Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3633/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızları Əlizadə Nəzrin bakalavr pilləsində təhsil aldığı müəssisədə təhsilini bitirənədək hər ay sabit pul məbləğində, yəni 220 manat alimentin ödənilməsi davam etdirilməsi, eyni zamanda əlavə xərclər kimi 950 manat hər il təhsili bitənədək iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında olan nigah pozulmuş və qızları yetkinlik yaşına çatanadək alimentin ödənilməsi qət edilmişdir. Birgə nigahdan xx.xx.2005-ci ildə qız övladıları Əlizadə Nəzrin dünyaya gəlmişdir. 2022-ci ildə Bakı Slavyan Universitetində ödənişli təhsil Bakalavr dərəcəsinə qəbul olmuşdur. Təhsil haqqı illik 1900 manat təşkil edir. xx.xx.2023cü ildə qızlarının 18 yaşı tamam olmuş, yəni yetkinlik yaşına çatmışdır. Bu səbəbdən alimentin ödənilməsi dayandırılmışdır. Hal-hazırda qızları Əlizadə Nəzrin Bakı Slavyan Universitetində ödənişli təhsil alır. Bakalavr pilləsində təhsil aldığı üçün, qanunvericiliyin tələbinə əsasən təhsili tamamlayanadək aliment ödənməlidir. Bununla əlaqədar olaraq minimum aliment məbləğində yəni, 220 manatın hər ay qızları X2 təhsilini tamamlayanadək cavabdeh tərəfindən ödənilməlidi və illik ödəniş haqqı 1900 manat təşkil edir. Əlavə xərclərin bölünməsi qanunvericilikdə nəzərdə tutulduğu üçün o, övladılarının təhsil haqqını onunla aralarında bərabər şəkildə bölünməsini, yəni öhdəliyi onun üzərində olan 950 manatın cavabdeh tərəfindən ödənilməsini təklif edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 444326 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Slavyan Universitetinin hesabına 950 manat məbləğində təhsil haqqın ödənilmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı aliment və maddi tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. AZ-İ 095693 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 146 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əzizzadə” soyadı verilmişdir. Şəxsi kabinetin ümumi məlumatlarından görünür ki, təhsil haqqının məbləği 1900 manat təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin arayışından görünür ki, X2 həmin universitetin Tərcümə fakültəsində Tərcümə (Azərbaycan dili-rus dili) ixtisası üzrə İ tədris ilinin T-102 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşağı xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatdığından iddia rədd edilməlidir. Belə ki, Məhkəmə qeyd edir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, yetkinlik yaşına çatmış övlad özü (onun fəaliyyət qabilliyyəti varsa) məhkəmədə iddia qaldıra bilər. Bu halda valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, X2 yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətlidir və hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində Tərcümə (Azərbaycan dili-rus dili) ixtisası üzrə İ tədris ilinin T-102 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır. Belə olan halda və qanunvericilik normalarını rəhbər tutaraq X1 təhsil haqqının yarısını ödəmək vəzifəsini valideyni (atası) Cavabdeh üzərinə qoyula bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2005-ci il təvəllüdlü X2 artıq yetkinlik yaşına çatmış və fəaliyyət qabilliyətli şəxs olduğundan, valideyni (atası) Cavabdeh əlavə xərclərə cəlb olunmasına dair iddia tələbi ilə özü məhkəməyə müraciət etməlidir. Odur ki, iddiaçının övladı üçün cavabdehdən əlavə xərclərin tutulması hissəsində iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: Rəşad Qoşqarlı