Məhkəmə qərarları › İş №2(001)-3937/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3937/2022

13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3937/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi qaydada nikah bağlanılmamışdır. Cavabdehin xahişi ilə o, cavabdehin qızları olan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 barəsində Asan xidmət mərkəzində ərizə yazaraq atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Bir müddət cavabdehlə faktiki nikah münasibətlərində yaşasalarda daha sonra ayrılmışlar. Belə ki, onun anası bu münasibətlərin əleyhinə olmuş, onun cavabdehin övladlarına atalıq verməsini qəbul etməmişdir. Bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmışdır. Cavabdehin övladlarına münasibətdə onun atalığı müəyyən olunduqdan sonra o, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 təlim, tərbiyyələrində iştirak etməmiş, uşaqlara münasibətdə valideynlik vəzifələrini yerinə yetirməmişdir. Bütün bu vəzifələri cavabdeh özü yerinə yetirmişdir. Ona görə də, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, əsl adını, soyadını bilmədiyi şəxslə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin şəxsdən xx.xx.2017-ci il təvəllüdlü Zəhra və xx.xx.2020-ci il təvəllüdlü Nuray anadan olmuşdur. Lakin həmin şəxs övladlarına münasibətdə atalığının müəyyən olunmasına razı olmamışdır. Övladlarının bioloji atalarından ayrıldıqdan sonra o, İddiaçı ilə tanış olmuş, onunla faktiki nikah münasibətlərinə daxil olmuşdur. Övladlarının atası olmadığına görə valideynlərinin, qohumlarının ona qarşı mənfi münasibətindən ehtiyat edib o, İddiaçı qızlarına atalıq verməyi xahiş etmiş, iddiaçıda etiraz etməmişdir. Bundan sonra onların birgə ərizələrinə əsasən iddiaçının xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 münasibətdə atalığı müəyyən edilmişdir. Onlar iki ilə yaxın bir yerdə yaşamış, iddiaçı bu müddət ərzində ayda iki dəfə onun yaşadığı evə gəlsə də, ona övladlarının saxlanmasında, təlim, tərbiyyəsində iştirak etməmiş, valideynlik vəzifələrini yerinə yetirməmişdir. Hal-hazırda onlar faktiki olaraq ayrılmışlar. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1.-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 355627 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh doğulmuş X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 401 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 188498 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2017-ci il tarixdə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, bu barədə 5717 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 397167 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh doğulmuş X2 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 283 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 509638 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 4959 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin övladlarının həqiqi valideyni olmadığını bildiyi halda xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 münasibətdə atalığını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin münasibətləri pozulduğundan iddiaçı özünün etirafı nəticəsində tərtib olunan şəhadətnamələrin ləğv edilməsini xahiş edir və cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddianı etiraf etmək hüququna malik olsa da, etiraf qanuni olduğu halda məhkəmə tərəfindən qəbul edilə bilər. Belə ki, iddiaçı cavabdehin uşaqlarının atası olmadığını bilərək həmin uşaqların atası kimi yazılmasını xahiş etdiyindən atalığa dair mübahisə açmağa dair hüququnu itirmiş və yuxarıda istinad olanan imperativ xarakterli maddi hüquq normasının tələbinə əsasən iddiaçının cavabdehin uşaqlarına münasibətdə atalığın mübahisələndirilməsi barədə hər hansı tələbi təmin oluna bilməz. Təmin olunması mümkün olmayan tələbin cavabdehin etirafı nəticəsində də, təmin edilməsi qeyrimümkündür. Ona görə də məhkəmə iddia ərizəsinin təmin edilməməsi, cavabdehin etirafının isə qəbul edilməməsi qənaətinə gəlir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar