Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4006/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 460 manat sığorta ödənişi məbləğinin və 20 manat dövlət rüsumunun, cəmi 480 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X4 arasında 07.08.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 14.08.2018-ci il tarixdə “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Biləcəri qəsəbəsində yolnəqliyyat hadisəsi törətmiş və “Tofash Sahin” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 460 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-nin Təhqiqat Şöbəsindən 14.08.2018-ci il tarixli X6 Protokoluna əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin “xxxx” ASC-yə təqdim etdiyi 14.09.2018-ci il tarixli, 804 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh oğlu yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakı etməmiş, iddiaçı “xxxx” ASC 22.06.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 “xxxx” ASC-də əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə (bir şəxs üçün) 5000 (beş min) manat, (bir hadisə üzrə) 50000 (əlli min) manat məbləğində sığortalanmışdır. Müqavilə 07.08.2018-ci il tarixdə 1 (bir) il müddətə bağlanmışdır. Binəqədi RPİ-in Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14.09.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh 14.08.2018-ci il tarixdə idarə etdiyi “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində toplanmış materiallar üzrə başlanmış cinayət işi rədd edilmiş, “Daewoo Nexia” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-in DYPŞyə göndərilmişdir. Binəqədi rayon məhkəməsinin 3(001)-145/2019 saylı 24 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh 14 avqust 2018-ci il tarixdə saat 23 radələrində Daevoo Nexia markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryol poliklinikasının qarşısında hərəkət olarkən Tofaş markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Nəticədə Tofaş markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini X1 zərər vurmayan xəsarət almışdır. Yoxlama zamanı Daevoo Nexia markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh sərxoş olduğu müəyyən edilmişdir. Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Cavabdeh İXMnin 333.3-cü maddəsi ilə inzibati təhbeh tətbiq edilməmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılmış icaata xitam verilmişdir. “xxxx” ASC-nin Texniki Ekspertiza şöbəsinin 17 sentyabr 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesablamasından aydın olur ki, yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus “Tofash Şahin” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 460 manat həcmindədir. 16.10.2018-ci il tarixli, 5682/18/AA-5343/18 saylı sığorta aktından və qəbzdən görünür ki, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində “Tofash Şahin” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 460 manat “xxxx” ASC tərəfindən X2 ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.1-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatadək olduqda, dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat miqdarında müəyyən edilmişdir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 460 (dörd yüz altmış) manat və həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat məbləğində sığorta ödənişi və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4006/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4006/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver