Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3665/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 05 sentyabr 2007-ci il təvəllüdlü X2 adlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh 05 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından 05 sentyabr 2007-ci il təvəllüdlü Zümrüd adlı uşaqları vardır. Sonradan tərəflər arasındakı nikah pozulmuş, bu barədə 30 yanvar 2010cu il tarixdə müvafiq şəhadətnamə verilmişdir. İddiaçı cavabdehlə aralarındakı nikah pozulduqdan sonra cavabdehdən aliment tələbi olmamış, lakin uşaq böyüdüyündüən və onun tələbatları da artdığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra uşağı ilə maraqlanmamış, onun saxlanması üçün könüllü olaraq iddiaçıya heç bir maddi yardım göstərməmiş, uşağın heç bir xərcini ödəməmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, heç bir yerdə işləmir, həmçinin, yenidən ailə həyatı qurmuş və yeni evliliyindən 2 yetkinlik yaşına çatmamış uşağı vardır. Buna görə, iddiaçıya aliment ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh 05 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 05 sentyabr 2007-ci il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasındakı nikah 30 yanvar 2010-cu il tarixdə pozulmuşdur. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ərizəsində 250 manat sabit pul məbləğində alimentin cavabdehdan tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün maddi imkanının olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, təhsili ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği 175 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 08 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 sentyabr 2007-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 08 aprel 2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3665/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3665/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver