Məhkəmə qərarları › İş №2(001)-3780/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3780/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3780/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 avqust 2005-ci il tarixdə doğulmuş Kərim-zadə Şəms Əli qızının saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 22 noyabr 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 3 övladları olmuşdur. Övladlarının ikisi yetkinlik yaşına çatmışdır. 03 avqust 2005-cı il təvəllüdül Kərim-zadə Şəms Əli qızı isə yetkinlik yaşına çatmamışdır. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Faktiki olaraq cavabdehlə xasiyyətləri uyğun gəlmir. Uzun müddətdir ki ayrılmışlar. Cavabdeh uşaqların saxlanması üçün şifahi razılıq əsasında alimenti vaxtı-vaxtında ödəmişdir. Lakin artıq xeyli müddətdir ki, alimenti ödəmir. Hazırda 3 uşaq da onunla, birlikdə yaşayır. O, heç yerdə işləmir və uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Almaniyada yaşayır. Aralarında şifahi razılıq olmuşdur. Aylıq 400-500 avro hər ay ödəniş etmişdir. 2018-ci ildən etibarən isə heç bir ödəniş etmir. 25 ildən çoxdur ki, cavabdeh orada yaşayır. Cavabdehin valideynləri isə Gəncə şəhərində yaşayır. Cavabdeh Azərbaycan Respublikası vətəndaşıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh Kərəm oğlu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2005-ci il tarixli, AZ-İ seriyalı, 658267 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərim-zadə Şəms Əli qızı 03 avqust 2005-ci il tarixində Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1101 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Kəpəz rayon VVADQ şöbəsi tərəfindən 02 oktyabr 2005-ci il tarixində verilmiş, AZ-İ seriyalı, 045-933 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki. Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 oktyabr 1997-ci il tarixində 201 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Kərimov, qadına Kərimova soyadı verilmişdir. Elektron məhkəmə sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh 27.09.2020ci il tarixində Azərbaycan Respublikasından çıxaraq X2 şəhərinə səfər etmişdir. Həmin tarixdən isə Respublikaya qayıtmamışdır. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 oktyabr 1997-ci il tarixində 201 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Kərimov, qadına Kərimova soyadı verilmişdir. Tərəflərin birgə nikahlarından 3 uşaqları olmuş, 03 avqust 2005-ci il təvəllüdlü Kərim-zadə Şəms Əli qızı yetkinlik yaşına çatmamışdır. Tərəflər uzun illərdir ki, ayrı yaşayırlar. Aralarında alimentin ödənilməsi ilə bağlı şifahi razılıq olsa da, iddiaçı cavabdeh tərəfindən 2018-ci ildən alimentin ödənilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan 03.08.2005-ci il təvəllüdlü Kərim-zadə Şəms Əli qızının mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumumu haqqında tələbləri, cavabdehin daimi iş yeri barədə sübut təqdim edilməməsini, iddiaçının sabit pul məbləğində aliment tələb etməsini nəzərə alaraq hesab edir ki, 03.08.2005-ci il təvəllüdlü Kərim-zadə Şəms Əli qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 14.04.2021-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 03.08.2005-ci il təvəllüdlü Kərim-zadə Şəms Əli qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilməli, alimentin tutulmasının əvvəli 14.04.2021-ci il tarixdən hesablanmalıdır. İddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin miqdarı 1 illik ödəmənin məcmusu ilə 500 manatdan çox olduğuna görə (bu halda rüsum 30 manat təşkil edir) 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 03.08.2005-ci il təvəllüdlü Kərim-zadə Şəms Əli qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. Aliment məbləği 14 aprel 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar