Məhkəmə qərarları › İş №2(001)-3765/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3765/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3765/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbi barədə mülki işə 25 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, 13 fevral 2013cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 mart 2012-ci il təvəllüdlü X2 və 09 noyabr 2014-cü il təvəllüdlü X1 adlı uşaqları vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarındakı nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqların onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehlə ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmiş, dözülməz həddə çatmışdır. Hazırda nikahları formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası mümkün deyildir. Cavabdeh uşaqların saxlanmasında ona heç bir maddi yardım göstərmir. Bütün bunlara görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən, yəni nikahın pozulması və uşaqların analarının himayəsində saxlanması hissəsində qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, hazırda işləmir, gəliri yoxdur. Belə olan halda iddia tələbində göstərilən miqdarda alimentin ödənilməsi mümkün deyil. Sonda Cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını, alimentin qanunvericiliyə uyğun həcmdə müəyyən edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən olunması hissəsində etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, birgə nikahlarından olan 19 mart 2012-ci il təvəllüdlü X2 və 09 noyabr 2014-cü il təvəllüdlü X1 adlı uşaqların analarının himayəsində saxlanmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin göstərilən miqdarda aliment ödəməyə maddi imkanının olub-olmamasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların fiziki cəhətdən inkişafları, həmçinin təhsilləri ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 14 aprel 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınmasına dair qətnamələr dərhal icra olunur. İddia qismən təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 13 fevral 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 143 № ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan 19 mart 2012-ci il təvəllüdlü X2 və 09 noyabr 2014-cü il təvəllüdlü X1 adlı uşaqlarının anaları İddiaçı yanında qalmaları müəyyən edilsin, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 14 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 15 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar