Məhkəmə qərarları › İş №2(001)-3665/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3665/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3665/2024 05.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahlarından doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Nikahlarından xx.xx.2023-ci il təvəllüdlü X4 anadan olmuşdur. xx.xx.2023-cü ildə rəsmi şəkildə boşanmışlar. Artıq bir ildən çoxdur ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmamışdır, onun təlim-tərbiyəsi ilə məşğul olmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdehlə nikahı o hamilə olarkən xx.xx.2023-cü il tarixdə Asan xidmət mərkəzində pozulmuşdur. Uşaq olanda cavabdeh uşağı qəbul etmədi, o da bu səbəbdən uşağına atasının ad və soyadını vermək istəməsə də, “Asan Xidmət” Mərkəzində nikah pozulduqdan sonra müəyyən müddət ərzində doğulan uşaqlara atalığın qanuna əsasən cavabdehə verilməli olduğunu bildirdilər. Cavabdeh uşağı anadan olandan görməmişdir. Bundan başqa iddiaçı ərizə təqdim edərək, körpə uşağının olması səbəbindən məhkəmə iclasının onun işrirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. 7 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilən AZ İİ seriyalı, №518694 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 376№ ilə qeyd aparılmışdır. Nikah bağlanandan sonra arvada “Hüseynova” soyadı verilmişdir.

6. AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixində doğulmuşdur.

7. AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixində doğulmuşdur.

8. 7 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 896575 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 1718№ ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.

9. 7 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilən AZ-İ seriyalı, №427390 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2023-cü il tarixində nikah pozulmuşdur, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01№ ilə qeyd aparılmışdır. Nikah pozulandan sonra qadına “Sadıxova” soyadı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nikah, arvad hamilə olarkən xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında pozulmuşdur. Nikahın pozulmasından sonra xx.xx.2023-cü il tarixdə X4 doğulmuşdur və keçmiş ər uşağın atası kimi qeyd edilmişdir.

11. İddiaçı cavabdehin uşağın saxlanmasında ona maddi dəstək olmadığına istinad edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir.

12. Elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, cavabdeh restoranda aşbaz kimi işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 44.2-ci maddəsində qeyd edilmişdir ki, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.

16. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar.

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Eyni zamanda Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.

21. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaq halhazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.

22. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 mənafeyini, validyenlərin uşaqlarını saxlamağa borclu olduqlarını, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq hesab edir ki, xx.xx.2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

24. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Tətbiq edilən prosessual normalar:

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

29. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə:

30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment məbləği 02 may 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar