Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3877/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(0010-2577/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin qismən dəyişdirilməsi, xx.xx.2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının 16,5 % aliment pulunun Cavabdeh1 xeyrinə tutulması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1893/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi, xx.xx.2020-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının 16,5 % aliment pulu Cavabdeh2 xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ondan 1-ci Cavabdeh1 xeyrinə oğlu xx.xx.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi hər ay ondan 117 manat sabit pul şəklində alimentin tutularaq, Cavabdeh1 ödənilir. Hal-hazırda həmin qətnamə dəyişdirilməklə, aliment məbləği 170 manat olub. Bundan başqa Binəqədi Rayon Məhəməsinin qətnaməsi ilə ondan 2-ci Cavabdeh2 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 170 manat sabit pul şəklində aliment tutulur. Hal-hazırda o, 2 uşağı saxlamaq üçün maaşından 50 % ödəniş edir. Bu da, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə ziddir. Ona görə ki, həmin maddə ilə 2 uşağa 33 % maaşdan pul tutulmalıdır. O cümlədən hərəsinə 16,5 %. Xahiş edir ki, cavabdehlər üçün sabit pul əvəzinə, hər ay onun maaşından hər uşağa 16,5 % tutulsun. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “aliment məbləğinin dəyişdirilməsi” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı birgə nikahından olan 21 iyul 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 2577/2016 saylı qətnaməsi ilə tutulmuş 170 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, artırılıb 220 manat sabit pul məbləğində müəyyən edilməsi və tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-2577/2016 saylı qətnaməsi ilə 170 manat məbləğində aliment tutulmuşdur. Hal-hazırki vəziyyətdə dolanışığı çox çətindir. Özü övladları ilə kirayədə qalır. İddiaçı alimenti artıq ödəməkdənsə azaldılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. 2023-cü il üçün aliment məbləğinin 220 manat təyin olunması, onun məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Afət neçə ildir ki, hətta 8-9 ildir ki, uşağı atasına göstərmir. Qızın atası görüşə icazə vermir. Polislə qorxudur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı neçə ildir ki, aliment ödəmir. Keçən dəfə 50 manat və bu gün isə 170 manat aliment ödəyib. Üstəlik ona ödənilməli 1 illik aliment borcu vardır. Uşağı iki dəfə gəlib görmüş, daha sonra isə 9 ildir ki, ata olaraq uşağı ilə görüşmür. Uşağı özü təkbaşına böyüdür. Burada kirayə qalır. Uşağın məktəb xərcləri, hazırlıqları var. Onların tək qarşılanmasını təmin edə bilmir. Alimentin 170 manat saxlanılması tərəfdarıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı alimentin azaldılması barədə ərizə verdiyindən, o da, artırılması barədə ərizə verməli olmuşdur. İddiaçı 2022-ci ildən alimenti ödəmir. 2040 manat aliment borcu var. Uşağın halhazırda 13 yaşı var. Aliment məbləği 170 manat qalacağı təqdirdə artırılmasını tələb etməyəcək. İddiaçı 2023-c ilin fevral ayırda 200 manat, mart ayında 166 manat, aprel ayında 216 manat, may ayında 135 manat, iyun ayında 35 manat aliment ödəyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ərinin halhazırda kredit və kommunal ödənişlərini ödəmək öhdəliyi var. Uşaq doğulandan sonra bankdan müəyyən qədər kredit götürməli olmuşlar. İddiaçı rayonda sürücü işləyir və 750 manat əmək haqqı alır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, halhazırda iddiaçı ilə nikahları pozulmayıb. Aliment məbləğinin düz bölünməsi üçün iddiaçıya qarşı aliment tələbi ilə müraciət etmişdir. İddiaçı Qarabağda sürücü kimi işləyir. Özünün azyaşlı uşağı olduğundan işləyə bilmir. Bir aydan bir uşağın saxlanılmasına kömək etməsi üçün anasıgilə gedib-gəlir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-2577/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 133 saylı qeydlə qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X7 anası Cavabdeh1 himayəsində saxlanılması, cavabdeh İddiaçı tərəflərin birə nikahlarından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi və s. qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1893/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh2 xeyrinə tutulması və s. qət edilmişdir. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 277723 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 163 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Bağıyeva” soyadı verilmişdir. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 370400 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitanında xx.xx.2020-ci il tarixində 42 № ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra qadına “Bağıyeva” soyadı verilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X17 21 iyul 2010-cu ildə Abşeron rayonu Xırdalan şəhrində anadan olmuşdur. Bu barədə xx.xx.2010-cu il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 4569 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı, anası X2r. Binəqədi rayon Qeydiyyat Şöbəsindən verilən AZ-İV seriyalı, 443897 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuş, Bu barədə doğum haqqında doğum haqqında akt qeydləri kitabında 257 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdeh2dır. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 53 saylı arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2023-cü ildən hal-hazıradək sürücü (özüboşaldan) işləyir. Aylıq əmək haqqı 750 manat təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,İddiaçı ilə Cavabdeh1 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2577/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 anasının himayəsində saxlanılmış və onun saxlanılması üçün 117 manat aliment tutulmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1829/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2577/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı daha sonra Cavabdeh2 ilə nikaha daxil olmuş, tərəflər arasında nikah pozulmasa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1893/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Yekun olaraq müəyyən edilmişdir ki, İddiaçı birinci nikahından xx.xx.2010-cu il təvəllüdlü X17 adlı, ikinci nikahından isə X10 adlı iki uşağı vardır. Hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı İddiaçı hər ay, hər uşaq üçün 170 manat aliment tutulur. İddiaçı Cavabdeh1 ilə nikahı pozulmuş olsa da, Cavabdeh2 ilə hazırda nikahda olmaqla bir yerdə yaşayırlar. İlkin iddiaçı hər uşağa 170 manat aliment ödəməklə əmək haqqının yarısından çoxundan məhrum olduğuna istinad edərək hesab edir ki, qanunvericilik 2 uşaq üçün əmək haqqının 1/3 hissəsində alimentin tutulmasını müəyyən etdiyindən, hər uşaq üçün bu nisbətdə aliment azaldılmalıdır. Həmin iddianı iddiaçının arvadı olan Cavabdeh2 etiraf etsə də, digər cavabdeh və ilkin iddiaçı olan Cavabdeh1 qəbul etmir. İddiaçının əmək haqqı 750 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə dolanışının çətin olmasına, kirayədə yaşamasına, ilkin iddianın mahiyyətinə əsaslanaraq alimentin artırılmasını xahiş edir. Məhkəmə ilkin iddia ilə bağlı onu qeyd etmək istəyir ki, iddiaçı ondan formal olaraq tutulan alimentə əsaslanaraq, real olaraq tutulan alimentin azaldılmasına nail olmağa çalışır. Halbuki alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Bundan əlavə iddiaçının istinad etdiyi dəlillər alimentin məbləğinin azaldılması üçün birbaşa əsas kimi çıxış etmir. Hansı ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırda qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 220 manat təşkil edir və iddiaçı qətnamə ilə tutulan 170 manat məbləğində alimentin 125(750/6) manata endirilməsinə nail olmağa çalışır. Bu isə uşaqların mənafeyinə uyğun hesab edilə bilməz, baxmayaraq ki, ilkin iddia üzrə Cavabdeh2 iddianı ona münasibətdə qəbul etmişdir, iddia ona münasibətdə də tələbin formallığı və uşağın mənafeyi nəzərə alındıqda əsassızdır. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, alimentin müəyyən edildiyi vaxtdan cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, əksinə cavabdehin ikinci nikahdan bir uşağı olmuşdur. Üstəlik iddiaçı özü də qəbul edir ki, cavabdeh uzun müddətdir aliment ödəmir və onun xeyli miqdarda aliment borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia da əsassızdır. Məhkəmə hüquqi əsaslandırması ilə bağlı aşağıdakı maddi və prosessual hüquq normalarına və qərarlara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda məhkəmə tərəfindən hər ay aliment tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3877/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3877/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver