Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4004/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, mənzil 59-a köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2004-cü ildə rəsmi nikah bağlamışlar. Tərəflərin birgə nikahdan bir uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı 3 otaqlı mənzil əldə etmişlər. Həmin mənzildə pasport qeydiyyatındadır və ona aid geyim əşyalar, cehizləri vardır. Nikahın pozulması ilə bağlı cavabdeh məhkəməyə iddia verdikdən sonra birgə mülkiyyətlərində olan həmin mənzilə onu buraxmır və əsassız olaraq həm mülkiyyətindən, həm də yaşamaq hüququndan qanunsuz məhrum etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etmədiyini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçının həmin evə köçürülməyi yeni bir mübahisəyə əsasdır. Mühabisə predmetini təşkil edən mənzil 2011-ci ildə alınmışdır. Onlar razılığa gəlmişdirlər ki, mənzili satsınlar. Mənzili satışa da qoymuşdur. Həmin mənzildə ikisinin yaşamağı qeyri-mümkündür. O, mənzil satıldıqdan sonra oğlu ilə başqa yerə getmək istəyir. O, cavabdehə bildirmişdir ki, həmin mənzildə yaşaya bilməz. əgər bir yerdə yaşamaq mümkündürsə, onda məhkəmə iddiaçını həmin mənzilə köçürsə, onda onu faciəyə sürükləmiş olacaq. O, iddiaçını 5 dəfə çağırmış və bildirmişdir ki, onların bir yerdə yaşaması mümkünsüzdür, iddiaçı özü də bunu anlayır. O, öz evindən çıxan deyildir. Dünən iddiaçı ilə razılaşmışlar ki, evi satışa qoysunlar. Qanun yol versə belə, iddiaçının o evə gəlməsi absurddur. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəi Binəqədi Rayon Məhkəməsinin 2(001)-2460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 1678 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X1 atası Cavabdeh yanında saxlanılmışdır. “Binəqədi-5” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 19 saylı, xx.xx.2020-ci il tarixli arayışnın surətindən görünür ki, Cavabdeh ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzildə qeydiyyatdadır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzil ünvanında qeydiyyatdadırlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və halhazırda mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehin keçmiş arvadıdır. İddiaçı ilə Cavabdeh 2004-2020-ci illərdə rəsmi nikahda olmuşlar. Birgə nikah dövründə, yəni 2011-ci ildəünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzil əldə etmişlər.Mənzil Cavabdeh adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzilə köçürülmə tələbi ilə bağlı mübahisəni həll edərkən məhkəmə, mənzilə köçürülmək istəyən şəxsin köçürülmək istədiyi mənzilə əşya hüququnun və ya əmlakdan istifadə ilə bağlı digər hüquqlarının(istifadə, kirayə və.s) olub-olmadığını araşdırmalıdır. İşin faktiki hallarından da müəyyən edildiyi kimi, iddiaçının köçmək istədiyi mənzil onunla keçmiş ərinin (cavabdehin) birgə nikah dövründə əldə etdikləri əmlakdır. Bu halı cavabdeh də mübahisələndirmir. Cavabdehin iddia tələbinə etirazı iddiaçı ilə problemli şəkildə nikahlarının pozulması ilə bağlıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzil ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Göründüyü kimi mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə, birgə təsərrüfat apardıqları dövrdə əldə edildiyindən onların ümumi birgə mülkiyyətidir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, iddiaçının köçmək istədiyi mənzil onunla cavabdehin ümumi birgə mülkiyyəti olduğundan, ümumi mülkiyyətin iştirakçısı digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarı olduğundan mənzilə köçmək barədə tələbi əsaslıdır və cavabdehin isə etirazında bildirdiyi hallar mülkiyyətdən istifadəyə, sahibliyə mane olan hal hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək, İddiaçı ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzilə köçürülməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1kr., M.Cəlal küçəsi, ev 72, 59 saylı mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4004/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4004/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver