Məhkəmə qərarları › İş №2(001)-3934/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3934/2025

05.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3934/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr, oktyabr ayları və noyabr ayının 10-nadək işlədiyi müddət ərzində, hər ay üzrə 650 azn, ümumilikdə 1527 (min beş yüz iyirmi yeddi) manat əmək haqqının və 60 (altmış) manat mediasiya xərcinin cavabdeh “İsmıkhanlı mebel sexinin rəhbəri Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Təqdim edilmiş ərizədə qeyd olunan maddənin tələblərinə zidd olaraq, Cavabdeh ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi (Qədim Şamaxı restoranının yanı) göstərilsə də, cavabdehin qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması və ya faktiki yaşaması ilə bağlı heç bir rəsmi sənəd əlavə edilməmiş, eləcə də məlumatlar natamam olduğundan “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş üzrə cavabdeh olan Cavabdeh yaşayış yerinin Bakı şəhəri, Binəqədi rayonu Gülüstan küçəsi (Qədim Şamaxı restoranının yanı) olması barəsində heç bir məlumat olmadığından, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli həyata keçirilməsinə və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar