar ayının sonunda işə çıxdığı və həmin vaxt da iddiaçıya onun iştirakı ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə imza elətdirdiyini bildirmişdir. Baxmayaraq ki, iddiaçı əmək müqaviləsinə edilmiş dəyişikliyə onun tərəfindən imza edilmədiyini bildirmişdir, lakin ekspertiza tədqiqatı və şahid ifadəsi ilə bu fakt, yəni imzanın iddiaçı tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının hərbi xidmətdən 2021-ci ilin yanvar ayının 1-dən ehiyata buraxılmasına baxmayaraq, ona fevral ayının 8dən yanacaq görə əlavə pulun ödənilməsi də, iddiaçının yanvar ayı ərzində işdə olmadığını dolayı yolla təsdiq edir.
53. Odur ki, iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razı deyil idisə, bunu işəgötürənə bildirməli və Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndindən irəli gələn hüquqlarını həyata keçirməli idi. Lakin işçi 2021-ci ilin yanvar ayının sonu işə çıxdıqdan sonra, baxmayaraq ki, kompensasiya veriləcəyinə ümid etmişdir, lakin faktiki olaraq yeni əmək şəraiti ilə razılaşmış və müəssisədə işləməyə davam etmişdir. Bu səbəbdən də işçinin əmək şəraitinin şərtləri ilə razılaşmaması barədə dəlili əsassız hesab edilməlidir.
54. İddia tələbinin əsaslı olan hissəsi isə ondan ibarətdir ki, ilk öncə işəgötürən işçinin hərbi xidmətdə olduğu müddətdə əmək haqqını azalda bilməzdi və bu səbəbdən işəgötürən işçinin 2020-ci ilin dekabr ayında işdə olmadığı müddətdə əmək haqqısını azaltmaqda haqlı olmamışdır. Bundan əlavə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə əmrin işçi üçün o vaxtdan hüquqi qüvvəsi yaranır ki, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etmiş olsun. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən işçini 2021-ci ilin yanvar ayının sonunda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə xəbərdar etmiş və razılaşdırmışdır. Bu baxımdan işçiyə yeni əmək şəraitinin şərtləri ən azı 1 ay sonra tətbiq edilməli idi. Yəni əslində işçinin həmin 1 ay müddətində əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə etiraz etmək üçün vaxtı var idi. Lakin işəgötürən nəinki sonrakı bir ay müddəti üçün, hətta həmin ay üçün də yeni əmək şəraitinin şərtlərinə uyğun davranmaqda davam etmişdir.
55. Odur ki, işçiyə yeni əmək şəraitinin şərtləri 2022-ci ilin mart ayından şamil edilməli və əvvəlki aylar üçün köhnə əmək şəraitinin şərtlərinə uyğun ödənilməmiş əmək haqqının qalıq hissəsi ödənilməlidir.
56. İddia müddətinin tətbiqi barədə cavabdehin etirazını isə məhkəmə ona görə əsaslı hesab etmir ki, əvvəla iddiaçı 2021-ci ilin yanvar ayının sonundan əmək şəraitinin şərtlərinin dəyişdirilməsindən xəbərdar olmuşdur və onun işə çıxar-çıxmaz məhkəməyə müraciət etmək üçün əsası olmamışdır. Belə ki, işçinin bu çətinliyin pandemiya dövrü ilə əlaqədar yaranmış olması və tezliklə ona əmək haqqının qalıq hissəsinin ödəniləcəyi barədə ümid etməsi barədə dəlili inandırıcıdır. Elə bu səbəbdən də qanunverici işçinin hüququnun pozulmasının aşkar edildiyi günün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün olduğunu hesab etmişdir. Yəni işçinin son haqq-hesabın aparılmasınadək ona kompensasiya ödəniləcəyinə ümid etməsi kifayət qədər obyektiv səbəbdir. Bu səbəbdən də iddia müddətinin axımı ən tezi işçi ilə əmək müqaviləsinə xitam verdildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalı və həmin tarixdən etibarən də iddia müddətinin ötürülmədiyi nəzərə alınmalıdır. Tətbiq edilən prosessual normalar:
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
59. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
60. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
62. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üçün əmək şəraitinin şərtlərinin dəyişdirilməsinədək olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə əmək haqqının ödənilməmiş hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üçün əmək şəraitinin şərtlərinin dəyişdirilməsinədək olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə əmək haqqının ödənilməmiş hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev