Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3609/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.753,52 manat məbləğində sığorta ödənişinin, 20 manat məbləğində daşınma xərcinin və 30,4 manat məbləğində dövlət rüsumunun cəmi 21.803,52 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2019-cu il tarixində, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində Cavabdeh1 mülkiyyətində olan, “Mercedes Benz C 180 minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə, “xxxxxxxxxxxx” ASC- də “avtokasko” qaydaları ilə sığortalanmış "Mercedes Benz C 180 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin xx xxxxxx 2019-cu il tarixli, 078-35687 saylı arayışına, xx xxxxxxx 2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilərək AR İXM nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. X7 saytından çıxarışdan göründüyü kimi Cavabdeh2 hadisə zamanı idarə etdiyi, “Mercedes Benz C 180 minik” markalı, **-EN- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. “Mercedes Benz C 180 minik” markalı, 99-NO- 666 dövlət qeydiyyat nişanlı avtomobilin MİP-MK-11332/19 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Mercedes Benz C 180 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxxx 2019-cu il tarixindən xx xxxxx 2020-ci il tarixədək sığorta məbləği 78.000 manat olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsinin İİ Bölməsinə əsasən hər hir hadisə üzrə şərtsiz azadolma məbləği 200 manat məbləğində (avtomobili idarə etmək səlahiyyəti olan şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda ikiqat (400)) müəyyən edilmişdir. Həmin sığorta şəhadətnaməsinin xüsusi şərtlərinin 2-ci bəndinə əsasən sığorta hadisəsi nəticəsində aldığı zərərlərdən asılı olaraq sığortalı avtomobilin hadisə yerindən təmir müəssisəsinə evakuatorla çatıdırılması sığortaçının öhdəliyinə aid edilmişdir. Həmin sığorta şəhadətnaməsinin xüsusi şərtlərinin 4-cü bəndinə əsasən sığorta hadisəsi baş verərkən zərər dəymiş avtomobilin təmiri “Mercedes Benz” markasının rəsmi servisində olunması tərəflər arasında razılaşdırılmışdır. “Mercedes Benz C 180 minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 519763 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göründüyü kimi, həmin nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. xx xxxxxxx 2019-cu il tarixli, BS-C- 19/1627 saylı məktubdan göründüyü kimi, iddiaçı Cavabdeh2 qeydiyyatda olduğu və yaşadığı ünvana məktubla müraciət edərək, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Mercedes Benz C 180 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə həmin hadisə nəticəsində dəymiş zərər məbləğinin qiymətləndirilməsi və təmiri prosesində iştrak etməyi təklif edilmişdir. Lakin, həmin məktub Cavabdeh2 yaşayış ünvanına təqdim edilmədiyi üçün iddiaçı tərəfindən onunla telefon vasitəsi ilə əlaqə saxlanılaraq eyni məlumatları diqqətinə çatdırmışdır. Həmin telefon danışığının yazılışı iddia ərizəsinə əlavə edilmişdir. Daha sonra, Cavabdeh2 iddiaçının inzibati binasına müraciət edən zaman qeyd edilən məktub Cavabdeh2 şəxsən təqdim edilmişdir. “X8 Azərbaycan” MMC tərəfindən təqdim edilmiş, A912/00127 saylı icra edilmiş xidmətlərə dair Akta əsasən, yuxarıda qeyd edilən hadisə nəticəsində “Mercedes Benz C 180 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 26.953,53 məbləğində müəyyən edilmiş və zərər aktı Cavabdeh2 şəxsən təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixli, BS-C-20/0264 saylı məktubdan göründüyü kimi, iddiaçı Cavabdeh2 yaşayış və qeydiyyat ünvanlarına müraciət olunaraq zərər məbləği barədə məlumat göndərilmişdir. “X8 Azərbaycan” MMC ilə “xxxxxxxxxxxx” ASC arasında imzalanmış, xx xxxxxxx 2019-cu il tarixli nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilənin 3.1-ci bəndinə əsasən, “Sifarişçi” sifariş etdiyi ehtİyyat hissələrinin ümumi dəyərinin 50% miqdarında avans ödəməlidir. xx xxxxxx 2019-cu il tarixli, AZ0000542 saylı ödəniş tapşırığından göründüyü kimi, iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən 12.081,75 manat məbləğində pul vəsaiti “X8 Azərbaycan” MMC-nin “xxxxxxxxx” ASC də olan bank hesabına köçürülmüşdür. xx xxxx 2020-ci il tarixli, AZ0000657 saylı ödəniş tapşırığından göründüyü kimi, iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən 14.671,77 manat məbləğində pul vəsaiti “X8 Azərbaycan” MMC-nin “xxxxxxxxx” ASC də olan bank hesabına köçürülmüşdür. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 0083/10/1 saylı aktdan göründüyü kimi, ”Mercedes Benz C 180 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (188 evakuasiya) tərəfindən EV ******* saylı şifarişə əsasən xx xxxxxxx 2019-cu il tarixində 28 may küçəsindən Babək prospektinə evakuasiya edilmiş və daşınma xərci 20 (iyirmi) manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, AZ0000517 saylı ödəniş tapşırığına əsasən daşınma haqqı “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC nin “xxxxxxxxxx” ASC də olan hesabına köçürülmüşdür. Zərərvuran sürücünün idarə etdiyi, “Mercedes Benz C 180 minik” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixində “xxxxxxxxxxxx” ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxx” ASC-yə xx xxxx 2020-cü il geriyə tələb (pretenziya) məktubu göndərilmiş və sonuncunun bir hadisə üzrə əmlaka dəymiş zərər üzrə öhdəliyinin maksimal həddi olan 5.000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsasən geri ödənilməsi xahiş olunmuşdur. Bu səbəbdən həmin məbləğ hazırkı iddia məbləğində nəzərə alınmamamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, avtomobilin təmirinin qiymətləndirilməsində iştirak etməmişdir, ona görə də iddiaçı tərəfindən tələb olunan məbləğlə razı deyil. O, iddiaçıya dəymiş ziyanla bağlı hər ay yalnız 30-40 manat ödəyə bilər. Digər Cavabdeh1 bu işlə əlaqəsi yoxdur, çünki o, avtomobili idarə etməyə etibarnamə vermişdir. Məhkəmə iclasları barədə xəbəri var, lakin iştirak etmək istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı 519763 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir; xx xxxx 2019-cu il tarixli Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus “Mercedes Benz C 180” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini Cavabdeh2 etibar etmişdir. Etibarnamə xx xxxx 2020-ci il tarixədək qüvvədədir; AD seriyalı 474896 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil X2 mülkiyyətindədir; Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C 180” (**-NO-***) minik markalı avtomobil “xxxxxxxxxxxx” ASC-də nəqliyyat vasitəsinin kasko sığortası növündə 78.000 manat məbləğində sığortalanmışdır. Hər bir hadisə üzrə azadolma məbləği 200 manat təşkil edir. Şəhadətnamənin 2-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində avtonəqliyyat vasitəsinin aldığı zərərdən asılı olaraq hadisə yerindən təmin müəssisəsinə qiymətləndirilmə və ya təmir üçün nəqliyyat vasitəsinin evakuatorla çatdırılması təminata daxildir; Qeyd edilən şəhadətnamənin 4-cü bəndinə əsasən sığorta hadisəsi baş verərkən zərər dəymiş avtomobilin təmiri rəsmi – Mercedes Abşeron servis mərkəzində həyata keçiriləcək; X7 portalından əldə olunmuş çıxarışdan görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil “xxxxxxxxxxxx” ASC-də icbari sığorta növündə sığortalıdır; xx xxxxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; xx xxxxxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin “xxxxxxxxxxxx” ASC-yə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş 60 manat cərimə xx xxxxxx 2019-cu il tarixdə dəbbə pulu ilə birlikdə (61,20 manat) bank vasitəsilə Cavabdeh2 tərəfindən ödənilmişdir; xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, etibarnamə ilə idarə etdiyi **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomaşınla xx xxxxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində Qarabağ küçəsində hərəkət etmiş, Dəmirçizadə küçəsi ilə kəsişmədə dayanma nişanını görməmiş, bir avtomaşını gözləməklə hərəkət etmişdir. Sağ tərəfdən yüksək surətlə gələn **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobillə toqquşmuş, avtomobil sağ ön hissədən zədələnmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. O və qarşı tərəf spirtli içki qəbul etməmişdir; xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində ona məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobillə hərəkətdə olduğu zaman sol tərəfdən anidən çıxan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil yol qayda hərəkətini pozaraq idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymiş, avtomobilin hava yastıqları, alın şüşəsi, buferi, motorxana hissəsi, sol qabaq işıqlandırması əzilmişdir. Hadisə zamanı o, xəsarət almamışdır; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində Dəmirçizadə küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində X3 məxsus “Mercedes Benz C 180”minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz C 180” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu barədə xx xxxxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, hadisə nəticəsində əmlaka zərər vurulmuşdur; “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli sığorta aktından görünür ki, “Mercedes Benz C 180” (**-NO-***) minik markalı avtomobil “xxxxxxxxxxxx” ASC-də nəqliyyat vasitəsinin kasko sığortası növündə 78.000 manat məbləğində sığortalanmışdır. Sığortalı (faydalanan şəxs) X4, azadolma məbləği isə 200 manat müəyyənləşdirilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 26.953,52 manatın 200 manat azad olma məbləği X4 tərəfindən ödəniləcəkdir, qalan 26.753,52 manat isə “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalı avtomobilin təmiri üçün “X8 Azərbaycan” MMC-nin hesabına ödəniləcəkdir; “X8 Azərbaycan” MMC tərəfindən tərtib edilmiş icra edilmiş xidmətlərə dair xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilin təmir bərpa işlərinə çəkilən xərc 26.953,53 manat təşkil edir; xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “X8 Azərbaycan” MMC-nin hesabına 12.081,75 manat məbləğində vəsait köçürülmüşdür; xx xxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “X8 Azərbaycan” MMC-nin hesabına 14.671,77 manat məbləğində vəsait köçürülmüşdür; xx xxxxxx 2019-cu il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 0083/10/1 nömrəli aktdan görünür ki, “xxxxxxxxxxxx” ASC-nin EV1381409 nömrəli sifarişi əsasında xx xxxxxxx 2019-cu il tarixdə **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobilin 28 may ərazisindən Babək prospektinə daşınması xidmətini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC icra etmişdir. Xidmət haqqı 20 manat təşkil edir. Qeyd edilən xidmət haqqı xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir; “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh2 ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş YHN nəticəsində “Mercedes Benz C 180” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin icbari sığorta qanunvericiliyi ilə müəyyən edilmiş sığorta məbləğindən (5.000 manatdan) yüksək olmaq ehtimalı yarandığından, Cavabdeh2 qeyd olunan avtomobilin qiymətləndirmə və təmir prosesində iştirak etməsi təklif olunmuşdur; “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx xxx 2020-ci il tarixli geriyə tələb məktubunun surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən cavabdehlərə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz C 180” markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği barədə məlumat verilmiş və 5 gün müddətində zərərin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər; xx xxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil ilə “xxxxxxxxxxxx” ASC tərəfindən “avto kasko” sığorta növü üzrə sığortalanmış X3 məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 26.953,52 manat məbləğində zərər vurmuş, hadisə nəticəsində “xxxxxxxxxxxx” ASC tərəfindən 200 manat məbləğində azadolma nəzərə alınaraq zərər vurulmuş avtomobilin təmir-bərpa işləri üçün “X8 Azərbaycan” MMC-yə 26.753,52 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin zərərin 5.000 manatının cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış “xxxxxxxxxxxx” ASC tərəfindən ödəniləcəyi nəzərə alınmışdır. Bundan əlavə, zərər dəymiş avtomobilin hadisə yerindən daşınması üçün isə 20 manat məbləğində vəsait daşıma xidmətini icra edən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı avtomobil Cavabdeh2 tərəfindən qanuni əsaslarla idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı tələbi əsaslıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə **-EN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” minik markalı nəqliyyat vasitəsini Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni qanuni əsaslarla idarə etmişdir. Belə olan halda, yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 tərəfindən hər hansı mülki hüquq pozuntusu törədilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh2 21.753,52 manat məbləğində sığorta ödənişinin əvəzi və 20 manat daşıma xərci “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 15 manatı və 0,4 manat məbləğində xidmət haqqı Cavabdeh2 iddiaçı “xxxxxxxxxxxx” ASCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 21.753,52 (iyirmi bir min yeddi yüz əlli üç manat, əlli iki qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 20 (iyirmi) manat daşıma xərci, ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı və 0,4 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3609/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3609/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver