Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4118/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızının Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2.200 manat olan komplektin (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, 2 karatlıq brilliant qaşlı, dəyəri 3.300 manat olan nişan üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyünün, cəmi dəyəri 750 manat olan 3 ədəd çilçırağın, cəmi dəyəri olan 540 manat olan 3 ədəd pərdənin, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacının (yolka), onlardan hər hansı birinin olmadığı təqdirdə isə onların dəyərlərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə el-adət ənənəsi ilə ailə qurmuş, bir müddət mehriban yaşamış, daha sonra isə aralarında olan münasibətlər pozulmuşdur. Onların nikahı 29 aprel 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, cavabdehlə ünvan 1 ünvanında yaşamış, cehiz əşyaları da həmin evə yığılmışdır. Məhkəmə prosesləri gedən müddətdə məhkəmədən kənar cavabdeh cehiz əşyalarının əksər hissəsini qaytarmışdır. Lakin, qızıl-zinət əşyalarını bütovlükdə, cehiz əşyalarından isə cəmi dəyəri 750 manat olan 3 ədəd çilçırağı, cəmi dəyəri olan 540 manat olan 3 ədəd pərdəni, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə olan yolkanı qaytarmamışdır. O, cavabdehlə birgə yaşadıqları evi könüllü qaydada deyil, dava-qırğınla polis vasitəsi ilə tərk etmişdir. Belə ki, bir gün əvvəl cavabdehin icazəsi ilə valideynlərinin evinə bir günlük qonaq getmişdir. Qonaq gedən zaman cavabdehlə və onun ailə üzvləri ilə aralarında narazılıq olmamış, özü ilə heç bir əşya o cümlədən, qızıl-zinət əşyalarını aparmamışdır. Növbəti gün cavabdehlə birgə yaşadığı evə qayıtmışdır. Lakin, cavabdeh və onun ailə üzvləri qapını açmamış, onu evə buraxmamış və bir müddət küçədə saxlamışlar. Daha sonra o, evə çətinliklə olsa da daxil ola bilmişdir. Sonra isə onu incitməyə başlamışlar. Növbəti gün o, məcbur olub valideynlərinə zəng edib bu barədə xəbər vermişdir. Onlar gəlsə də evə daxil ola bilməmişlər. Yəni, onları evə buraxmamışlar. Ona görə də, valideynləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə xəbər verib, köməklik istəmişlər. Hadisə yerinə polis şöbəsinin işçiləri gəlib müdaxilə etmiş, valideynləri onu polisin köməkliyi ilə götürüb aparmışlar. Gedən zaman daima əlində gəzdirdiyi bir ədəd üzükdən başqa heç bir qızıl zinət əşyası aparmamışdır. Belə ki, həmin vaxt heç buna imkan da olmamışdır. Çünki cavabdeh və ailəsi ona fiziki təzyiqlər göstərmiş, onu evdən çıxıb getməyə məcbur etmişlər. Tələbdə qeyd etdiyi qızıl-zinət əşyalarının hamısı və adlarını qeyd etdiyi cehiz əşyaları hal-hazırda onun mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində qalmışdır. Ona görə də həmin əşyalar, olmadığı təqdirdə isə dəyərləri cavabdehdən alınaraq ona verilməlidir. Qızıl-zinət əşyaları ona hədiyyə olaraq bağışlama yolu ilə verilmiş, o da onları qəbul etmişdir. Bu əşyaların ona bağışlanması etibarlıdır və həmin əşyalar onun mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh və onun bacısı tərəfindən döyüldüyünə görə o, həmin vaxt evi polis və valideynlərinin köməyi ilə tərk edə bilmişdir. Daha sonra da cavabdehin evinə qayıtmamışdır. Bundan əlavə o, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyaları mövcud olmuşdur. Belə ki, həmin əşyalar onun tərəfindən iddiaçıya alınmışdır. Həmin qızıl-zinət əşyalarının əyarını, çəkisini və qiymətlərini xatırlamır. İddiaçı evi tərk edən zaman qızıl-zinət əşyalarının hamsını özü ilə aparmışdır. Hazırda onda heç bir qızıl-zinət əşyası qalmamışdır. Belə ki, o, Bakıya gəlmiş, xanımı aparıb atası evinə qoymuş, gəlib aparacağını bildirmişdir. O, evdə olmayan vaxt xanım ailəsi ilə birlikdə evə gəlmiş, evdə səs-küy qopmuş, polis gəlmişdir. Bundan sonra, polis onu gəlib aparmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Daha sonra onlar polislə birlikdə evə qayıtmışlar. Xanım evə girib əşyalarını yığıb və evi tərk etmişdir. Məhkəmə prosesləri gedən müddətdə isə o, iddiaçının evdə qalmış bütün cehiz əşyalarını qaytarmış, sadəcə bir ədəd yolka yadından çıxıb qalmışdır. Digər tələb olunan əşyalar, yəni çilçıraq və pərdələr isə iddiaçı tərəfindən ümumiyyətlə cehiz əşyası kimi gətirilməmişdir. Həmin əşyalar əvvəlcədən evdə mövcud olmuşdur. Odur ki, o, iddia tələbində göstərilən yolkanın iddiaçıya qaytarılmasına etiraz etmir, iddianı digər hissələrdə isə ümumiyyətlə qəbul etmir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçı ilə ailə qurduqdan sonra ünvan 1 ünvanında yaşamışdır. İddiaçı evi tərk etdiyi gün aralarında mübahisə olmuş, o, iddiaçıya evi tərk etməsini bildirmişdir. Daha sonra iddiaçı evi tərk etmədiyi üçün aralarındakı mübahisə böyümüş, iddiaçının valideynləri polislə onların evinə gələrək iddiaçını aparmışdır. Mübahisəli qızıl-zinət əşyalarının dəyəri iddiaçı tərəfindən şişirdilmişdir. Həmçinin, o, ekspert rəyi ilə də razı deyil, belə ki, qiymətlər yüksək hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nurəddin Firudinli tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 18 sentyabr 2020-ci il tarixdə X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmiş, qızının baldızı tərəfindən döyüldüyünü və qızını həmin evdən çıxarmaq istədiyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 1998-ci il təvəllüdlü X1 bədən səthində aşkar olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bununla da, X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibli xüsusatlar müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, əməli törətmiş Cavabdeh İsgəndər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin aidiyyəti əməkdaşına göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(026)-45/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 04 oktyabr 2020-ci il tarixdə 2559 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə iddiaçıya toy mərasimində iki müxtəlif qadın tərəfindən üzük taxılır. Həmçinin müəyyən olunur ki, iddiaçının üzərində sırğa, boyunbağı, qolbaq və üzüklər vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan 2 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi qaydada dəyəri təxminən 3.410 manat müəyyən olunur. 2 adda zərgərlik məmulatı barədə kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd olunan ekspert rəyinin aydınlaşdırılması zərurəti yarandığından rəyi vermiş ekspert Elvin Qəhrəmanov məhkəmə iclasına dəvət edilmiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən verilmiş rəydə texniki yanlışlıq nəticəsində rəyin nəticə hissəsi aydın qeyd edilməmişdir. Belə ki, rəyin nəticə hissəsi “qərardadda qeyd edilmiş 4 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar dəyəri 3.410 (750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram olan komplektin (sırğa, üzük, qolbaq, boyunbağı) dəyəri - 2.200 manat, 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram olan nişan üzüyünün dəyəri - 650 manat, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, olan bəzək üzüyünün dəyəri - 360 manat, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, olan bəzək üzüyünün dəyəri - 200 manat) manatdır. Hesablanmış qiymət yalnız qızılların dəyəridir. Belə ki, brilliant qaşlı üzük barədə kifayət qədər məlumat olmadığından onun daşının qiymətləndirilməsi mümkün olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin 04 oktyabr 2020-ci il tarixdə nikaha daxil olması, daha sonra onlar arasında münasibətlərin korlanması və onlar arasında olan nikahın Qobustan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işin mübahisələndirilməyən digər hallarına əsasən – iddiaçı ailə həyatı qurandan sonra ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını ora yerləşdirmiş, ailə münasibətləri pozulanadək orada yaşamışdır. Hazırda iddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət və cehiz əşyalarının, olmadığı təqdirdə isə dəyərlərinin cavabdehdən alınıb ona verilməsini xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək, yalnız bir ədəd yolkanın onda qaldığını bildirir və həmin əşyanın iddiaçıya qaytarılmasına etiraz etmir, iddia tələblərini digər hissələrdə isə qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Hədiyyə və ya vərəsəlik qaydasında əldə olunmuş əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının, olmadığı təqdirdə isə dəyərlərinin cavabdehdən alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia edilən qızıl-zinət əşyalarının mövcudluğu işdə olan sübutlarla (tərəflərin izahatları, fotoşəkillər və s.) müəyyən edilir. Cavabdeh tərəf iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğunu, onların iddiaçıya hədiyyə olunmasını təsdiq etsə də, israrla qeyd olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehlə birgə yaşadıqları evi tərk edərkən aparıldığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı evi öz istəyi ilə, yəni əvvəlcədən planlı şəkildə öz əşyalarını yığaraq evi könüllü şəkildə deyil, cavabdehin təkidi ilə məcburi qaydada tərk etmişdir. Eyni zamanda, həmin gün iddiaçının atası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına da müracit etmiş və iddiaçının döyüldüyünü bildirmişdir. Faktla bağlı araşdırılma aparılmış, İddiaçı bədən səthində aşkar olunan xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlər olduğu müəyyən edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının münaqişəli situasiyada öz qızıl-zinət əşyalarını yığaraq evi tərk etməsi ağlabatan və inandırıcı deyil. Ona görə də məhkəmə işin faktiki hallarını və tədqiq olunmuş sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia olunan və həqiqiliyi mübahisə doğurmayan iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir, bu səbəbdən də iddiaçı onları tələb etməkdə haqlıdır. Cavabdeh tərəfin digər etirazı isə qızıl-zinət əşyalarının dəyərinin şişirdilməsi ilə bağlı olmuşdur (lakin, cavabdeh özü qızıl-zinət əşyalarının əyarını, çəkisini, dəyərini konkret olaraq bildirməmişdir). Bu səbəbdən də məhkəmə tərəfindən qızıl-zinət əşyalarının obyektiv dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddia olunan – 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram olan komplektin (sırğa, üzük, qolbaq, boyunbağı) dəyəri - 2.200 manat, 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram olan nişan üzüyünün dəyəri - 650 manat, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram olan bəzək üzüyünün dəyəri - 360 manat, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram olan bəzək üzüyünün dəyəri - 200 manat) olmaqla, ümumi dəyərləri 3.410 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı ekspert rəyi ilə razı olduğunu, cavabdeh isə rəyə etiraz edərək qızıl-zinət əşyalarının dəyərinin yüksək hesablandığını bildirmişdir. Lakin cavabdeh məhkəmə baxışı zamanı ekspert rəyinin əsassızlığı ilə bağlı etirazını əsaslandıra bilməmiş, habelə etirazı ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə, məhz ekspert rəyini mötəbər sübut kimi qiymətləndirirək, bununla yanaşı isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq belə qənaətə gəlir ki, 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2.200 manat olan komplekt (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, dəyəri 650 manat olan nişan üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyü, onlar mövcud olmadığı təqdirdə isə onların ümumi dəyərləri 3.350 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə olan şam ağacının (yolka), olmadığı təqdirdə dəyərinin cavabdehdən alınması” hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd edilən əşyanın iddiaçıya məxsus olduğunu, lakin hazırda onun sahibliyində olduğunu bildirmiş, dəyərini isə ümumiyyətlə mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə nəticəyə gəlir ki, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə olan şam ağacı (yolka) mövcud olmadığı təqdirdə isə onun dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “cəmi dəyəri 750 manat olan 3 ədəd çilçırağın və cəmi dəyəri olan 540 manat olan 3 ədəd pərdənin, olmadığı təqdirdə dəyərlərinin cavabdehdən alınması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin əşyaların cehiz əşyaları kimi yuxarıda qeyd edilən evə aparılmasını, cavabdeh isə həmin əşyaların evdə əvvəlcədən mövcud olduğunu, həmin əşyaların cehiz əşyası kimi evə gətirilmədiyini bildirir. İddiaçı qeyd olunan əşyaların məhz cehiz əşyaları kimi ona məxsus olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı tələb olunan əşyaların ona məxsus olması ilə bağlı məhkəməyə əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut təqdim edə bilmədiyindən, iddia tələbi bu hissələrdə təmin edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2.200 manat olan komplekt (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, dəyəri 650 manat olan nişan üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyü, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacı (yolka) həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyərlərini təşkil edən 3.500 manat məbləğində vəsait Cavabdeh alınaraq iddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızına verilməli, iddia digər hissədə təmin edilməməlidir. Bununla belə, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 14 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manatın 58 manatı cavabdehdən, 42 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2.200 manat olan komplekt (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, dəyəri 650 manat olan nişan üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyü, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyü, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacı (yolka) həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyərlərini təşkil edən 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızına verilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manatı Cavabdeh tutularaq iddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızına ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 100 (bir yüz) manatın 58 (əlli səkkiz) manatı Cavabdeh, 42 (qırx iki) manatı isə iddiaçı Teymurlu(Ələsgərzadə) Zülfiyyə Rasim qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4118/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4118/2021
03.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver