Məhkəmə qərarları › İş №2(001)-3418/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3418/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3418/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ümumi dəyəri 14.145 manat məbləğində qiymətləndirilmiş 147 adda əmlakın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 470 manat olan ağ türk qızılından hazırlanmış 587 əyarlı boyunbağının, 1 ədəd dəyəri 320 manat olan ağ türk qızılından hazırlanmış 3,3 qram çəkidə 587 əyarlı biləziyin, 1 ədəd dəyəri 280 manat olan ağ türk qızılından hazırlanmış 3 qram çəkidə 587 əyarlı 1 cüt sırğanın, 1 ədəd Rusiya istehsalı olan 15 manat dəyərində 3-lü qazanın, dəyəri 88 manat olan 4 ədəd hamam dəsmalının, dəyəri 36 manat olan 6 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd çay dəsmalının, dəyəri 35 manat olan 1 ədəd ağ süfrənin, dəyəri 35 manat olan 1 ədəd krem rəngli süfrənin, dəyəri 35 manat olan 6 ədəd billur stakanın, dəyəri 198 manat olan 1 ədəd epilyatorun, dəyəri 114 manat olan 1 ədəd təzyiq aparatının, göstərilən hüququ yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəyə məhkəmə tərəfindən baxılan zaman iddia üzrə tələb edilən əşyaların əksəriyyəti qarşı tərəflə əldə edilmiş razılığa əsasən iddiaçı tərəfindən cavabdehlərin evindən götürülmüş, lakin hazırda tələb edilən əşyalar da digər əşyalar kimi vaxtı ilə iddiaçı tərəfindən alınmasına və ona məxsus olmasına baxmayaraq, yerində olmamış və bu səbəbindən onların götürülməsi mümkün olmamışdır. İddia üzrə tələb edilən qızıl-zinət əşyaları isə dəst şəklində cavabdehlər tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin dəstə daxil olan üzük də hazırda iddiaçının özündədir. Lakin dəstə daxil olan və hazırda tələb edilən digər zinət əşaları Cavabdeh2 tərəfindən lombarda girova qoyulmuş və ona qarşı hazırki iddia qaldırıldıqdan sonra lombarddan götürülmüşdür. Hazırda da cavabdehlərdədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı ərizə təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırki iddiaya məhkəmədə baxılan zaman iddiaçı ilə aralarında əldə edilmiş razılığa əsasən iddiaçı ona məxsus olan və onların yaşadığı evdə saxlanılan bütün əşyalarını götürmüş və hazırda onların evində iddiaçıya məxsus hər hansı əşya qalmamışdır. İddia üzrə tələb edilən məişət əşyalarını, o cümlədən 1 ədəd epilyatoru heç vaxt görməmişdir. İddiaçı ümumiyyətlə belə bir əşyaları onların evinə gətirməmişdir. Həmin əşyalardan yalnız təzyiq ölçən aparat olmuş, onu da iddiaçı evi tərk edəndən sonra görməmişdir. O, təzyiq ölçən aparatdan istifadə etməmiş və bu aparat iddiaçının şəxsi istifadəsində və sahibliyində olmuşdur. İddia üzrə tələb edilən qızıl-zinət əşyaları isə həqiqətdə iddiaçıya hədiyyə verilməmiş, heç vaxt ona məxsus olmamış və iddiaçı həmin zinət əşyalarından istifadə etməmişdir. Həmin zinət əşyaları onun qızına məxsusdur. Sadəcə olaraq onların xahişi ilə qızı tərəfindən iddiaçının nişanı və toyu zamanı üzərində gəzdirmək üçün ona müvəqqəti olaraq verilmiş və bu tədbirlərdən sonra iddiaçı həmin əşyaları qaytarmışdır. İddiaçıda olan və dəstə aid üzüyü isə iddiaçı icazə almadan, özbaşına götürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı ərizə təqdim edərək, Cavabdeh1 izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırki iddiaya məhkəmədə baxılan zaman iddiaçı ilə aralarında əldə edilmiş razılığa əsasən iddiaçı ona məxsus olan və onların yaşadığı evdə saxlanılan bütün əşyalarını götürmüşdür. Hazırda onların evində iddiaçıya məxsus hər hansı əşya qalmamışdır. İddia üzrə tələb edilən əşyalar da onların evində olsa idi, onlar həmin əşyaları da iddiaçıya təhvil verərdilər. Belə ki, əşyalar iddiaçı tərəfindən götürülən zaman siyahıda olmayan, lakin iddiaçıya məxsus olan digər əşyalar da ona təhvil verilmişdir. İddiaçıya məxsus olan hər hansı əşya onlara lazım deyil. İddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları, yəni qızıl dəsti isə onun bacısına məxsusdur, sadəcə olaraq nişan və toy zamanı istifadə edilməsi üçün onların xahişi ilə bacısı tərəfindən müvəqqəti olaraq iddiaçıya verilmişdir. Belə ki, onun qızıl-zinət əşyası almaq üçün maddi imkanı olmamış və iddiaçı da bunu bilmişdir. Həmin əşyaları da bacısının icazəsi ilə lombarda girova qoymuşdur. Belə ki, nişanın və toyun təşkilinin və keçirilməsinin nəticəsi olaraq, habelə iddiaçı ilə birgə təsərrüfat apardıqları dövrdə maddi çətinlikləri yaranmışdır. Bu səbəbdən pula ehtiyacı olmuşdur. Qızıl-zinət dəstinə aid üzüyü isə iddiaçıya heç kim verməmiş, həmin əşyanı o, icazəsiz götürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 30 yanvar 2020-ci il tarixdə Cavabdeh2 ilə faktiki nikaha daxil olmuş və onun, habelə onun anası, yəni digər Cavabdeh1 yaşadığı evə köçərək, 04 fevral 2021-ci il tarixədək cavadbehlərlə birlikdə onların evində yaşamışdır. İddiaçı cavabdehlərin evinə köçərkən özünə məxsus olan müxtəlif əşyaları orada yerləşdirmişdir. Sonradan münasibətləri pozulmuş və 04 fevral 2021-ci il tarixdə cavabdehlərin evini daimi əsaslarla tərk etmişdir. İddiaçı evi tərk edən zaman ona məxsus əşyaların cavabdehlərin evində qaldığını iddia edərək, cavabdehlərə qarşı iddia qaldırmış və özünə məxsus ümumi dəyəri 14.145 manat məbləğində olan 147 adda əmlakın cavabdehlərdən alınaraq, ona qaytarılmasını tələb etmişdir. Mübahisəyə məhkəmədə baxılan zaman məhkəmənin təşəbbüsü ilə tərəflər öz aralarında razılıq əldə etmişlər və həmin razılığa əsasən iddiaçı cavabdehlərin evində olan özünə məxsus əşyaları götürmüşdür. Bundan sonra iddiaçı tələbinin həcmini azaltmış və hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 470 manat olan ağ türk qızılından hazırlanmış 587 əyarlı boyunbağının, 1 ədəd dəyəri 320 manat olan ağ türk qızılından hazırlanmış 3,3 qram çəkidə 587 əyarlı biləziyin, 1 ədəd dəyəri 280 manat olan ağ türk qızılından hazırlanmış 3 qram çəkidə 587 əyarlı 1 cüt sırğanın, 1 ədəd Rusiya istehsalı olan 15 manat dəyərində 3-lü qazanın, dəyəri 88 manat olan 4 ədəd hamam dəsmalının, dəyəri 36 manat olan 6 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd çay dəsmalının, dəyəri 35 manat olan 1 ədəd ağ süfrənin, dəyəri 35 manat olan 1 ədəd krem rəngli süfrənin, dəyəri 35 manat olan 6 ədəd billur stakanın, dəyəri 198 manat olan 1 ədəd epilyatorun, dəyəri 114 manat olan 1 ədəd təzyiq aparatının, göstərilən hüququ yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Sumqayıt şəhər 1 saylı vəkil bürosunun 18.06.2021-ci il tarixli arayışına əsasən İddiaçı ilə Sumqayıt şəhər 1 saylı vəkil bürosu arasında 01.04.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində “əmlakı qaytarılması” tələbinə dair mülki işin aparılması ilə bağlı 336 saylı müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsi üçün müştəri tərəfindən hesaba 200 manat vəsait köçürülmüşdür. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehlərin evinə gətirdiyini və ya öz vəsaiti hesabına aldığını), sonra isə bu əşyaların hazırda cavabdehlərin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. İddiaçı iddia üzrə tələb etdiyi məişət əşyalarını, o cümlədən epilyatorun və təzyiq aparatının ona məxsus olduğunu, məişət əşyalarını özü ilə birlikdə, cavabdehlərin evinə köçən zaman gətirdiyini, epilyatoru və təzyiq aparatını öz vəsaitləri hesabına aldığını iddia edir. Lakin 1 ədəd Rusiya istehsalı olan 15 manat dəyərində 3-lü qazanın, dəyəri 88 manat olan 4 ədəd hamam dəsmalının, dəyəri 36 manat olan 6 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd çay dəsmalının, dəyəri 35 manat olan 1 ədəd ağ süfrənin, dəyəri 35 manat olan 1 ədəd krem rəngli süfrənin, dəyəri 35 manat olan 6 ədəd billur stakanın ümumiyyətlə mövcud olmasını sübut edə bilmir. Dəyəri 198 manat olan 1 ədəd epilyatorun və dəyəri 114 manat olan 1 ədəd təzyiq aparatının mövcud olması öz təsdiqini tapsa da bu əşyaların hazırda cavabdehdə olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Cavabdehlər isə öz növbəsində onların evində olan və iddiaçıya məxsus bütün əşyaların iddiaçı tərəfindən artıq götürüldüyünü, evlərində iddiaçıya məxsus hər hansı əşyanın qalmadığını, iddia üzrə tələb edilən məişət əşyalarını, o cümlədən epilyatoru ümumiyyətlə görmədiklərini, belə bir əşyaların iddiaçı tərəfindən onların evinə gətirilmədiyini, təzyiq ölçən aparatın olduğunu, lakin həmin əşyanın iddiaçının istifadə və sahibliyində olduğunu, iddiaçı evi tərk etdikdən sonra isə bu əşyanı görmədiklərini bildirirlər. Məhkəmə onu da qeyd edir ki, iddia tələbinin həcminin azaldılmasına hazırki işə məhkəmə tərəfindən baxılması zamanı iddiaçını cavabdehlərin evində olan əşyaları götürməsi olmuşdur. Həmin vaxt da hazırda tələb edilən əşyalar götürülən əşyalar arasında olmamışdır. Bununla belə, hüquqi nəticə etibarı ilə həmi əşyaların cavabdehlərdə olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “1 ədəd Rusiya istehsalı olan 15 manat dəyərində 3-lü qazanın, dəyəri 88 manat olan 4 ədəd hamam dəsmalının, dəyəri 36 manat olan 6 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd çay dəsmalının, dəyəri 35 manat olan 1 ədəd ağ süfrənin, dəyəri 35 manat olan 1 ədəd krem rəngli süfrənin, dəyəri 35 manat olan 6 ədəd billur stakanın, dəyəri 198 manat olan 1 ədəd epilyatorun, dəyəri 114 manat olan 1 ədəd təzyiq aparatının cavabdehlərdən alınması” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin “1 ədəd dəyəri 470 manat olan ağ türk qızılından hazırlanmış 587 əyarlı boyunbağının, 1 ədəd dəyəri 320 manat olan ağ türk qızılından hazırlanmış 3,3 qram çəkidə 587 əyarlı biləziyin, 1 ədəd dəyəri 280 manat olan ağ türk qızılından hazırlanmış 3 qram çəkidə 587 əyarlı 1 cüt sırğanın cavabdehlərdən alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia üzrə tələb etdiyi bütün qızıl-zinət əşyalarının reallıqda mövcud olması öz təsdiqini tapır. Belə ki, bu əşyaların mövcud olmasını həm cavabdehlər təsdiq edir, həm də bu hal tərəflərin nişan və toy məclisində çəkilmiş fotoşəkillərlə sübuta yetir. Lakin cavabdehlər həmin qızıl-zinət əşyalarının, yəni qızıl dəstinin iddiaçıya deyil onların yaxın qohumuna (müvafiq olaraq qızına və bacısına) məxsus olduğunu, maddi imkansızlıq səbəbindən iddiaçıya qızıl-zinət əşyası ala bilmədiklərini və bu səbəbdən qeyd edilən qızılz-inət əşyalarının nişan və toy zamanı istifadə edilməsi üçün onların xahişi ilə yaxın qohum tərəfindən müvəqqəti olaraq iddiaçıya verildiyini, iddiaçının bundan məlumatlı olduğunu, həmin əşyaları sonradan onun sahibi olan qohumun icazəsi ilə lombarda girova qoyulduğunu, bunun nişanın və toyun təşkilinin və keçirilməsinin nəticəsi olaraq, habelə iddiaçı ilə birgə təsərrüfat apardıqları dövrdə maddi çətinliklərin yaranması ilə bağlı olduğunu, sonradan lombarddan götürüldüyünü, qızıl-zinət dəstinə aid üzüyün isə iddiaçıya verilmədiyini, həmin üzüyün onun tərəfindən icazəsiz götürüldüyünü bildirirlər. Lakin nəzərə alınmalıdır ki, iddia üzrə tələb edilən qızıl-zinət əşyaları ümumilikdə qızıl dəstini təşkil edir və həmin qızıl dəstinə aid üzük hazırda da iddiaçıdadır. Həmin əşyalar iddiaçıya ilk dəfə 2020-ci ilin yanvar ayında verilmişdir. İddiaçı cavabdehlərlə birgə yaşadığı evi bu hadisədən 1 ildən artıq müddət keçdikdən sonra, yəni 04.02.2021-ci il tarixdə daimi əsaslarla tərk etmiş və həmin üzüyü də aparmışdır. Burdan belə qənaətə gəlmək olur ki, həmin əşya bütün qeyd edilən müddət ərzində fasiləsiz olaraq iddiaçı üçün əlçatımlı olmuş və iddiaçının sərbəst istifadə və sahibliyində olmuşdur. Hər bir halda, bu əşyalar cavabdehlərin qohumuna məxsus olsa idi, nişan və toydan sonra iddiaçıdan alınaraq, onun həqiqi sahibinə qaytarılardı və ötən dövr ərzində iddiaçının sərbəst istifadə və sahibliyində olmazdı və ya iddiaçı tərəfindən götürüldükdən sonra cavabdehlər və ya onun həqiqi sahibi tərəfindən geri tələb edilərdi. Ən azı bu məsələ qarşılıqlı iddia ərizəsinin qaldırılması yolu ilə hazırki icraat çərçivəsində öz həllini tapmış olardı. Lakin göründüyü kimi, həmin üzüyün tələb edilməsi ilə bağlı cavabdehlər tərəfindən hər hansı addım atılmamış, onlar tərəfindən iddiaya qarşı təqdim edilmiş etirazda da bu barədə hər hansı fikir əks etdirilməmişdir. Digər tərəfdən iddia üzrə tələb edilən əşyalar 14.08.2020-ci il tarixdə, yəni toy mərasimindən təxminən 7 ay sonra Cavabdeh2 tərəfindən lombarda girov qoyulmuş və bunun müqabilində 500 manat məbləğində pul götürülmüşdür. Başqa sözlə, bu əşyalar toydan 7 ay sonra da onun cavabdehlər tərəfindən iddia edilən həqiqi sahibində olmamışdır. Cavabdehlərin bu əşyaları onun həqiqi sahibindən icazə alınmaqla lombarda qoyulması barədə fikirləri də əsassızdır. Belə ki, bu halda, dəstə aid olan və hazırda iddiaçıda olan üzük də lombarda qoyulmalı idi. Burdan da belə qənaətə gəlmək olur ki, həmin vaxt da üzük məhz iddiaçının istifadə və sahibliyində olmuşdur. Bununla belə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, cavabdehlərin qızıl-zinət əşyaları ilə bağlı mövqeyi əsassızdır. İddiaçının tələb etdiyi qızıl dəsti (qızıl qolbağ, qızıl sep və bir cüt sırğa) iddiaçıya cavabdehlər tərəfindən hədiyyə verilmiş və onun mülkiyyətini təşkil edir, lakin hazırda cavabdehlərin hər ikisinin qanunsuz sahibliyində və istifadəsindədir. Bu səbəbdən iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, həmin əşyalar cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Belə ki, cavabdehlər bir yerdə yaşayır, bu da həmin əşyaya onların hər ikisinin sahiblik etməsinə imkan yaradır. Digər tərəfdən bu əşyanın cavabdehlərin hər hansı birində olması qənaətinə gəldikdən sonra, digərində olmasının müəyyən edilməsi hüquqi baxımdan həmin əşyanın qaytarılmasını qeyri-mümkün edəcək və yenidən həmin cavabdehə qarşı iddianın qaldırılması zərurətini yaradacaqdır. Məhkəmə onu da nəzərə alır ki, qızıl-zinət əşyasının cavabdehlərdən alınmalı olan zaman mövcud olmaması halı da istisna deyil və belə olan halda cavabdehlərdən həmin qızıl-zinət əşyasının dəyəri alınmalıdır. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 200 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə, göstərilənləri, habelə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 4 məhkəmə iclasında iştirak etməsini, habelə iddia üzrə irəli sürülmüş bir sıra tələblərin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardıma görə ödənilmiş pulun 160 manat hissəsinin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, hər hansı məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddiaçı məcburi köçkün statusuna malik olan şəxsdir və iddia verilərkən dövlət rüsumu ödəməkdən azad olan şəxs kimi bu hüququndan istifadə etmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1 ədəd dəyəri 470 manat olan ağ türk qızılından hazırlanmış 587 əyarlı boyunbağı, 1 ədəd dəyəri 320 manat olan ağ türk qızılından hazırlanmış 3,3 qram çəkidə 587 əyarlı biləzik, 1 ədəd dəyəri 280 manat olan ağ türk qızılından hazırlanmış 3 qram çəkidə 587 əyarlı 1 cüt sırğa, bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, habelə vəkilə çəkilən xərcin əvəzi olaraq 160 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 ədəd dəyəri 470 (dörd yüz yetmiş) manat olan ağ türk qızılından hazırlanmış 587 əyarlı boyunbağı, 1 ədəd dəyəri 320 (üç yüz iyirmi) manat olan ağ türk qızılından hazırlanmış 3,3 qram çəkidə 587 əyarlı biləzik, 1 ədəd dəyəri 280 (iki yüz səksən) manat olan ağ türk qızılından hazırlanmış 3 qram çəkidə 587 əyarlı 1 cüt sırğa, bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, habelə vəkilə çəkilən xərcin əvəzi olaraq 160 (bir yüz altmış) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar