Məhkəmə qərarları › İş №2(001)-3585/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3585/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3585/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Nağıyeva Məhbubə Tofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 04 avqust 2020-ci il təvəllüdlü X1 anadan olmuş övladları 18 yaşına çatanadək hər ay onun xeyrinə 175 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Lakin 30.04.2021-ci il tarixində məhkəməyə teleqramma vuraraq bildirmişdir ki, sağlamlığında olan problemlərlə əlaqədar məhkəmə iclasında işirak edə bilməyəcək. Odur ki, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qeyd edilən teleqramma iddiaçının özü tərəfindən göndərilməmişdir. İddiaçının özü ilə arasında münasibət yaxşıdır. İddiaçının özü hal-hazırda ölkə daxilində deyil. Onu özü ilə danışanda belə qaldırılmış iddia tələbindən məlumatının olmadığını bildirmişdir. Həmçinin mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən(AZ EMİS) sorğulanan sərhədkeçmə məlumatından görünür ki, iddiaçı 31.10.2019-cu il tarixdə Respublika sərhəddindən çıxmış və hal-hazıradək geri qayıtmamışdır. 30.04.2021-ci il tarixli(AZ1123/**********) teleqramdan görünür ki, teleqram Bakı şəhəri, Xətai rayonu, M.Hadi 75 ünvanında yaşayan İddiaçı tərəfindən göndərilmişdir. Göründüyü kimi iddiaçının adı ilə məhkəməyə ünvanlanmış teleqram Azərbaycan Respublikası ərazisindən göndərilsə də, iddiaçının Azərbaycan Respublikası ərazisində olmadığı müəyyən edilmişdir. Göstərilənləri və iddiaçının məhkəmənin çağırışına gəlməməsini, habelə məhkəməyə göndərilən teleqramın iddiaçının özü tərəfindən göndərilib-göndərilməməsi ilə bağlı şübhələrin olmasını, cavabdehin işə mahiyyət üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı,259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar