Məhkəmə qərarları › İş №2(001)-4116/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4116/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4116/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2014-cü il təvəllüdlü X2 və xx xxx 2016-cı il təvəllüdlü X1 üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həddində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan xx xxxxxx 2014-cü il tarixdə X4 və xx xxx 2016-cı il tarixdə X5 anadan olmuşdur. Son 4-5 aydır ki, əri evdən getmiş, harada və kiminlə yaşaması barədə isə məlumatı yoxdur. Cavabdeh övladlarına baxmır, maddi kömək etmir və təhsilləri ilə maraqlanmır. Vəziyyətlə əlaqədar o, atasının evində yaşayır, uşaqlara tək baxır, tərbiyələri və təhsilləri ilə tək məşğul olur. Özü də heç bir yerdə işləmədiyinə görə uşaqların layiqli yaşayış səviyyəsini təşkil etməyə maddi cəhətdən əziyyət çəkir. Dəfələrlə cavabdehə uşaqların saxlanmalarına kömək etmək məqsədi ilə müraciət etməsinə baxmayaraq, hər dəfə kəskin formada yayınmışdır. Hazırda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühəndis-texnoloq vəzifəsində işləyir və 1800-2000 manat civarında əmək haqqı alır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, uşaqları üçün aliment ödəməyə etiraz etmir. Lakin, iddiaçı tərəfindən onun uşaqları ilə görüşməsinə süni maneələr yaradılır. İddiaçı imkan versə o, uşaqlarının təlim tərbiyəsində iştirak etməyə, onların maddi ehtiyaclarını qarşılamağa hər zaman hazırdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 741522 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İbrahimli Şölə İlham qızı xx xxxxx 2012-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 389 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Həmidov”, arvada isə “Həmidova” soyadı verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 274384 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 868 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 767783 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 325 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Cavabdeh məhkəmə təqdim etdiyi xidməti vəsiqəsinin surətindən görünür ki, o, “Socar”-ın “X8” trestində böyük mühəndis vəzifəsində çalışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 (iki) uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin ailə münasibətlərindən doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 iddiaçının himayəsindədir. Hazırda iddiaçı himayəsində olan uşaqların saxlanmaları üçün cavabdehdən aliment ödənilməsini tələb edir, cavabdeh isə uşaqların saxlanmaları üçün aliment ödəməsinə etiraz etmir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X2 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X2 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar