Məhkəmə qərarları › İş №2(001)-3721/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3721/2022

07.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3721/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kristal Abşeron QSC-nin Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK (hazırda QSC) ilə X3 arasında bağlanmış ********* saylı 19 aprel 2018ci il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, 188 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK (hazırda QSC)-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,"xxxx" MTK(hazırda QSC) ilə Cavabdeh arasında 19 aprel 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, mən.188, sahəsi 106,3 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 118 528 (yüz on səkkiz min beş yüz iyirmi səkkiz) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehǝ satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən cıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 221 ay ərzində bərabər hissələrlə kredit üzrə Faizləri hər ayın 19-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 25 970 manat əşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Kristal Abşeron MTK (hazırda QSC) ilə Azərbaycan Beynəlxalq Bankı" ASCarasında X5 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK (hazırda QSCnin daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK (hazırda QSC) arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSC-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 118 528 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı QSCdən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə asasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK (hazırda QSC) və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, mən. 188, sahəsi 106,3 kv.m olan, 3 otaql mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "Kristal Abşeron” MTK (hazırda QSC) zamin olaraq öz növbəsində Cavabdeh məxsus olan Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, mən.188, sahəsi 106,3 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK (hazırda QSC) Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X6 tərəfindən Cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, mənzil 188, sahəsi 106,3 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış xx.xx.2018 tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda QSC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.Əlavə olaraq bildirmişdir ki,müqavilənin şərtlərinə əsasən mənzil MTK-nın balansına keçdikdən sonra satılanda, cavabdehə də, müqavilə üzrə ödənilmiş məbləğ qaytarılacaq və banka olan borc bağlanacaq.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 19 aprel 2018-ci il tarixli payçı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, 1 bina, mənzil 188 cavabdehə satılmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank cavabdehə 118528 manat kredit vermişdir. Mənzilə dair çıxarış olmadığından ipoteka ilə yüklü edilməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 25970 manat gecikmiş borcu vardır. Kristal Abşeron MTK ilə Azərbaycan Beynəlxalq Bankı arasında X5 saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti bankın girovundadır. Bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanmaqla girovdadır. Cavabdeh bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSC-nin bankda yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Əgər payçı müqaviləsi ləğv olunarsa QSC mənzili sataraq banka qalan borcu ödəyəcək. Qalan puldan isə cavabdehin mənzilə görə ödədiyi ilkin ödəniş və banka əsas borcdan ödədiyi məbləği qaytaracaqlar. Cavabdeh tərəflə dəfələrlə danışıqlar aparsalar da, məlum olmuşdur ki, onların gecikdirilmiş məbləği ödəmək imkanları yoxdur.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, bu yaxınlarda əlinə kifayət qədər maddi vəsait keçəcək, məhkəmə iclası təxirə salınarsa gecikmiş borcunu ödəyəcək. Lakin məhkəmə həmin halın baxış iclasının təxirə salınması üçün əsas olmadığını cavabdehin nümayəndəsinin nəzərinə çatdırmış, iddiaçının nümayəndəsi isə cavabdeh tərəfindən borcun ödənildiyi halda icra mərhələsində həmin məsələnin həllinin mümkün olduğunu bildirməklə, məhkəmə baxış iclasının təxirə salınmasına etiraz etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, izahatında bildirmişdir ki, mənzili 47000 manat ilkin ödəniş etməklə almışlar. Aylıq ödəniş məbləği 1176 manatdır. Mənzilin dəyəri 165000 manat olmuşdur. Ümumilikdə borcdan 30000 manata yaxın ödəniş etmişlər. Lakin pandemiya ilə əlaqədar ödənişləri yerinə yetirə bilməmişlər. Özü 2020-ci ildə ödənişləri yerinə yetirə bilmədiyi üçün Kristal Abşeron QSC-nin ofisinə yaxınlaşmış, orada Tağı adlı işçi ona kredit müqaviləsinin restrukturizasiya olunacağını demişdir. Bundan sonra kredit müqaviləsinin restrukturizasiya olunmasını gözləmişdir. Daha sonra ona restrukturizasiyaya düşmədiyi deyilmişdir. Hazırda 2 ildir ki, mənzilə görə ödəniş etmir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin etməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanılmış 19 aprel 2018-ci il tarixli, ********* saylı payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Bakı şəhər, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3 A saylı yaşayış binasının yaxınlığında tikilməkdə olan 1-ci bina, 2-ci blok, 14-cü mərtəbə,188 №-li 3 otaqlı mənzili tikib və “payçı”nın mülkiyyətinə verməyi, payçı isə b müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhər, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3 A saylı yaşayış binasının yaxınlığında tikilməkdə olan 1-ci bina, 2-ci blok, 14-cü mərtəbə,188 №-li 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin İddiaçı yaşayış kompleksində xidmət göstərəcək şirkətdə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Müqavilə üzrə ilkin ödəniş məbləği 47300 manat, müqavilənin ümumi dəyəri 165628 manatdır.

9. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış, mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öhləliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli qaydada bu müqaviləni ləğv edib, payın sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödnişlərin 2 ay müddətdən artıq gecikdirildiyi təqdirdə MTK müqaviləni birtərəfli qaydada ləğv edə bilər və mənzili digər şəxsə satmaq hüququna malikdir.

10. Bu halda Müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi hallarda MTK müqaviləni birtərəfləri qaydada ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borclar, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdə yerdə qalan məbləğ payçıya geri qaytarılır.

11. Həmin müqavilənin 8.11-ci maddəsinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda iki ay müddətinə aparılmadıqda və yaz lazımınca aparılmadıqdapayçı qeyd olunna müqavilənin predmeti olan mənzili boşaltmalıdır.

12. Həmin müqavilənin 13.2-ci maddəsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir.

13. Həmin müqaviləsinin 13.9-cu maddəsinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafk üzrə ödənişlər 3 ay müddətinə aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 19 aprel 2018-ci il tarixli, ********* №-li İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3 A saylı yaşayış binası yaxınlığında tikilməkdə olan bina 1, blok 2, mərtəbə 14, ümumi sahəsi 106,3 kv.m ibarət olan 3 otaqlı 188 №-li mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd şərtsiz olaraq həmin sahəni boşaldır.

14. "xxxx" ASC-nin Səbail filialı tərəfindən İddiaçı QSC-yə göndərilən məktubdan görünür ki, 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ saylı kredit müqavilələrinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq, "xxxx" ASC ilə filialı tərəfindən İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı QSC-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir.

15. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 116.544,58 manat əsas, 28044,52 manat cərimə borcunun olması barədə məlumat verilmiş, borcu ödəmədiyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanan 25 may 2021-ci il tarixli X5 sazişdən görünür ki, sazişin predmetini MTK tərəfində inşa olunan mənzillərin satış həcminin artırılması məqsədilə bank tərəfindən maliyyələşdirmənin təmin edilməsi ilə bağlı Bankla MTK-nın qarşılıqlı əməkdaşlıq etməsinə dair şərtləri təşkil edir. Sazişin 4.1.12-ci bəndinə əsasən bu saziş çərçivəsində verilən kreditlər üzrə alıcı/borc alan tərəfindən bank qarşısında olan əsas borcun qaytarılması və /və ya faizlərin ödənilməsi öhdəlikləri 90 gündən artıq müddətə yerinə yetirilmədiyi təqdirdə Alıcı/Borcalanla bağlanmış payçı müqaviləsinə birtərəfli qaydada xitam vermək MTK-nın hüquq və vəzifələrinə aid edilmişdir.

17. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 19 aprel 2018-ci il tarixli, 270-xxxx-2018-AF-BQ saylı daxili ipoteka müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən bank borc alana İddiaçı MTK arasında imzalanmış 19 aprel 2018-ci il tarixli ********* №-li müqavilənin predmeti olan mənzilin alınması üçün 118,528.00 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanaca faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalana kredit 221 ay müddətinə verilir. Kreditin müddəti isə 19 sentyabr 2036-cı il tarixdə bitir.

18. Müqavilənin 7.3-cü maddəsinə əsasən borcalan tərəfindən kreditin qaytarılması təqdim olunmuş ödəniş cədvəlinə uyğun olaraq, bərabər hissələrlə, aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 19-dək, aylıq 1175,60 manat məbləğində bərabər hissələrlə ödənilir.

19. Müqavilənin 12.7-ci maddəsinə əsasən (borc alanın vəzifələri) borc alan tərəfindən müqavilənin 7.3-cü bəndinə nəzərdə tutulan qrafik üzrə ödənişlər 3(üç) ay müddətində aparılmadıqda borcalan 19 aprel 2018-ci il tarixli ********* №-li İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 3A saylı yaşayış binasının yaxınlığında tikilməkdə olan bina 1, blok 2, mərtəbə 14, ümumi sahəsi 106.3 kv.m ibarət, 3 otaqlı 188 №-li mənzili boşaltmalıdır.

20. Müqavilənin 13.9-cu maddəsinə əsasən borcalan tərəfindən müavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən “19 aprel 2018-ci il tarixli 000000264№-li İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3A saylı binasının yaxınlığında tikilməkdə olan bina 1, blok 2, mərtəbə 14, ümumi sahəsi 106.3 kv.m ibarət 3 otaqlı, 188№li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz həmin sahəni boşaldır.

21. Müqavilənin 15.8-ci maddəsinə əsasən Borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün “19 aprel 2018-ci il tarixli 000000264№-li İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3A saylı binasının yaxınlığında tikilməkdə olan bina 1, blok 2, mərtəbə 14, ümumi sahəsi 106.3 kv.m ibarət 3 otaqlı, 188№-li mənzil üzrə bütün hüquqlar borcverənə keçir.

22. İddiaçı MTK (zamin), "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ saylı Zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 19 aprel 2018-ci il tarixli 270-xx-xx-2018-AF-BQ №-li kredit müqaviləsinə əsasən 118528 manat məbləğində 221 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində Bakı şəhərində bağlanmış 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ №-li kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin qaytarılmasından ibarətdir. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 118528 manat, hesablanacaq faiz, cərimə faizləri, həmçinin məhkəmə xərclərindən ibarətdir.

23. "xxxx" ASC tərəfindən İddiaçı MTK və Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli, mənzil kreditinə tutma yönəldilməsi haqqında bildirişdən görünür ki, borclu Cavabdeh 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ saylı kredit müqaviləsi ilə verilmiş 118528 manat məbləğində kreditdən istifadə etmiş, lakin xx.xx.2022-ci il tarixə ödəniş cədvəli üzrə gecikdirilmiş 25970 manat məbləğində borcu yaranmışdır. Odur ki, 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 25970 manat məbləğində borcu ödəmədiyi təqdirdə, ABB borcu tələb etməklə 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK-ya müraciət edəcək, o isə öz növbəsində alğı-satqı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3A, bina 1, blok 2, mərtəbə 14, mənzil 188, 106.3 kv.m , 3 otaqlı mənzili öz sahibliyinə keçirərək, ABB qarşısında borcu bağlamaq hüququna malik olması barədə məlumat verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. "xxxx" ASC ilə İddiaçı MTK arasında 25 may 2021-ci il tarixli X5 saziş bağlanmışdır ki, bu sazişlə MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədilə bank tərəfindən maliyyələşdirmə təmin edilir.

25. "xxxx" ASC ilə Cavabdeh arasında 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018- AF-BQ saylı daxili ipoteka müqaviləsi bağlanmış və borc verən bank tərəfindən borc alana İddiaçı MTK arasında imzalanmış 19 aprel 2018-ci il tarixli ********* №-li müqavilənin predmeti olan- Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3A, bina 1, blok 2, mərtəbə 14, sahəsi 106.3 kv.m, 3 otaqlı, 188 saylı mənzilin- alınması üçün 118,528.00 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği borc alana illik 10 % dərəcəsi ilə, 221 ay müddətinə hər ay 1175,60 manat ödənilməsi şərtilə verilmişdir.

26. İddiaçı MTK (zamin), "xxxx" ASC ilə Cavabdeh arasında 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ saylı zaminlik müqaviləsi ilə MTK kreditorla borclu arasında Bakı şəhərində bağlanmış 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018-AF-BQ №-li kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin qaytarılmasına zamin kimi öhdəlik götürmüşdür.

27. Daha sonra "xxxx" MTK (hazırda QSC) ilə Cavabdeh arasında 19 aprel 2018ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi 3A, bina 1 ünvanında, sahəsi 106,3 kv.m olan, 3 otaqlı 188 saylı mənzil 165528 manata satılmışdır.

28. Payçı tərəfindən müqavilənin 28,52 % dəyərində, yəni 47300 manat dəyərində ilkin ödəniş edilmişdir. Mənzil qalıq qalmış dəyərinin ödənilməsi üçün isə yuxarıda qeyd edildiyi kimi, "xxxx" ASC tərəfindən 19 aprel 2018-ci il tarixli, 270-xx-xx-2018- AF-BQ saylı daxili ipoteka müqaviləsi ilə 118,528.00 manat məbləğində kredit verilmişdir.

29. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən (hansı ki, iş materialları hissəsində maddələr göstərilmişdir), əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı QSCdən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə asasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini borcluya qaytarır. Yəni tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə öhdəliyi icra etməyən borclu ilə bağlanmış müqavilə ləğv edilir və mənzili satmaq hüququ iddiaçıda saxlanılır. Hazırda bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır.

30. Belə ki, MTK-nın (hazırki QSC) nümayəndəsi məhkəmə iclaslarında vermiş olduğu izahatında bildirmişdir ki, MTK-nın daşınmaz əmlakları və əmanəti bankın girovundadır. Cavabdeh bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSC-nin bankda yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Əgər payçı müqaviləsi ləğv olunarsa QSC mənzili sataraq banka qalan borcu ödəyəcək, qalan puldan isə cavabdehin mənzilə görə ödədiyi ilkin ödəniş və banka əsas borcdan ödədiyi məbləği geri qaytaracaqdır.

31. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında 2020-ci ildə pandemiya şəraiti ilə əlaqədar olaraq mənzilə görə ödənişlər edə bilmədiklərini, QSC-nümayəndəliyi ilə ödənişlər barədə razılıq əldə edilməyə cəhd etdiklərini və 2020-ci ildən 2 ildir ki, hər hansı ödəniş edə bilmədiklərini təsdiq edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

32. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

33. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

37. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;

38. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır;

39. 423.2-ci maddəsinə əsasən nüqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

40. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;

41. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır;

42. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

43. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər;

44. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

45. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

46. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

47. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

48. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

49. 648.1-ci madəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

50. İşin müəyyən edilmiş hallarından da göründüyü tərəflər arasında 19 aprel 2018-ci il tarixində bağlanmış müqavilə Payçı müqaviləsi adlansa da, həmin müqavilə ilə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

51. İddiaçı QSC müqavilə üzrə öhdəliyini icra etmiş yəni, Bakı şəhər, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3 A saylı yaşayış binasının yaxınlığında tikilməkdə olan 1-ci bina, 2-ci blok, 14-cü mərtəbə,188 №-li 3 otaqlı mənzili tikib və “payçı”nın mülkiyyətinə vermişdir. Mənzilin dəyəri tam ödənilmədiyindən mənzilə dair cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edilməmişdir.

52. Borcalan isə öhdəliyini lazımi qaydada icra edə bilməmiş, mənzilə görə müəyyən edilmiş ödənişləri müqavilə şərtlərində nəzərdə tutulmuş müddətdən artıq (3 aydan artıq) 2 ildir ki, icra etməmişdir.

53. İddiaçı QSC isə bankla arasında bağlanan 25 may 2021-ci il tarixli X5 sazişin 4.1.12-ci bəndinə istinad etməklə, bank qarşısında olan əsas borcun qaytarılması və /və ya faizlərin ödənilməsi öhdəlikləri 90 gündən artıq müddətə yerinə yetirilmədiyi üçün Alıcı/Borcalanla bağlanmış payçı müqaviləsinə birtərəfli qaydada xitam vermək, mənzilin boşaldılmasını tələb hüququndan istifadə edir.

54. Odur ki, cavabdeh tərəfindən payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozulduğu, cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetimədiyi məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının payçı müqaviləsinin ləğv edilməklə, mənzilin boşaldılmasını və MTK-ya qaytarılması ilə bağlı tələbini məhkəmə əsaslı hesab edir. Tətbiq edilən prosessual normalar:

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

56. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

59. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK (hazırda QSC) ilə X3 arasında bağlanmış ********* saylı 19 aprel 2018-ci il tarixli payçı müqaviləsi ləğv edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən 188 saylı mənzildən çıxarılmalı, ünvan 3 ünvanında yerləşən 188 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya (hazırda QSC-yə) qaytarılmalıdır.

60. Ödənilmiş dövlət rüsum tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 19 aprel 2018-ci il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 188 saylı mənzildən çıxarılsın. ünvan 3 ünvanında yerləşən 188 saylı mənzil boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar