Məhkəmə qərarları › İş №2(001)-4073/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4073/2021

12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4073/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “nəvə ilə ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “nəvə ilə ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, nəvələri X3 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər və iddia tələbini onunla əsaslandırmışlar ki, oğlu X2 ilə keçmiş gəlini Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan Duyğu adlı övladları anadan olmuşdur. Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Onlar dəfələrlə nəvələri ilə görüşmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Bu səbəbdən də iddiaçılar nəvələri ilə görüşmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətin görünür ki, X2 iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahdan olan övladıdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(001)657/21 saylı qətnaməsinə əsasən 05.06.2018-ci il təvəllüdlü X3 ilə atası X1 hər həftənin bazar günü saat 12:00dan saat 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. - Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04/06-13-8-11-31/292 nömrəli 09.09.2021-ci il tarixli uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə rəydən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsini nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 05.06.2018-ci il təvəllüdlü nəvələri X3 ilə hər həftənin bazar günü saat 18:00-dan 21:00dək görüşüb ünsiyyətdə olmaları məqsədəmüvafıq hesab edilmişdir. - 02.09.2021-ci il tarixli həyat şəraitinin müayinə Aktından görünür ki, İddiaçı1 və İddiaçı2 ailə və mənzil-məişət şəraiti nəvələri X3 ilə ünsiyyətdə olmaları üçün əlverişlidir. Məhkəmədə müəyyən edildi ki, uşaq hal-hazırda anası ilə birgə yaşasa da, nənə və baba ona kifayət qədər ünsiyyətdə ola və qayğı göstərə bilmirlər. İddiaçıların nəvələri ilə ünsiyyətinə mane olan, uşağın fiziki, psixi sağlamlığına, əxlaqi inkişafına zərər yetirəcək zərərli vərdişləri yoxdur, həmçinin mənzil-məişət şəraiti uşaqlarla ilə ünsiyyətdə olması üçün əlverişlidir. Bundan əlavə, iddiaçılar uşaqla ünsiyyətdə olmaqla yanaşı, onun gələcəkdə yaxşı təhsil alması, dünyagörüşünün artırılması və uşaqla bağlı hər bir məsələdə yaxından iştirak etmək niyyətindədirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. -50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. - 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. - 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. - 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. - 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli, 6/2001 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmçinin Plenum qeyd edir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin həmin Qərarda qeyd olunur ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlərlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Marks Belçikaya qarşı” işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. “Olsson İsveçə qarşı” işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıların nəvələri ilə ünsiyyətdə olmaq hüququ var və bu hüququn həyata keçirilməsi məhkəmə tərəfindən təmin edilməlidir. Lakin qanunun mənasına və məhkəmənin qənaətinə görə onların nəvələri ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi uşağın mənafeyinə zərər vurmamalı, onun normal inkişafına, səhhətinə təsir göstərməməlidir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, 05.06.2018-ci il təvəllüdlü X3 ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər həftənin bazar günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olmaları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 05.06.2018-ci il təvəllüdlü X3 ilə İddiaçı1 və İddiaçı2 hər həftənin şənbə günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olmaları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar