Məhkəmə qərarları › İş №2(001)-3770/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3770/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3770/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər ilk vaxtlar mehriban yaşasalarda sonradan münasibətləri pisləşmişdir. Belə ki, cavabdeh mütəmadi olaraq işləməmiş, ailəsini saxlamaq marağında olmamış, daim iddiaçıdan ailəni saxlamağı tələb etmişdir. Nəticədə iddiaçı övladı ilə birlikdə xx.xx.2022-ci il tarixdə atasının evinə getməyə məcbur olmuşdur. Artıq uzun müddətdir tərəflər birlikdə yaşamır, onların birgə yaşamaları mümkün deyildir. Cavabdehin aylıq gəlirləri barədə dəqiq məlumatı olmasa da, iddiaçının eşitdiyinə görə cavabdeh tikinti şirkətlərinin birində menecer vəzifəsində işləməklə aylıq qazancı 1200 manat təşkil edir. Ona görə də Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında və ya hər ay 300 manat alimentin, xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşınadək saxlanması üçün iddiaçının özünə görə hər ay 150 manatın, mediasiya xərcinə görə ödənilmiş 50 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, müvəqqəti təminat tədbiri olaraq cavabdeh ona hər ay 220 manat aliment ödəyir, birlikdə yaşadıqları müddət ərzində cavabdehin gəlirləri hər ay 600 manat olmuş, hazırda uşağın saxlanması üçün cavabdehdən 300 manat, özü işləyə bilmədiyi üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasımı xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, uşağının saxlanması üçün hər ay 220 manat ödəyir. Onun 600 manat gəliri olmamış, əksinə hal-hazırda gəliri artaraq hər ay 450 manat olmuşdur. Səhhətində olan problemlərə görə ağır işlərdə işləyə bilmir. Himayəsində xəstə valideynləri vardır. İddiaçı uşağını ona görsətmir. Əvvəllər uşağı ilə görüşəndə onun bütün ehtiyaclarını ödəmişdir. Ona görə də hər ay 220 manat aliment ödəyə bilər. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, iddia ərizəsində cavabdehin gəlirləri barədə məlumat düzgün qeyd olunmamışdır. Belə ki, cavabdehin gəlirləri 1200 manat təşkil etmir, tutmalar aparıldıqdan sonra cavabdeh 407 manat əmək haqqı alır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 481435 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X4 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədrzayeva soyadı verilmişdir. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV № 841680 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 650 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh işəgötürən G.H.Eminovanın yanında aylıq əmək haqqı 450 manat olmaqla çapçı işləyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-40/2023 saylı qərardadından müəyyən olunur ki, müvəqqəti təminat tədbiri olaraq iş üzrə qətnamə çıxarılanadək, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1.-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əmək haqqından başqa gəlirlərinin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməsini, cavabdehin müvəqqəti təminat tədbirinə dair qərardada əsasən aliment ödəməsini nəzərə alıb hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşağın saxlanması üçün iddiaçının aliment tələbi qismən təmin edilərək xx.xx.20223-cü il tarixdən hesablanmaqla hər ay cavabdehdən iddiaçının xeyrinə 220 manat sabit pul məbləğində aliment tutulmalı iddia ərizəsi aliment tələbi ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının özünə görə pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar