Məhkəmə qərarları › İş №2(001)-3526/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3526/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3526/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 5320 manatın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçıCavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 5320 manatın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlə xx.xx.2017-ci il tarixində Bakı şəhəri 5 saylı Asan xidmət mərkəzində rəsmi nikah bağlamış, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra o, Bakı şəhəri Binəqədi qəsəbəsində Zəngəzur restoranının yaxınlığında yerləşən fərdi yaşayış evinə köçmüş, xx.xx.2019cu il tarixinədək o, həyat yoldaşı ilə birgə bu ünvanda yaşamışdır. Qaynanası xx.xx.2019-cu il tarixdə evdə təmir işlərinin aparılması adı ilə onu müvəqqəti olaraq valideynlərinin Mərdəkan qəsəbəsində yerləşən evinə göndərmişdir. xx.xx.2019-cu ildə qaynatası ona zəng edərək bir daha evə qayıtmamasına dair göstəriş verərək, müəyyən cehiz əşyalarını götürməyi ona tövsiyyə etmişdir. Bu ərəfədə həyat yoldaşı bir neçə dəfə onu ziyarət etmək üçün Mərdəkanda yaşadığı evə gəlmişdir. xx.xx.2019-cu il tarixdən sonra onların münasibətləri kəskinləşmiş və o, nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. 2019-cu ilin oktyabr ayında həyat yoldaşı onunla barışmaq üçün müraciət etmiş və o, həyat yoldaşı ilə barışaraq nikahının pozulmasına dair ərizəsini geri götürmüşdür. Bundan sonra cavabdeh onun yaşadığı Mərdəkan qəsəbəsində yerləşən valideynlərinin evinə gəlmiş və onlar bir həyətdə ayrıca evdə yaşamağa başlamışlar. 2020-ci ilin yanvar ayının 13-də cavabdeh Mərdəkan qəsəbəsində yerləşən evlərindən xalasıgilə getmək adı ilə çıxmış və bir daha evə qayıtmamışdır. Ailə həyatı qurduqdan sonra cavabdehin anası R.M.Əliyeva onun yaşının az olmasını əsas gətirərək bütün zinət əşyalarını ondan istəmiş və o, həmin əşyalarını həyat yoldaşına vermiş, həyat yoldaşı isə həmin əşyaları R.M.Əliyevaya vermişdir. Bir neçə dəfə xeyir işlərdə iştirak etmək üçün məclislərə gedərkən cavabdeh anasından zinət əşyalarını götürərək ona gətirmiş və o, həmin əşyaları taxaraq məclisdə iştirak etmiş, sonradan həmin əşyaları yenidən həyat yoldaşına qaytarmışdır. Cavabdeh 2019-cu ilin oktyabr ayında onunla barışdıqdan sonra onun valideynlərigilə gəldikdə özü ilə yalnız onun hədiyyə etdiyi nişan üzüyü ilə gəlmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh gedərkən həmin üzüyü və evdə olan 1000 ABŞ dolları və digər xırda pulları da götürmüşdür. Uzun müddətdir ona məxsus qızıl-zinət əşyalarını geri tələb etsə də, cavabdeh onun və ailəsinin təkidlərinə baxmayaraq toy zamanı adət ənənələrə uyğun olaraq ona qohumları və ailə üzvləri tərəfindən hədiyyə olunan zinət əşyalarını qaytarmaqdan boyun qaçırır. Hal-hazırda ona məxsus qızıllar qaynanası X1r. Belə ki, nikaha daxil olduqdan sonra qaynanası ona qızıllar böyükdə ola deyib ona məxsus qızılları özündə saxlamışdır. Məhkəməyə müraciət etdikdən sonra cavabdehə hədiyyə etdiyi qızıl üzüyün cavabdehə məxsus olması ona məlum olduğundan iddia tələbini bu hissədə azaldır. Ona görə də 1000 manat dəyərində olan cavabdeh tərəfindən ona hədiyə edilən nişan üzüyünün, 1500 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ağ qızıl və sarı qızıl üzük, qolbaq, boyunbağı, sırğa dəstinin, 1500 manat dəyərində olan Rusiya istehsalı 750 əyarlı sarı qızıl 18 qram çəkisi olan brilliant üzüyün, 300 manat dəyərində olan 583 əyarlı Rusiya istehsallı bilərziyin, 500 manat təxmini dəyərində olan 750 əyarlı İtaliya istehsallı boyunbağının, 270 manat dəyərində olan Türkiyə istehsallı 585 əyarlı ürək formalı üzüyün, 100 manat dəyərində olan Türkiyə istehsallı qızıl klonun, 150 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ürək formalı qızıl klonun və ya onların cəmi 5320 manat təşkil edən dəyərinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 2019-cu ilin aprel ayında oğlu Cavabdehlə gəlini İddiaçı ayrı yaşadıqları evdən köçməyə hazırlaşırlaşdıqlarından iddiaçının anası və qardaşı gələrək mebellərin içindəki qab-qacağı yığaraq Mərdəkanda yaşadıqları evə aparmışlar. O, iddiaçıdan qızıllar barədə soruşduqda gəlini qızıl-zinət əşyalarını anasına verdiyini demişdir. Bundan sonra oğlu və gəlini Mərdəkana gəlinin valideynlərinin evinə köçmüşlər. Bundan sonra onların münasibətləri yaxşı olmuş, 5-6 ay bir-birlərinə gedib-gəlmişlər. 2019-cu ilin sentyabr ayında Cavabdehlə İddiaçı arasında mübahisə olmuş, onlar boşanmağa qərar versələr də sonradan barışmışlar. Bundan sonra təxminən 3 aya yaxın Cavabdeh iddiaçının valideynlərinin həyətindəki ayrı evdə yaşamış, xx.xx.2020-ci il tarixdə oradan çıxmışdır. İddiaçı xx.xx.2020-ci ildə onun baldızına zəng edərək Cavabdeh evdən getdiyi üçün sonuncudan şikayət verəcəklərini bildirmişdir. Daha sonra onlar iddiaçının yaşadığı evə getdikdə mübahisə yaranmış, iddiaçı onu döymüşdür. Elə həmin gün iddiaçı polis bölməsinə ərizə yazaraq Cavabdeh onu döyməsini, 1000 manat pulu və qızılları oğurlamasını bildirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi qohumları tərəfindən ona hədiyyə olunan qızılları isə onlar görməmişlər. Belə ki, iddiaçı bu qızıllardan heç vaxt istifadə etməmiş, qızılların hansı qohumlar tərəfindən və nəvaxt iddiaçıya hədiyyə olunması onlara məlum deyildir. İddiaçının qızılları onun götürdüyünü deməsi tamamilə yalandır. İddiaçı onlara böhtan ataraq əsassız qazanc əldə etmək niyyətindədir. İddiaçıya hədiyyə olunan qızılların dəyəri 5000 manat təşkil etməmişdir. Onun ailəsi maddi cəhətdən imkansız olduğundan hədiyyə olunan qızılların dəyəri cəmi 1450 manat təşkil etmiş, qızlların əyarı 585 olmaqla çəkisi cəmi 12-14 qram, qramın dəyəri isə 55 manat olmuşdur. İddiaçının tələb etdiyi ürək formalı qızılı onun qızı Əminəyə hədiyyə verilmiş, Əminə isə iddiaçının anasına qızıl üzük hədiyyə etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ona məxsus olan qızıllarının onda olmasını qeyd etsə də, iddia ərizəsində qızılların cavabdeh tərəfindən onun valideyninə məxsus evdən götürülməsi qeyd olunmuşdur. Bu bir daha iddiaçıya məxsus qızılların onun özündə olmasını təsdiq edir. Ona görə də iddia ərizəsinin əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X5 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddia tələbində istinad olunan halları ilk növbədə sübut etmək vəzifəsi iddiaçının özünə aiddir. İddiaçı ona hədiyyə olunan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini iddia etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin əşyaların cavabdehin anasında olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmudur ki, tərəflər 2019-cu ilin aprel-may aylarından etibarən iddiaçının valideynlərinə məxsus evdə yaşamış, iddiaçı isə iddia ərizəsində cavabdehin 2020-ci ilin yanvar ayında yaşadıqları evi tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını da özü ilə aparmasını qeyd etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasına, həmin əşyaların kimdə olmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçının izahatında qeyd etdiyi hallarla iddia ərizsində qeyd etdiyi hallar bir-biri ilə zidiyyət təşkil etdiyindən iddia tələbləri sübuta yetirilə bilnməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünəaid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 5320 manatın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar