Məhkəmə qərarları › İş №2(001)-3607/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3607/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3607/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh1 ilə rəsçi nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından üç uşaqları doğulmuşdur.İddiaçı nikaha daxil olarkən valideynlərinin ona verdiyi bütün cehiz əşyalarını cavabdehlərin faktiki yaşadıqları evə yerləşdirmişdir. Eyni zamanda valideynləri ona 4 baş iri buynuzlu heyvan da vermişlər. Halhazırda cavabdehlər iddiaçıya hədiyyə edilən qızıl-zinət əşyalarını, cehiz əmlaklarını və 4 baş iri buynuzlu heyvanların qaytarılmasından imtina edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçının qızıllarını cavabdehin qardaşı banka girov kimi qoyaraq, kredit götürüb. Qızıllar altı ay hələ bankda qalmalıdır. İddia ərizəsində sadalanan cehiz əmlaklarına və dörd baş iri buynuzlu heyvanlara qaldıqda isə, onlar da cavabdehlərin yaşadıqları ünvandadır və iddiaçıya məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh1 iddia tələbini tam həcmdə qəbul etməsi barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Məhkəmə iddia tələbini digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini əsaslandırmamış və iddia ərizəsinə tələbinin əsaslılığını sübut edə biləcək hər hansı sübut əlavə etməmişdir. Belə olan halda Cavabdeh1 iddia tələbini etiraf etdiyindən, iddia tələbi yalnız ona münasibətdə təmin edilməli və iddia ərizəsində tələb olunan əmlaklar və ya həmin əmlaklar olmadıqda, onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə əşyaların dəyərini iddiaçının ərizəsində əks etdiyi qiymətlərə uyğun şəkildə qeyd edilməsini qanunauyğun hesab edir. Belə ki, iddianı etiraf edən Cavabdeh1 qeyd olunan qiymətləri təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən - Cavabdeh1 münasibətdə təmin edilsin. Cəmi dəyəri 11000 (on bir min) manat olan yataq dəsti (taxt, şıfonyer, güzgülü komod, yataq dəsti üçün çəkməcəli “tumboçka”, beş ədəd yorğan, döşək, yastıq), cəmi dəyəri 12000 (on iki min) manat olan zal otağındakı mebel (stol və səkkiz ədəd stul, güzgülü komod, uzun “qorka”, bar “qorka”, “mama-papa” kreslo, altı stul), dəyəri 1000 (min) manat olan “LG” markalı televizor, divan künclü, jurnal masası, mətbəx mebeli, qaz plitəsi, aspirator, əl yuyan, iki ədəd “taburetka”, soyuducu, dəyəri 180 (yüs səksən) manat olan “Siemens” markalı tozsoran, dəyəri 1200 (min iki yüz) manat olan paltaryuyan, ütü, cəmi dəyəri 200 (iki yüz) manat olan samovar, çaynik, ətçəkən, dəyəri 80 (səksən) manat olan “Galaxy” ətçəkən, dəyəri 70 (yetmiş) manat olan qazla işləyən sac, dəyəri 40 (qırx) manat olan qaz üstü sac, dəyəri 150 (yüz əlli) manat olan beş dənəli ağır qazan dəsti, dəyəri 300 (üç yüz) manat olan “Berlin” qazan dəsti, dəyəri 70 (yetmiş) manat olan şoraba qazanı, dəyəri 135 (yüz otuz beş) manat olan 3 dənəli tava dəsti, dəyəri 85 (səksən beş) manat olan üç dənəli böyük məclis qazan dəsti, dəyəri 15 (on beş) manat olan iki ədəd dörd ayaq oxlov, altı ədəd podnos – 20 (iyirmi) manat, üç ədəd qaşlı dəst podnos – 150 (yüz əlli) manat, 12 ədəd plastik qab - 21 (iyirmi bir) manat, 10 ədəd balaca çörək qabı – 30 (otuz) manat, 1 ədəd böyük çörək qabı – 25 (iyirmi beş) manat, taxt postel “gəlincik” – 540 (beş yüz qırx) manat, 12 ədəd tək postel, 3 dəsti ipək taxt dəst, 1 ədəd dəst kətan – cəmi 360 (üç yüz altmış) manat, 10 ədəd “anabala” məhraba – 20 (iyirmi) manat, 3 dəst çay dəsmalı 12 dənəli – 60 (altmış) manat, 5 dəst qazan tutan dəsti – 25 (iyirmi beş) manat, 12 ədəd süfrə (kətan süfrə 6 dəst – 280 (iki yüz səksən) manat, 2 ədəd atlas – 100 (yüz manat), 4 ədəd güpürlü əl işi – 480 (dörd yüz səksən) manat), 5 dəst salfet Salı süfrə dəsti (üzüklü) – 250 (iki yüz əlli) manat, 3 büllür bokal dəsti – 450 (dörd yüz əlli) manat, böyük qara qaşlı bokal dəsti – 90 (doxsan) manat, rəngli bokal dəsti – 40 (qırx) manat, qızılı "Versace” bokal dəsti – 70 (yetmiş) manat, 5 dəst sok stəkan dəsti – 30 (otuz) manat, 2 dəst rəngli sok stəkan dəsti – 45 (qırx beş) manat, 2 dəst qaşlı sok stəkan dəsti – 90 (doxsan) manat, 1 dəst “Bodur” sok stəkan dəsti – 50 (əlli) manat, ağ qızılı fincan dəsti – 80 (səksən) manat, 2 ədəd “Shefr" çay və qəhvə dəsti – 90 (doxsan) manat, “Versace” çaynikli pesok qənd qablı dəsti – 100 (yüz) manat, “İtalyanski” çay dəsti -150 (yüz əlli) manat, 2 ədəd “Şhefr” boşqab dəsti – 500 (beş yüz) manat, 6 dəst dəst boşqab – 50 (əlli) manat, 3 paçka stəkannəlbəki – 40 (qırx) manat, gümüş buludlar 2 ədəd – 180 (yüz səksən) manat, 2 ədəd xrustal böyük meyvə qabı – 150 (yüz əlli) manat, 3 ədəd göy “Bogema” meyvə qabı – 150 (yüz əlli) manat, xrustal kül qabı dəsti 3 böyük və 3 balaca – 180 (yüz səksən) manat, 2 dəst ləpə qabı göy ağ – 250 (iki yüz əlli) manat, 6-lı ləpə qabı 2 dəst – 60 (altmış) manat, dondurma qabları 3 dəst (qaşıqlı) – 100 (yüz) manat, kasa dəstləri 2 dəst – 120 (yüz iyirmi) manat, 2 ədəd xrustal qənd qabı uzun və böyük – 100 (yüz) manat, 6 dəst müxtəlif formalı əldə işlətməli qənd qabları – 35 (otuz beş) manat, göy “Bogema” qənd qabı 2 dənə səbət forması – 30 (otuz) manat, böyük xrustal güldan – 600 (altı yüz) manat, qaşıq-biçaq dəsti – 30 (otuz) manat, mətbəx ləvazimatı dəsti poladdan – 100 (yüz) manat, çömçə, kəfkir, qoz qıran, sarımsaq əzən, kartof qarışdıran, qızartma çevirən, şirniyyat götürən, çarpıcı (hər birinnən 2 dənə), mikser – 20 (iyirmi) manat, su ilə tozsoran – 100 (yüz) manat, ütü - 50 (əlli) manat, ütü masası – 25 (iyirmi beş) manat, Terpostop tok termosu – 50 (əlli) manat, Tefal dəm çaynikli – 25 (iyirmi) manat, dəyəri 800 (səkkiz yüz) manat olan dəst qızıl komplekt (biri damla formasında, biri gül formasında üzük-sırğa, 583 əyyar), dəyəri 1400 (min dörd yüz) manat olan 583 əyyar kolye sep-bilərzik dəsti, dəyəri 250 (iki yüz əlli) manat olan 750 əyyar üzük, dəyəri 200 (iki yüz) manat olan 585 əyyar nişan üzüyü, dəyəri 500 (beş yüz) manat olan 7 qr., 585 əyyar uşağın sepi və dəyəri 14000 (on dörd min) manat olan dörd baş iri buynuzlu mal-qara və ya həmin əmlaklar olmadığı təqdirdə onların cəmi dəyəri - 50266 (əlli min iki yüz altmış altı) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar