Məhkəmə qərarları › İş №2(001)-394/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-394/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-394/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı (cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) “dəymiş ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000,48 manat məbləğində ziyanın və ödənilmiş 30,4 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində X2 mülkiyyətində olan “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış X6 məxsus olan “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Binəqədi RPİ-nin istintaq şöbəsinin müvafiq arayışı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2012-ci il tarixli qərarına əsasən “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar olaraq iddiaçı tərəfindən 4000,48 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh bu günədək həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. “Honda Civic” markalı, ** DM *** qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real bazar dəyəri xx.xx.2012-ci il tarixli rəyə əsasən 10547.20 manat olaraq sığortaçı və həmin avtomobilin mülkiyyətçisi olan sığortalı arasında razılaşdırılmışdır. Beləliklə, sığortalı avtomobilə dəymiş zərər həmin avtomobilin bazar dəyərinin məbləğinin 75 %-dən artıq hissəsini təşkil etdiyi üçün sığorta ödənişi “tam məhv” qaydaları ilə hesablanmışdır. Tərəflər arasında razılaşdırılmış 10547.20 manat sığorta məbləğindən sığortalının avtomobilinin qalıq hissəsinin dəyəri olan 5492 manat və sığorta şəhadətnaməsində nəzərdə tutulmuş 10 % şərtsiz azadolma məbləği 1054.72 manat çıxılaraq, sığorta ödənişi 4000.48 manat təşkil etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərinə görə, mülki işə MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 112/20**-CM-***/2012 saylı Sığorta Aktının surətindən görünür ki, X6 məxsus olan “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. Nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin surətindən görünür ki, X6 məxsus olan “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxx” MMC-nin hesablama aktından görünür ki, “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 10000(7350 ehtiyat hissələri+ 2650 işçilik haqqı) manat maddi ziyan hesablanmışdır; xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxx” MMC-nin AKT-ından görünür ki, Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuş hesab edilmişdir; xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxx” MMC-nin Rəyindən görünür ki, Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real dəyəri 10547.2 manat təşkil etmişdir; xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxx” MMC-nin qəzaya uğramış avtomobilinin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, avtomobilin qalıq hissəsinin dəyəri 5492 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncunun barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar toplanmış materiallarla Binəqədi RPİ-nin DYPŞ-nin vasitəsi ilə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir;həmin qərarda göstərilmişdir ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozaraq İXM-nin 151.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı tərətmişdir. AB seriyalı, 100662 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2008-ci il buraxılışlı “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir; AB seriyalı, 613507 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2011-ci il buraxılışlı “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir; ƏN-İİ seriyalı, 371200 saylı etibarnamənin surətindən görünür ki, X3 “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh 10 il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərinə sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və s barədə səlahiyyətlər verilmişdir. ƏN-İİ seriyalı, 362945 saylı etibarnamənin surətindən görünür ki, X8 “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X4 10 il müddətinə sürücülük hüququ olduqda idarə etmək barədə səlahiyyətlər verilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3703 saylı rəyinə əsasən “Honda Civic” markalı, **-DM-*** dövlət nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 7350(10500-30%) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 120 manat təşkil edir. Bundan əvvəl aparılmış xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində avtomobilin tamamilə yararsız hesab olunması nəzərə alınmadığına görə avtomobilin təmir bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 8143 manat müəyyən edilmişdir. İşin faktiki halları, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, “xxxxxxxxxxxx” ASC-də sığortalanmış (nəqliyyat vasitəsinin kasko sığortası) “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2012-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı zərər dəymişdir. Həmin hadisə X2 mülkiyyətində olan “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə edən Cavabdeh tərəfindən törədilmişdir. Binəqədi RPİ-nin istintaq şöbəsinin müvafiq arayışı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2012-ci il tarixli qərarına əsasən “VAZ 21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Zərərvuran, zərərçəkən(sığortalı), sığortaçı avtomobilin tam məhv olduğunu və qalıq hissələrinin, eyni zamanda azadolma faizini nəzərə alaraq zərərçəkənə 4000.48 manat pul verilməsi barədə razılğa gəlmişlər. Həmin məbləğ zərərçəkənin, yəni üçüncü şəxsin sığortaçısı(iddiaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatı tərəflərin razılığından fərqli məbləğlər müəyyən etmişdir. Hal-hazırda iddiaçı subroqasiya qaydasında həmin pul məbləğini zərərvuran şəxsdən, yəni cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bununla bağlı məhkəmə hesab edir ki, “Honda Civic” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi təsdiq olunduğundan və bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi də öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi əsaslıdır. Aparılmış ekspertiza tədqiqatları tərəflərin mənafeyi və işin halları ilə uyğunluq təşkil etmədiyinə görə, o cümlədən tələbdən artıq məbləğ müəyyən etdiyinə görə məhkəmə iddiaçı tərəfindən tələb olunan sığorta məbləğini ədalətli, işin hallarına və tərəflərin mənafeyinə uyğun hesab edir. Bu baxımdan iddiaçı tərəfindən sığortalıya ödənilmiş sığorta ödənişi məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və iddianın qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən tam təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 4000,48 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tam təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bununla bağlı bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000,48 (dörd min manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar