Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3711/2020 19.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı XXXXX Cavabdeh1 və cavabdeh2 qarşı çıxarışın və texniki sənədin ləğvi və sair tələblərinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: XXXXX Cavabdeh1 və cavabdeh2 qarşı çıxarışın və texniki sənədin ləğvi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.06 ha torpaq sahəsinin Cavabdeh1 adına 13.02.2020-ci il tarixdə dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ilə bağlı ona verilmiş Çıxarışın və Texniki sənədin ləğv edilməsi, iddiaçıya məxsus sözügedən ərazidə Cavabdeh1 tərəfindən tikilmiş tikililərin sökülməsi, həmin torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı Cavabdeh1 adına inzibati orqan olan digər cavabdeh tərəindən verilmiş çıxarış və texniki sənədin əsassız və qanunsuz olaraq verildiyini iddia edir, başqa sözlə, dövlət reyestrində olan qeydiyyatın düzgün aparılmadığını mübahisələndirir, iddiaçının digər iddia tələbləri isə bu tələbdən törəmə tələblərdir. Bu qəbildən olan işlərə isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbləri ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: XXXXX cavabdehlərə qarşı çıxarışın və texniki sənədin ləğvi və sair tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbləri ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3711/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3711/2020
19.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver