Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3367/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2. Cavabdehin nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 Nəsir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə. MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2024-cü ilin noyabr-dekabr aylarında ödənilməmiş əmək haqqı ilə birlikdə xx.xx.2019-xx.xx.2024-cü illər ərzində günlük iş vaxtından əlavə işlədiyi saatlar, bayram və qeyri-iş günlərini nəzərə alaraq cəmi 4500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-2024-cü illər ərzində 5 ildən artıq müddətdə Cavabdeh mağazalar şəbəkəsinin Bakıxanov qəsəbəsində yerləşən filialında satıcı, daha sonra mağaza müdir köməkçisi, son olaraq isə mağaza müdiri vəzifəsində çalışmışdır. İşlədiyi 5 il müddətdə, hər il üçün nəzərdə tutulmuş qeyri-iş günləri, bayram günləri daxil olmaqla gündəlik 12 saatdan çox işləmiş və bununla bağlı bölgə müdiri də daxil olmaqla şirkətin üst rəhbər heyətinin məlumatı olmuşdur. Artıq işlədiyi saatlara görə rəhbərlikdən əmək haqqı tələb etsə də ona yalandan vədlər verərək əmək haqqının ödəniləcəyi bildirilmişdir. Əmək haqqı ödənilmədiyindən son olaraq kadrlar şöbəsinə həm yazılı, həm də şifahi şəkildə müraciətlər etsə də qarşılığında bildirilmişdir ki, şirkət tərəfindən əvvəl işlədiyi bayram və qeyri-iş günlərinin “sistemdən silindi” cavabı almışdır. Bundan sonra o, əlacsız qalaraq X1 müraciət etmişdir. Əmək Müfəttişliyi şirkətə əvvəlki illərin hesabatı ilə bağlı tələb göndərsə də sorğuya cavab verilməmiş, əksinə şikayətçi olduğuna görə onu işə buraxmamış, əmək müqaviləsi pozulmadan işdən uzaqlaşdırılmışdır. Daha sonra ona müraciət edərək işdən çıxması barədə ərizə yazmağı və şikayətini geri götürdüyü halda yenidən işlə təmin olunacağı bildirilmişdir. İddiaçı bununla razılaşmadığına görə ikinci dəfə Əmək Müfəttişliyinə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. İddiaçı nə işə bərpa edilmiş, nə də ki, əvvəlki illərin artıq işlədiyi iş saatları hesablanmışdır. 2024-cü ilin noyabr-dekabr aylarında 2 ay müqaviləsi aktiv olsa da ona cəmi 225 manat əmək haqqı ödənilmişdir. Halbuki iddiaçının aylıq əmək haqqı 700 manatdan çox təşkil edirdi. Daha artıq işsiz qala bilmədiyinə görə xx.xx.2024-cü il tarixdə iddiaçı öz xahişi ilə işdən çıxmışdır. Lakin iddiaçıya artıq işlədiyi saatlar üçün ödəniş olunmadığından mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İddia tələbinə qarşı etiraz ərizəsi
3. Cavabdeh MMC tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya hər ayın 5-indən gec olmayaraq bank kartı vasitəsi ilə əmək haqqı ödənilmişdir. Əgər işçi həmin ay ərzində artıq işlədiyini düşünmüş və əmək haqqı alarkən həmin fərqi görmüşdüsə bunu çalışdığı müəssisədən tələb etməli, tərəflər arasında razılıq olmadıqda isə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bunu etməmişdir. İddiaçının məhkəmədə iddia qaldırmasının əsas səbəblərindən biri üst rəhbəri ilə şəxsi anlaşmazlıqlarıdır ki, buna görə də Cavabdeh MMC-yə qarşı iddia qaldırmışdır. Həmçinin iddiaçının da bildirdiyi kimi əlavə işə görə hüquqlarının pozulduğunu 2019-cu il tarixində bilmişdir və ondan etibarən 1 il ərzində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı iddia müddətini ötürərək 5 il 10 ay sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin artıq işlədiyini bildirsə də hansı günlərdə, neçə saat artıq işlədiyini və s. sübutlar təqdim etməmişdir. Cavabdeh birmənalı olaraq iddiaçını artıq işə cəlb etməmiş, iddiaçıya yalnız əmək müqaviləsinin 4-cü maddəsinə əsasən razılaşdırılmış gün və saatlar daxilində əmək funksiyalarını icra etmək tapşırılmışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının şikayəti əsasında X3 tərəfindən araşdırılma aparılmış və inzibati xəta olmadığı üçün cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Son olaraq iddiaçının qeyd olunan tələbləri hüquqi və faktiki olaraq əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirdi ki, 2019-cu ildən 2024-cü ilə kimi Cavabdeh mağazasında əvvəl satıcı, sonra müdir köməkçisi, son olaraq isə müdir vəzifəsində çalışıb. 5 il işlədiyi müddətdə hər il üçün nəzərdə tutulmuş qeyri iş günləri, bayram günləri daxil olmaqla gündəlik 12 saatdan çox işləyib və bundan bölgə müdiri daxil olmaqla şirkətdə üst rəhbər heyətinin də məlumatları olub. Lakin artıq işlədiyi saatlar üçün ona ödəniş edilməyib.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiklərini bildirdi. İddiaçının izahatına əlavə olaraq qeyd etdi ki, X3 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, tərəflərindən tələb olunan sənədlər (əmək haqqı hesab cədvəlləri, iş vaxtının uçot cədvəlləri və s) Cavabdeh MMC tərəfindən araşdırmaya tam təqdim edilmədiyindən müraciətdə qeyd edilən əmək haqqından tutulmalarla bağlı və eyni zamanda iş vaxtından artıq işlərə, istirahət, bayram və digər günlərdə işə cəlb edilməklə bağlı məsələlərə baxılması mümkün olmamışdır. Cavabdeh tərəfdən iş vaxtının uçot cədvəli də təqdim edilməmişdir. Eyni zamanda iddiaçı işlə təmin olunmaq və ya bayram günlərində artıq iş saatlarına görə əmək haqqını alması ilə bağlı MMC-yə yaxınlaşsa da hər hansı bir köməklik göstərilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 Nəsir oğlu izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Onlar məktubda qeyd olunan sənədləri X3 Xidməti ilə əlaqə saxlayıb zəruri sənədləri göndəriblər. İşlə təmin olunmaq hissədə isə onlar dəfələrlə tərəfə köməklik göstərməyə çalışsalar da qarşı tərəf razılaşmayıb. Uçot vərəqəsi hissəsində isə onlar həmin səndələri də müfəttişliyə təqdim edibər. Əlavə olaraq onu da qeyd etdi ki, tərəf 1 həftəlik xəstəlik vərəqəsi almasına baxmayaraq 1 ay ərzində işə çıxmayıb. Bu barədə tərəfdən məlumat almaq istədikdə isə qarşı tərəf hər hansı bir əsas gətirə bilməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyək bildirdi ki, iddiaçının qeyd etdiyi tarixdə işə çıxanların əmrləri məhkəməyə təqdim edilib, lakin həmin siyahıda iddiaçının adı qeyd edilməyib. Əgər həmin siyahıda onun adı olsaydı, mütləq qaydada ödəniş olunacaqdı.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2 ay ərzində davamlı olaraq işə gəlməyib. Lakin şirkət tərəfindən iddiaçıya iş təklif olunsa da o, razılaşmayıb. Hazırda da əsassız yerə pul tələb edir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, bölgə müdirləri onlara mail yazaraq işçinin işdən çıxmaq istədiyi bildirilib. Daha sonra işçi insan resurslarına çağrılaraq aydınlaşdırılmış və işçi işdən çıxmaq istəmədiyini bildirmişdir. Daha sonra işçi yenidən işdə davamsızlıq etməyə başlayır. Ondan sonra işçiyə bildirilib ki, əgər işə davamsız olaraq gəlsə onu müvafiq maddə ilə işdən çıxarmağa məcbur olacaqlar.
Mülki işin materialları:
10. 2024-cü ilin noyabr-dekabr aylarının iş vaxtının istifadəsi cədvəlinin hesabatından görünür ki, İddiaçı (mağaza müdiri) davamsız olaraq işə çıxmamışdır.
11. 16.11.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən heç bir səbəb göstərmədən işə çıxmadığına görə onunla əlaqə saxlanılsa da zənglərə cavab verilməmişdir. Bununla bağlı ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin tələbləri izah edirək, qısa zaman ərzində Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinə yaxınlaşması bildirilmişdir.
12. 24.12.2024-cü il tarixli İddiaçı tərəfindən əlyazma ilə yazılmış ərizədən görünür ki, o, öz xahişi ilə xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
13. 22.01.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 474.59 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 238.29 manat əmək haqqı və xx.xx.2024-cü il tarixdə 874.74 manat son əmək haqqı ödənilmişdir.
14. X3 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış, lakin tələb olunan sənədlər (əmək haqqı hesab cədvəlləri, iş vaxtının uçotu cədvəlləri və s.) Cavabdeh MMC tərəfindən araşdırmaya tam təqdim edilməyindən müraciətdə qeyd olunan əmək haqqında tutulma ilə bağlı və eyni zamanda iş vaxtından artıq işlərə, istirahət, bayram və digər günlərdə işə cəlb edilməsi ilə bağlı məsələlərə baxılması mümkün olmamışdır. Lakin araşdırmaya təqdim olunan məktubda iş vaxtından artıq saatlarda işlərə cəlb olunmadığı, əmək funksiyalarına aid olmayan işlərdə çalışmadığı və əmək haqqının qanunvericiliyə uyğun hesablanaraq ödənildiyi bildirilmişdir.
15. Cavabdeh MMC tərəfindən təqdim edilmiş əmrlədən görünür ki, qrafik üzrə müəyyən edilmiş iş vaxtından artıq cəlb edilməyə dair əmrlər verilmiş, lakin həmin əmrlədə iddiaçı iş vaxtından artıq cəlb edilməmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
16. 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
17. 9-cu maddəsinin “ə” yarımbəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüququ vardır.
18. 89-cü maddəsinə əsasən tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
19. 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
22. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
23. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. İş materiallatrından görünür ki, iddiaçının iddia iddia tələbi iki hissədən ibarətdir: noyabr-dekabr 2024-cü il tarixində ödənilməmiş əmək haqqı və xx.xx.2019-xxxx.20254-cü illər ərzində günlük iş vaxtından əlavə işlədiyi saatlar, bayram və qeyri iş günləri nəzərə alınmaqla cavabdehdən cəmi 4500 manat vəsaitin tutularaq ona ödənilməsi;
25. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2024-cü ilin noyabr-dekabr aylarının iş vaxtının istifadəsi cədvəlinin hesabatından görünür ki, İddiaçı (mağaza müdiri) noyabr ayında cəmi 4 gün işdə olmuş, 6 gün xəstəliklə əlaqədar bülletendə olmuş, qalan günlər və dekabr ayında davamsız olaraq işə çıxmamışdır. Bununla əlaqədar olaraq işdə və bülletendə olduğu günlərin əmək haqqı ona ödənilmişdir. Qalan günlər işdə olmadığına görə haqlı olaraq cavabdeh tərəfindən ona əmək haqqı hesablanmamışdır.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
27. Məhkəmə iddia tələbinin xx.xx.2019-xx-xx.20254-cü illər ərzində günlük iş vaxtından əlavə işlədiyi saatlar, bayram və qeyri iş günləri nəzərə alınmaqla cavabdehdən vəsait tutulmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
28. Cavabdeh tərəfindən həmçinin iddia müddətinin tətbiqi barədə ərizəsi məhkəməyə təqdim edilmişdir.
29. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
31. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
32. İddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatından da aydın olur ki, iddiaçı xx.xx.2019-xx-xx.20254-cü illər ərzində günlük iş vaxtından əlavə işlədiyi saatlar, bayram və qeyri iş günləri nəzərə alınmaqla cavabdehdən vəsait tutulmasını xahiş edir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
35. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.
36. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
38. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər.
40. Bundan başqa məhkəmə qeyd edir ki, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı işəgötürən tərəfindən iş vaxtından artıq işlərə cəlb edildiyini iddia etsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə işəgötürənin əmri, sərəncamı, qərarı olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iş vaxtından sonra iş yerində olması onun öz funksiyalarını icra etməsi, işəgötürən tərəfindən iş günü vaxtından artıq müddət ərzində işə cəlb edilməsi kimi qiymətləndirilməsi üçün əsas olmadığından iddiaçının tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.
41. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
42. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
43. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
44. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və eləcə də iddia müddətini ötürmüşdür. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova