Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3690/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, Cavabdeh1 10.000 manat məbləğində pulun və Cavabdeh2 10.000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlərin şikayətləri nəticəsində iddiaçı dəfələrlə polis orqanlarına getmək və orada izahat vermək, habelə Cavabdeh2 xüsusi ittiham qaydasında verdiyi şikayəti əsasında məhkəmədə iştirak etmək məcburiyyətində qalmışdır. Aparılmış araşdırmalarla bu şikayətlərin əsassız olduğu müəyyən edilmişdir. Bu hadisələr nəticəsində iddaçı mənəvi sarsıntı və əsəb keçirmiş, hazırda da bu vəziyyətdən çıxmaq üçün müxtəlif, o cümlədən sakitləşdirici dərmanlar qəbul edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, bir neçə ildir ki, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binada ailəsi ilə birlikdə yaşayır. İddiaçı həmin binanın komendantı kimi fəaliyyət göstərir. Həmin binada idarəçilik tələb olunan səviyyədə təşkil edilmədiyi üçün müəyyən məsələlərdə onunla binanın idarəçiləri, o cümlədən iddiaçı arasında fikir ayrılığı yaranmışdır. Bu səbəbdən o, əvvəllər kommunal haqqı ödəsə də, son bir il ərzində ödəməmişdir. Belə ki, müraciət etməsinə baxmayaraq, binanın saxlanılması üçün yiğılan kommunal haqqın xərclənməsi və ümumiyyətlə hər mənzilin üzərinə düşən aylıq xərclər barədə ona ətraflı məlumat verilmir. Halbuki, bu barədə ona məlumat verilməlidir. O, da təqdim edilmiş hesabata uyğun olaraq hər ay kommunal xərc ödəməyə razıdır. Lakin ona bu barədə məlumat vermək əvəzinə kommunal haqqın ödənilməməsi səbəbindən iddiaçının tapşırığı və təşəbbüsü ilə onun mənzilinə çəkilmiş su borusu 2020-ci ilin noyabr ayında kəsilmiş və plastmas qapaqla bağlanmışdır, nəticədə onun mənzilinə suyun verilməsi qanunsuz olaraq dayandırılmışdır. Onun "xxxx" ASC-yə hər hansı məbləğdə borcu olmamış və həmin boru buna səlahiyyəti olan "xxxx" ASC tərəfindən kəsilməmişdir. Bu hadisənin araşdırılması üçün o, Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı da su borusunun məhz iddiaçı tərəfindən qəsdən kəsildiyi müəyyən edilmişdir. Bundan sonra yenə də kommunal haqqın ödənilməməsi səbəbindən 2021-ci ilin fevral ayının əvvələrində yaşadığı binanın bütün bloklarında, o cümlədən dəhlizdə və liftlərdə üzərində onun kommunal haqqı borcunun olması barədə məlumatları əks etdirən alt tərəfində isə “müdiriyyət” sözləri yazılmış kağızlar yapışdırılmışdır. Məhz bununla bağlı X4 və iddiaçı barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçıya mənəvi zərər vurmaq niyyətində olmamış, onun şikayət və müraciətləri iddiaçının ona qarşı etdiyi hərəkətlərdən irəli gəlmiş və pozulmuş hüquqlarını bərpa etmək üçün verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, kommunal haqqın ödənilməməsi səbəbləri, mənzilinə gedən su borusunun kəsilməsi və bununla bağlı Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsinə müraciət etməsi məsələləri ilə bağlı Cavabdeh2 izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bu barədə binanı inşa edən X2 rəsmi müraciət etməsinə baxmayaraq, ona bu günədək göstərilən xidmətlərə dair müqavilə təqdim edilməmişdir. Belə ki, göstərilən xidmətlərin siyahısı, 1 kv.m. sahə üçün yığılan kommunal haqqı və digər zəruri şərtlər məhz həmin müqavilədə göstərilməlidir. Hazırda onun tərəfindən kommunal haqqın ödənilməməsi də məhz bu barədə müqavilənin ona təqdim edilməməsi ilə bağlıdır. Hesab edir ki, kommunal haqqı düzgün hesablanmır. İddiaçı isə bu halı əsas götürüb onun su borusunu qanunsuz və əsassız olaraq kəsmişdir. Bundan bir neçə ay sonra, yəni 02.03.2021-ci il tarixdə ona məxsus avtomobilin arxa sol təkərinin deşildiyini aşkar etmişdir. Binada quraşdırılmış video müşahidə sisteminin işləmədiyi ona bildirildiyindən, o baş vermiş hadisənin araşdırılması üçün Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinə müraciət etmiş, lakin hadisənin məhz iddiaçı tərəfindən törədilməsini bildirməmiş və şikayəti bilavasitə onunla bağlı olmamışdır. O, sadəcə bir neçə ay əvvəl iddiaçı və binanın digər idarəçiləri ilə onun arasında mübahisənin baş verdiyini bildirmiş və bu əməlin iddiaçı tərəfindən törədilməsini ehtimal etdiyini qeyd etmişdir. O, iddiaçıya qarşı heç vaxt qərəzli mövqeydə olmamış, onun tərəfindən verilmiş şikayətlərin hər biri konkret hadisə ilə bağlı olmuşdur və iddiaçıya mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. İlk şikayəti üzrə aparılmış araşdırma zamanı da su borusunun məhz iddiaçı tərəfindən kəsildiyi öz təsdiqini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə yerləşən hündür mərtəbəli yaşayış binasını inşa etmiş X3 ilə İddiaçı arasında bağlanmış 01.06.2020-ci il tarixli müqaviləyə əsasən həmin binada kommunal xidmətlərin göstərilməsi ilə bağlı bütün işlərin görülməsi, o cümlədən kommunal xidmət haqqının yığılması iddiaçıya həvalə edilmişdir. İddiaçı hazırda da həmin binada bu xidmətlərin göstərilməsini təmin edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailələri ilə birlikdə hazırda qeyd edilən binada yaşayırlar. Cavabdehlər hər ikisi 12.11.2020-ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinə müraciət edərək, onlara məxsus mənzillərə gedən su borusunun dəhlizdə olan sayğac dolabından naməlum şəraitdə kəsilməsini və yenidən plastmas qabaqla bağlanmasını aşkar etdiklərini bildirmişlər və bu əmələ yol vermiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdilər. Araşdırma zamanı özünü binanın komendantı kimi təqdim edən iddiaçıdan şübhələndiklərini və hadisə zamanı onlara (hər birinə) ümumilikdə 50 manat məbləğində maddi ziyanın vurulduğunu bildirmişdilər. İzahatı alınmış iddiaçı binanın təchizat şöbəsində işlədiyini, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin kommunal haqq ödəmədiklərini, suyun mənzillərə daha yaxşı qalxmasının təmin edilməsi üçün binanın zirzəmisində elektrik enerjisi ilə işləyən su mühərrikinin quraşdırıldığını, lakin cavabdehlər kommunal haqq ödəmədiyindən elektrik borcunun ödənilməsi vəzifəsinin onların üzərinə düşdüyünü, bu səbəbdən, yəni kommunal borc ödənilmədiyindən dəhlizdə, su sayğacının yerlşdiyi olan su xəttini kəsdiyini bildirmişdir. Hər iki şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.11.2020-ci il tarixli qərarlara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçı tərəfindən cavabdehlərə məxsus mənzillərin su boru xətlərinin qəsdən kəsilməsi və nəticədə onların hər birinə 50 manat maddi ziyan vurulduğu müəyyən edilmiş və cavabdehlərin əmlakını qəsdən zədələmiş iddiaçının Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunmasının bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən 13.11.2020-ci il tarixdə tərtib edilmiş “42 "xxxx" ASC-yə məxsus plombun dəyişdirilməsi/quraşdırılması barədə” akta əsasən abonent Cavabdeh1 məxsus su sayğacının plombu dəyişdirilmiş və bu abonentin su xəttinin fəaliyyətinin binanın komendantı tərəfindən kommunal borca görə qeyri-qanuni dayandırıldığı qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 02.03.2021-ci il tarixdə eyni Polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək, 02.03.2021-ci il tarixdə ona məxsus avtomobilin arxa sol təkərinin deşilərək, avtomobilinə maddi ziyan vurulduğunu aşkar etdiyini bildirmiş və bu hadisəni törətmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bu müraciətlə bağlı aparılmış araşdırma zamanı cavabdeh öz izahatında baş vermiş hadisədə konkret olaraq şübhələndiyi şəxsin olmadığını, 2-3 ay əvvəl yaşadığı binanın komendantı, yəni iddiaçı və kooperativin digər işçiləri ilə aralarında mübahisənin baş verdiyini, bu səbəbdən bu əməlin həmin şəxs tərəfindən törədildiyini ehtimal etdiyini bildirmişdir. İddiaçı isə öz izahatında qeyd edilən əməlin onun tərəfindən və ya onun tapşırığı əsasında deşilmədiyini bildirmişdir. Nəticədə qeyd olunan hadisəni törətmiş şəxsi müəyyən etmək mümkün olmamış və cavabdehə məxsus avtomobilin təkərinin iddiaçı tərəfindən deşilməsi faktı öz təsdiqini tapmamış və qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12.03.2021-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Cavabdeh2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin şikayətin verilməsinə onun yaşadığı binanın bloklarında onun kommunal haqq ödəməməsi barədə məlumatın əks etdirildiyi kağızların yapışdırılması olmuşdur. Məhkəmənin 21.04.2021-ci il tarixli qərarı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı da cavabdehlərin qeyd edilən əsassız şikayətləri üzrə bir neçə dəfə hüquq mühafizə orqanları tərəfindən aparılmış araşdırmaya cəlb edildiyini, o cümlədən polis orqanlarına və məhkəməyə gedərək, izahat vermək məcburiyyətində qaldığını, araşdırmanın nəticələri üzrə təqsirinin olmadığının müəyyən edildiyini, cavabdehlərin bu hərəkətləri nəticəsində mənəvi istirab keçirdiyini və hələ də keçirməkdə davam etdiyini iddia edir və cavabdehlərin hər birindən 10.000 manat məbləğində mənəvi ziyanın tutulmasını tələb edir. Cavabdehlər iddianı qəbul etmirlər, şikayətlərin hər birinin konkret hadisə ilə bağlı olduğunu, iddiaçıya mənəvi zərər vurmaq niyyəti ilə deyil, pozulmuş hüquqlarının bərpa edilməsi üçün verildiyini bildirirlər. Azərbaycan Respublikasının Konsitutsiyasının: 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 8-ci bəndində plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən yalnız mənəvi zərərin tutulmasını tələb etsə də, iddia ərizəsində cavabdehlər tərəfindən onun barəsində hüquq-mühafizə orqanlarına əsassız şikayətlərin verilməsini iddia etməklə, hüquqi nəticə etibarı ilə cavabdehlər tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasını iddia edir və onun bu iddiası dolayısı ilə şərəf və ləyaqətinin, habelə işgüzar nüfuzunun müdafiəsi ilə bağlıdır. Məhkəmə, ilk növbədə hər iki cavabdeh tərəfindən iddiaçı barədə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə edilmiş şikayətlə bağlı qeyd edir ki, onların belə bir addım atmasına əsas mənzillərinə gedən su borusunun dəhlizdə olan sayğac dolabından naməlum şəraitdə kəsilməsi və plastmas qapaqla bağlanması olmuşdur. Bu hadisə nəticəsində cavabdehlər və onların ailə üzvləri müəyyən müddət sudan istifadə edə bilməmişdilər. Bununla bağlı onların şikayətləri qeyd edilən polis bölməsi tərəfindən araşdırılmış və bu zaman cavabdehlərin şübhələrinə uyğun olaraq izahatı alınmış iddiaçı öz izahatında cavabdehlər tərəfindən kommunal borcların ödənilməməsi səbəbindən dəhlizdə yerləşən və onların mənzilinə gedən su xəttinin kəsilərək, plastmas qapaqla bağlandığını bildirmişdir. Başqa sözlə, iddiaçı səbəblərini göstərməklə bu əməlin onun tərəfindən (onun tapşırığı əsasında) törədildiyini etiraf etmişdir. Araşdırmanın nəticələri üzrə Polis Bölməsi tərəfindən qəbul edilmiş 22.11.2020-ci il tarixli qərarlarda cavabdehlərə məxsus mənzillərin su xəttlərinin iddiaçı tərəfindən (onun tapşırığı əsasında) qəsdən kəsildiyinin müəyyən edildiyi vurğulanmışdır. Halbuki, iddiaçı belə bir səlahiyyətə malik deyil. Onun həmin binanın idarəçiliyinə cəlb edilməsi də ona belə bir səlahiyyət vermir. Bununla belə suyun insan həyatındakı rolu və əhəmiyyəti nəzərə alındığı halda, qeyd edilən hadisə nəticəsində, daha çox, müəyyən müddət su təchizatı kəsilmiş cavabdehlərin, yoxsa bu əməli törətdiyinə görə polis bölməsində izahat verən iddiaçının həmin vaxt mənəvi sarsıntı keçirməsinin özü sual doğurur. Cavabdeh1 02.03.2021-ci il tarixdə yenidən həmin Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etməsi ilə bağlı qeyd olunmalıdır ki, bu dəfə şikayət ərizəsi həmin tarixdə bu cavabdehə məxsus nəqliyyat vasitəsinin arxa sol təkərinin naməlum şəxs tərəfindən deşilməsi ilə bağlı olmuşdur. Cavabdeh də məsələyə aydınlıq gətirilməsi üçün ilk öncə həmin ərazini qeydə alan videokameralara baxış keçirilməsi üçün müraciət etmiş, lakin videokamelararın fəaliyyət göstərməməsi barədə cavab aldıqdan sonra şikayət ərizəsi ilə həmin Polis Bölməsinə müraciət etmişdir. Həmin vaxt cavabdeh hadisənin törədilməsində şübhələndiyi konkret şəxsin olmadığını qeyd etmiş və bir neçə ay əvvəl onunla iddiaçı arasında yaranmış mübahisəyə istinadən qeyd edilən əməlin iddiaçı tərəfindən törədildiyini ehtimal etdiyini bildirmişdir. Məhkəmə, Cavabdeh2 iddiaçı barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı qeyd edir ki, bu şikayətin verilməsinə əsas bu cavabdeh barəsində onun kommunal haqqın ödənilməməsi barədə məlumatları özündə əks etdirən kağızların nəinki cavabdehin yaşadığı, həmçinin binanın bütün bloklarında yapışdırılması olmuşdur. Həmin kağızların altında da “müdiriyyət” sözünün qeyd edilməsi bu kağızların həmçinin iddiaçının tapşırığı ilə yapışdırılması, habelə iddiaçının ən azı bundan məlumatlı olması qənaətinə gəlmək üçün əsas yaradır. Həmin şikayət üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 202/2021 saylı, 21.04.2021-ci il tarixli qərarında da iddiaçı bu kağızların onun tərəfindən yapışdırılmamasını qeyd etmir, sadəcə olaraq bu işin cinayət xarakterli olmadığını bildirir və baxılmamasını xahiş edir. Bununla da bu kağızların məhz iddiaçının tapşırığı və ya onun razılığı ilə yapışdırılması artıq şübhə doğurmur. Belə olan halda da, tərəflərdən hansının daha çox mənəvi sarsıntı keçirməsi sual yaratmış olur. Beləliklə, məhkəmə yuxarıda göstərilən və iddiaçının istinad etdiyi şikayət ərizələri ilə bağlı qeyd edir ki, cavabdehlərin şikayətləri hüquqi nəticə etibarı ilə iddiaçı barəsində hər hansı, o cümlədən həqiqətə uyğun olmayan məlumat yaymaq, habelə ona mənəvi zərər vurmaq xarakteri daşımamışdır. Hər bir halda, baş vermiş hadisələrlə bağlı cavabdehlərin bir sıra qanunsuz (su xəttlərinin kəsilməsi ilə bağlı iddiaçıya qarşı eyni münasibət sərgiliyib onun mənzilinə gedən su xəttlərinin kəsilməsi, su xəttlərini kəsən şəxslərə, o cümlədən iddiaçıya fiziki müqavimət göstərilməsi, onlarla əlbəyaxa olması, bu əməlin məhz iddiaçı tərəfindən törədilməsi qənaətinə gələrək iddiaçının nəqliyyat vasitəsinin arxa sol təkərinin deşilməsi, kommunal haqqların yığılması sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumatları əks etdirən kağızların binanın bloklarında yapışdırılması və sair) və qanuni (hüquq mühafizə və məhkəmə orqanlarına şikayət vermək) tədbir görmək imkanı olmuşdur ki, cavabdehlər də məhz qanuni tədbirlər görmüşdülər. Bu səbəbdən onların şikayətləri əsasında iddiaçının hüquq mühafizə orqanlarında və məhkəmədə iştirak etməsi nəticəsində mənəvi sarsıntı keçirməsinə (əgər həqiqətən də keçirmişdirsə) görə cavabdehlər məsuliyyət daşıya bilməzlər. Hər bir halda, cavabdehlərin Polis Bölməsinə olan şikayətləri üzrə araşdırma aparılarkən iddiaçının adının çəkilib-çəkilməməsindən asılı olmayaraq, iddiaçının binanın idarəçiliyinə cəlb edilən və əsasən həmin binada baş verənlər barədə məlumatlı olan bir şəxs olaraq polis Bölməsinə dəvət edilməsi və onun da izahatının alınması istisna deyil. Ümumiyyətlə iddiaçının mövqeyindən belə qənaətə gəlmək olur ki, iddiaçı kommunal xərcləri ödəməyən sakinlər barəsində müxtəlif tədbirlər görə bilər, hətta "xxxx" ASC-nin səlahiyyətlərini mənimsəyərək, onların mənzilinə gedən su xəttini kəsə bilər, bu sakinlər tərəfindən kommunal xərclərin ödənilməməsi barədə məlumatlar yaya bilər, lakin bu zaman həmin sakinlər tərəfindən qanunvericiliyin tələblərinə uyğu olaraq hər hansı tədbir görülməməlidir. Hər bir halda, sakinin mənzilinə gedən su xəttini kəsmək qərarına gələn iddiaçı bu işi görməkdən əvvəl onun mümkün nəticələrini gözü önünə almalı idi. Məhkəmə qeyd edir ki, iddiaçı bu mövqeydən çıxış etsə də, qeyd etdiyi məsələlərlə bağlı ümumiyyətlə mənəvi istirablar və sarsıntılar keçirməsi faktını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, habelə məhz bu hadisələrlə bağlı müxtəlif, o cümlədən sakitləşdirici dərmanlar qəbul etməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3690/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3690/2021
25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver