Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3961/2023 24.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından olan 15 sentyabr 2008-ci il təvəllüdlü X3, 23 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Həmin xərcləri təkbaşına ödəyə bilmir. Odur ki, uşaqların saxlanılması üçün xərclər tələb etdiyindən cavabdeh də aliment ödəməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlilərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda cavabdehin atasına məxsus olan evdə cavabdehlə birlikdə yaşayırlar. Cavabdeh isə evə gah gəlir, gah da gəlmir. Uşaqları böyüdükləri mühitdən ayırmamaq üçün cavabdehdən boşanmaq niyyəti yoxdur. Uşaqlarının ehtiyaclarını qayınatası qarşılayır, evin dolanışığını da qaynatası təmin edir. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir, onları gəzməyə belə aparmır. Hətta evə belə gəldiyi vaxtlarda uşaqlarla maraqlanmır. Sadəcə olaarq 2-3 aydan bir evə 500 manat pul verir. Lakin mütəmadi olaraq uşaqlara görə pul ödəmir. Ona görə də, uşaqlarının saxlanılmasında cətinlik çəkir. Uşaqları məktəblidirlər və əlavə olaraq hazırlıqlara gedirlər. Onların əyninə paltarları qaynatası alır. Sonuncu dəfə cavabdehdən iyul ayında 500 manat məbləğində pul almışdır.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 342676 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2007-ci il tarixində nikah bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 890 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir.
6. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 206064 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 15 sentyabr 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh Fəzail oğlu, anası X2r.
7. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 468807 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 23 may 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh Fəzail oğlu, anası X2r.
8. Bakı 16 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
9. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, cavabdeh X5 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında quyuların əsaslı və yeraltı təmiri üzrə usta kimi işləyir və əmək haqqı 975 manatdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə X4 arasında xx.xx.2007-ci il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir.
11. Onların birgə nikahlarından 15 sentyabr 2008-ci il təvəllüdlü X6 və 23 may 2010-cu il təvəllüdlü X5 doğulmuşdur.
12. Tərəflər arasında olan rəsmi nikaha xitam verilməmişdir.
13. İddiaçı uşaqları ilə cavabdehin atasına məxsus olan evdə cavabdehlə birlikdə yaşayır. Cavabdeh ailəsinin saxlanılması üçün iddiaçıya 2-3 ayda bir 500 manat pul verir. Lakin bu ödənişlər mütəmadi xarakter daşımır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır.
23. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2023-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların mənafeyinin üstünlüyünü, uşaqların təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, bundan başqa tərəflərin birlikdə yaşayaraq qismən birgə təsərrüfat aparmalarını, uşaqların saxlanılmasında cavabdehin qismən iştirakını nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilməsi işin faktiki hallarına uyğundur. Belə ki, iddiaçının hər uşaq üçün 220 manat olmaqla aliment tələb etmək barədə tələbi ona görə qismən əsaslı olmaqla işin hallarına uyğundur ki, tərəflər bir evdə yaşayırlar və cavabdeh uşaqların və ailənin saxlanmasında qismən iştirak edir, hansı ki, iddiaçı özünün izahatlarında bu faktı etiraf etmişdir. Bu səbəbdən də məhkəmə müəyyən edilən alimentin miqdarını tərəflərin maddi və ailə vəziyyətinə və işin diqqətəlayiq olan digər hallarına uyğun hesab etmişdir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
26. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır.
27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
28. Odur ki, Cavabdeh 02 iyun 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. Bundan əlavə alimentin alınması ilə bağlı iddiaçılar dövlət rüsumundan azad edildiyindən, ödənilməli olan dövlət rüsumunun çatışmayan hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə alınmalıdır. Həmin məbləğ isə alimentin alınması ilə bağlı iddianın qiymətinə münasibətdə 8.4 (320X12-1000=2840x 0.01 +30-50) manat təşkil edir. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
34. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
35. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
36. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
37. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
39. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:
40. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15 sentyabr 2008-ci il təvəllüdlü X3 və 23 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 07 iyun 2023-cü il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
41. Bundan başqa iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı, iddiaçının ödəməkdən azad edildiyi hissədə 8.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. 15 sentyabr 2008-ci il təvəllüdlü X3 və 23 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi hissədə 8.4(səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev