Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3856/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində və mediasiya xərci kimi ödədiyi 60 manatın pul vəsaitin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 uşaqları var: 10 iyun 2009-cu il təvəllüdlü X8, 29 yanvar 2011-ci il təvəllüdlü X5. O, cavabdehlə olan faktiki münəsibətlərini sonradan rəsmi nikaha daxil olmaqla rəsmiləşdirmişdir. Birgə nikahda olarkən o, daim cavabdehlə xasiyyətləri uyğunlaşaraq xoş mehriban yaşamışlar. Sadəcə son zamanlarda onların ailə münasibətlərinə kənar şəxslərin müdaxilələri olmuş, cavabdeh birgə yaşadıqları mənzildə onu və uşaqları tərk edərək çıxıb getmişdir. Cavabdehin harda yaşamasından məlumatı belə yoxdur. Hal-hazırda ailənin maddi təlabatını özü bir qadın kimi təkbaşına ödəyir. Onun himayəsində məktəbli uşaqlar olduğundan, uşaqların təhsili, tərbiyəsi, hazırlıqları onu bir ana kimi maddi baxımdan qarşılamaq çox çətin gəlir. Cavabdeh uşaqların talehi ilə maraqlanmır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 10 iyun 2009-cu il təvəllüdlü X3 və 29 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla hər ay cəmi 470 manat məbləğındə alimentin və 60 manat məbləğində mediasiya haqqının ondan tutulmasını xahiş etmişdir. Xahiş edir ki, onun maddi vəziyyətini, ailə vəziyyətini nəzərə alaraq alimentin məbləği aşağı təyin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(001)-3413/2018 saylı qətnaməsinə əsasən ondan digər iki uşağının saxlanılması üçün ayda 308 manat məbləğində aliment X2 xeyrinə tutulmuşdur. O, həmin aliment borcunu maddi imkanının yaxşı olmaması səbəbindən ödəmədiyinə görə onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş açılmış və 10 gun müddətinə inzibatı həbs edilmişdir. Lakin o, uşaqlarının saxlanılmasında iştirak etməkdən heç vaxt imtina etməmişdir. Maddi imkanının aşağı olması səbəbindən alimenti ödəyə bilməmişdir. Elə iddiaçı ilə söz-söhbət də onun maddi imkanının aşağı olması səbəbindən yaranmışdır və münasibətləri hazırda boşanma həddinə gəlib çatmışdır. Ailəyə qazanc gətirən yeganə şəxs kimi atasına, anasına və xəstə qardaşına o baxır. Onun aylıq qazancı çox aşağıdır. O, az qazancla bu qədər xərcləri çəkə bilmir. Qazancı ilə xərcləri arasında uçurum yaranmışdır. Əlavə olaraq da 470 manat aliment kəsiləcəyi halda onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcəkdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən uşaqların saxlanılması üçün aliment kəsilərkən onun aşağı olan maddi vəziyyətini, ağır yüklü həyat tərzini nəzərə alınmasını və alimentin məbləğinin mümkün olduğu qədər aşağı həddə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 138020 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 804 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 179373 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 326641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası Məcidova (Bəylərova) Ülkər Rövşən qızıdır. AZ-İİ seriyalı 718410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası Məcidova (Bəylərova) Ülkər Rövşən qızıdır. AZ-İİ seriyalı 345524 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış və 1583 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Bəylərova” soyadı verilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-791/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında xx.xx.2010cü il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-902/2019 saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşlar. Hazırda iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat məbləğində aliment tutulmasını xahiş edir. Hazırki halda xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin əmək münasibətlərini, digər nikahın olan uşaqlar üçün aliment ödədiyini, maddi vəziyyətinin pis olmasını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3856/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3856/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver