Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4095/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlilk yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat, uşaq üç yaşına çatanadək onun saxlanılması üçün 50 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2024-cü il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. O, işləmədiyindən övladının saxlanılmasında çətinlik çəkir. Cavabdeh hazırda işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 235 manatdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, əvvəllər əmək fəaliyyəti ilə məşğul olsa da 2024-cü ilin əvvəlindən etibarən işsizdir həmçinin 2024-cü il 07 iyun tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınmışdır. Onunla iddiaçının ailə münasibətləri demək olar ki, 2023-cü ilin avqust ayından pozulmuşdur. Səbəb ondan ibarət olmuşdur ki, iddiaçı ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməmiş, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hisslərini aradan qaldırmış eləcə də zərərli adətlərlə ailə münasibətlərinə ciddi mənfi təsir göstərəcək davranışlara yol vermişdir. Bütün bu olanlardan sonra iddiaçı belə hesab etmişdir ki, sərgilədiyi davranışlarla bu münasibətlərin davam etdirilməsi mümkün olmayacaqdır, elə o səbəblərdən də öz istəyi ilə 2023-cü ilin oktyabr ayından qeydiyyatda olduğu ona məxsus mənzildən özünə aid bütün cehiz əşyalarını toplayaraq çıxıb getmişdir. O, 2023-cü ilin oktyabr ayından etibarən iddiaçı ilə birgə yaşamır, birgə təsəırüfat aparmır və hal-hazırda heç bir münasibət saxlamır. Ailənin faktiki dağılmasına səbəb yuxarıda qeyd etdiyi xüsusatlar olmuşdur. İddiaçı iddia ərizəsində işləmədiyini əsas gətirərək onunla birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Ömür adlı övladlarının saxlanmasında çətinlik çəkdiyini və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə istinad edərək valideynlər uşaqlarını saxlamağa borcludurlar olduğunu qeyd etmişdir. Ailə Məcəlləsinin müvafiq maddəsindən də açıq-aydın görünür ki, uşaqları saxlamaq bir valideynin deyil məhz hər iki valdeyinin borcu olduqları göstərilmişdir. Daha sonra iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad edərək uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edildiyini qeyd etmişdir. Belə olan halda məhkəmələrin alimentin miqdarını müəyyən edərkən məhz qeyd olunmuş qanununun normasına istinad edəcəklərini və alimentin məbləğini minimum 235 manat miqdarında hesablanmaqla ondan tutulacağı qənaətinə gəlmişdir. Hesab edir kı, iddiaçının belə bir qənaətə gəlməsi əsassızdır və heç bir qanunun norması ilə tənzimlənmir və iddiaçının bu sərgidə tələbi qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, o, hal-hazırda işsizdir, heç bir yerdən gəliri yoxdur, maddi vəziyyəti ağırdır, həkim nəzarəti altında müalicə olunur, həmçinin Gədəbəy rayonunun Ataxal kəndində anası ilə birgə yaşayır. Atası isə vaxtından əvvəl vəfat etmişdir. Onun anası xəstəliyi ilə əlaqədar olaraq heç bir yerdə işləyə bilmir. Ailənin yaşayış şəraiti ağırdır və gəlirləri çox aşağı səviyyədədir. Hesab edir ki, işə baxan Məhkəmə gələcəkdə tutulacaq alimentin məbləğini müəyyən edərkən bu xüsusatları nəzərə almalıdır. Bildirmək istəyir ki, işə baxan Məhkəmə gələcəkdə ondan tutulacaq alimentin miqdarını təkcə öz qətnaməsi üzərində rəqəm olaraq əks etdirməməli, əksinə alimentin məbləği elə müəyyən olunmalıdır ki, onun tərəfindən vaxtı-vaxtında gecikdirilmədən alimentin iddiaçıya ödənilməsi mümkün olsun. O, birgə nikahdan dünyaya gəlmiş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsinə razılıq verir. Bir daha xüsusilə qeyd edir ki, onun işsiz olmağına, onun heç bir yerdən gəlirinin olmamasına, həmçinin onun ailə şəraitinin çox ağır olmasına baxmayaraq, övladının saxlanması üçün Məhkəmə tərəfindən hər ay sabit pul məbləğində alimentin miqdarı 190 (bir yüz doxsan) manat təyin olunarsa həmin məbləği vaxtı-vaxtında iddiaçıya ödəyəcəyini öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazda qeyd olunan məzmunda izahat verərək, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qismən qəbul etdiklərini, cavabdehin birgə nikahdan doğulmuş övladını saxlamaq üçün 190 manat aliment ödəməyə razı olduğunu, iddianı qalan hissələrdə qəbul etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 553488 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir; AZ-İV seriyalı, 997892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır; Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı cəmi 60 manat məbləğində mediasiya xərci ödəmişdir. 4 Saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh adına əmək müqaviləsi aşkar edilməmiş, habelə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixindən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, tərəflər xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar, tərəflərin həmin nikahından xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflərin nikahı hazırda pozulmamış, lakin tərəflərin birgə nikahdan doğulmuş uşaqları iddiaçının himayəsində qalmışdır. Hazırda iddiaçı uşağın saxlanması üçün maddi köməyə ehtiyacı olduğunu bildirərək, hər ay uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, təyin olunacaq aliment iddiaçıya deyil, tərəflərin birgə nikahından dünyaya gəlmiş uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Ona görə də iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə ilk öncə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının vacib olduğunu, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, eyni zamanda qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Alimentin tutulmasının əvvəli isə iddia ərizəsi verildiyi tarixdən yəni xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı isə qeyd edir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı lazımi şəkildə saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqları iddiaçının himayəsində olduğundan onların bütün qayğıları, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü də iddiaçının üzərindədir. Belə olan halda, əmək qabiliyyətli cavabdehin hazırda işləməməsi səbəbindən onun tərəfindən uşağına görə alimentin qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən aşağı miqdarda ödənilməsi əsassız olmaqla yanaşı həmçinin ədalətsizdır. Çünki, məlumdur ki, uşağın tələbatı təkcə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən – 235 manatdan ibarət deyil. Lakin bu məbləğin cavabdehdən tutulması iddiaçının maddi yükünü yüngülləşdirəcəkdir. Həmçinin Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir; Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin digər hissəsi yəni uşağın üç yaşına çatana qədər cavabdehdən aliment tutulması ilə bağlı isə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Çünki qanunvericiliyin tələbindən də aydındır ki, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Hazırda tədqiq edilmiş iş materiallarından isə görünür ki, cavabdeh uşağın üç yaşına çatana qədər aliment ödəməsi üçün zəruri vəsaitə malik deyil. Belə ki, cavabdehin hazırda gəlir yeri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq Məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 48.2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Cavabdeh 48.2 (qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4095/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4095/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver