Məhkəmə qərarları › İş №2(001)-3767/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3767/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3767/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəmə təqdim edildiyi vaxtdan xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2013-ci ilin iyul ayından qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla, birgə yaşayaraq ər-arvad münasibətində olmuşlar. Həmin münasibətdən xx xxxxxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Onların ər-arvad münasibətindən doğulmuş qızı X1 atası Cavabdeh olması xx xxxxxx 2015-ci il, AZ-İ 293293 nömrəli "Atalığın müəyyən edilməsi haqqında" Şəhadətnamə ilə, X2 atası olması isə xx xxxxxx 2017-ci il, AZ-İ 321633 nömrəli "Atalığın müəyyən edilməsi haqqında’' Şəhadətnamə ilə təsdiq edilmişdir. Onlar arasında rəsmi nikah olmasa da cavabdeh atalıq faktını rəsmi təsdiq etdirməklə valideynə məxsus bütün hüquq və vəzifələrinə malik olmuşdur. Odur ki, Cavabdeh övladlarını saxlamağa borcludur. Azyaşlı övladları X4 anadan gəlmə serebral-iflic xəstəsidir. Müalicəsi Bakı Uşaq Nevroloji Xəstəxanasında aparılır. Cavabdeh onun müalicəsinə heç bir maddi yardım göstərmir. 2020-ci ilin mart ayından onlar arasında ciddi problemlər yaranmışdır. Bu səbəbdən artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Həmin vaxtdan Cavabdeh uşaqları ilə maraqlanmamışdır. Cavabdeh övladlarının heç bir maddi ehtiyacını ödəməmiş, onların tərbiyəsi ilə məşğul olmamışdır. Bu vaxt ərzində uşaqlar onun himayəsində qalmış, onların bütün maddi və mənəvi tələbatlarını onun valideynləri ödəmişdir. O, övladları ilə birlikdə atasının evində yaşayır. Cavabdeh ailəsinin və uşaqlarının taleyi ilə maraqlanmır. O, bir ata kimi uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını, maddi tələbatlarını tək qadın olaraq o, çəkir. Bu tələbatları qarşılamaq onun üçün çox çətindir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ustalıq etməklə yanaşı başqa işlərdən də gəlir əldə edir və tələb edilən alimenti ödəməyə maddi imkanı vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, uşaqlarına baxmaqdan imtina etmir, lakin hazırda fəhlə işləyir və maksimum gəliri 240-250 manat civarında olur. Ona görə də, uşaqları üçün cəmi 200 manat məbləğində aliment ödəyə bilər, iddia edilən miqdarda aliment ödəməsinə maddi imkanı yol vermir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 629719 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1121 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 4 saylı Bakı “ASAN-ximət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 886478 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 0054 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx xxxxxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 iddiaçının himayəsindədir. Hazırda cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyindən iddiaçı ondan aliment ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, habelə uşaqların yaşlarını və sayını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar