Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3521/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2010cu il təvəllüdlü X2, 02 sentyabr 2011-ci il təvəllüdlü X4 və 17 aprel 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırda başqa şəxslə rəsmi nikahdadır və həmin nikahdan da 3 uşağı doğulmuşdur. Həmçinin, hazırki həyat yoldaşının da digər nikahdan 2 uşağı var. Uşaqların 5-də onun himayəsindədir. Hazırda heç bir yerdə işləmədiyindən onları da maddi baxımdan təmin etməkdə çətinlik çəkir. Eyni səbəblərdən iddia üzrə tələb edilən məbləğdə alimenti də ödəyə bilməyəcək. Mövcud vəziyyətdə hər ay hər uşağa görə maksimum 40 manat məbləğində aliment ödəyə bilər. Lakin alimenti ödəyib ödəməməsindən asılı olmayaraq, daim bu uşaqların maddi baxımdan təmin edilməsinə çalışıb, bu məqsədlə ayda təxminən 400 manat pul xərcləyibdir. Lakin etiraf edir ki, son bir aydır maddi imkansızlıq səbəbindən hər hansı maddi köməklik edə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilməklə, uşaqların saxlanılması üçün ondan hər ay hər uşaq üçün 40 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki münasibətlərindən 08 mart 2010-cu il tarixdə X6, 02 sentyabr 2011-ci il tarixdə X7 və 17 aprel 2015-ci il tarixdə X8 doğulmuşdur. Bu uşaqların hər birinə münasibətdə cavabdehin atalığı müəyyən edilmiş və cavabdeh onların atası hesab edilmişdir. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmışdır. Uşaqlar hazırda iddiaçının himayəsindədir və onun yanında qalır. İddiaçı hazırda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, maddi imkanının zəif olduğunu bildirir, lakin uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa görə 40 manat, cəmi 120 manat məbləğində alimentin tutulmasına razıdır. Cavabdehin hazırki nikahından da 3 uşağı var. Bu uşaqlarla yanaşı hazırki həyat yoldaşının digər nikahından olan 2 uşaq da onun himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qeyd edir ki, araşdırılma zamanı, iddiaçı ilə cavabdeh arasında 08 mart 2010-cu il təvəllüdlü X2, 02 sentyabr 2011-ci il təvəllüdlü X4 və 17 aprel 2015-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə sazişin olmadığı müəyyən edilmişdir. İddiaçı alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Cavabdehin müntəzəm gəlirə malik olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, cavabdeh də belə bir halın mövcud olmadığını bildirir. Bu səbəbədn məhkəmə, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu haqqında tələbləri, cavabdehin ailə və maddi vəziyyətini (ümumilikdə 8 uşaqdır, cavabdehin gəliri qeyri müntəzəmdir), habelə digər diqqətəlayıq halları (cavabdeh özü də etiraf edir ki, ayda təxminən 400 manat pul xərcləyir) nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın maddi təminat almaq imkanının təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının təminatı baxımından belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 135 manat, cəmi 405 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği məhkəməyə müraciət edildiyi, yəni 02.04.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 mart 2010-cu il təvəllüdlü X2, 02 sentyabr 2011-ci il təvəllüdlü X4 və 17 aprel 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 135 manat, cəmi 405 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, aliment məbləği 02.04.2021-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 mart 2010-cu il təvəllüdlü X2, 02 sentyabr 2011-ci il təvəllüdlü X4 və 17 aprel 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 135 (bir yüz otuz beş) manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Aliment məbləği 02.04.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3521/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3521/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver