Məhkəmə qərarları › İş №2(001)-3715/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3715/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3715/2021 04.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, anası X3 ilə atası-cavabdeh İddiaçı 1987-ci il tarixdə ailə qurmuşlar və birgə nikahdan xx.xx.1988-ci il tarixdə iddiaçı anadan olmuşdur. Cavabdeh iddiaçı ilə maraqlanmamış, ona ata qayğısı göstərməmiş, uşağa baxmaq üçün anasın maddi yardım etməmişdir. Anadan olduqdan sonra iddiaçının səhhətində müəyyən problemlər yaranmış, ona əlillik təyin edilmiş, 2019-cu ilin sonunda isə iddiaçıya əmək qabiliyyətsiz birinci qrup əlil statusu verilmişdir. İddiaçının əlilliyə dair aldığı qazancdan başqa heç bir qazanc və gəliri yoxdur, iş qabiliyyəti olmadığından maddi tələbatlarını ödəmək qabiliyyətinə malik deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili V.Qədirli iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X3 11.10.1988-ci il tarixdə rəsmi nikah bağlamışlar. - DSMF tərəfindən verilmiş vəsiqənin surətindən və əlillik haqqında arayışdan görünür ki, İddiaçı 05.11.2019-cu il tarixdən müddətsiz 1-ci qrup əlildir. - doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası X1r. - Elektron Məhkəmə Portalından çıxarışa əsasən, İddiaçı əlilliyə görə 231,20 manat, sosial ödənişlərə görə isə 130 manat müavinət alır. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin: - 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. - 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. - 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu 196 manat məbləğində müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının maddi təminatının, tibbi və digər xərclərin səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin maddi və ailə vəziyyətini, tərəflərin diqqətəlayiq maraqları nəzərə almaqla, İddiaçı saxlanılması üçün cavabdehdən Cavabdeh hər ay 196 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini iddiaçının mənafeyinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh hər ay 196 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay 196 (bir yüz doxsan altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması 12.04.2021-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar