Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4124/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-238/2007-ci il tarixli qətnaməsi 19 iyul 2005-ci il təvəllüdlü X2 üçün İddiaçı X3 xeyrinə qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında aliment tutulması qət edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2022-cı il tarixli, 2(001)-399/2022 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və xx.xx.2008-ci il tarixdə anadan omuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün hər ay iddiaçının qazancının və başqa (gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı dənizdə “SOKAR CAPE” müəsisəsində quraşdırıcı vəzifəsində işləyir. Əmək haqqı 879 manatdır. Dəniz şəraitində işlədiyinə görə üstünə əlavələr gəlməklə 1500 manat civarında əmək haqqı çıxır. Aldığı əmək haqqı hər iki aliment borcunun və kreditlərinin ödənilməsinə çatmır. Ona görə də cavabdehə bir uşağın saxlanılması üçün 193 manat, iki uşağa görə 386 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddiaçı iki dəfə nikahda olmuş və birinci nikahdan olan uşağının saxlanması üçün 2007-ci ildən qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında aliment ödəyir. Hal-hazırda ikinci nikahından olan uşaqları üçün də qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. İddiaçının kreditləri olduğuna görə, bütün bu tutulmalara onun aldığı əmək haqqı çatmır. Ona görə də, ikinci nikahdan olan uşaqları üçün ölkə üzrə müəyyənləşdirilmiş yaşayış minimumuna uyğun aliment ödəmək istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-238/2007 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə X7 arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 üçün İddiaçı qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-399/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 01 iyul 2008-ci il tarixində Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 448 nömrə ilə qeyd edilmiş nikah pozulmuş; xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş və xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 12000 manat kredit verilmiş və arayışın verildiyi tarixə əsas borc 4900,39 manat, faiz borcu isə 16,20 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının birinci nikahından uşağı xx.xx.2005-ci tarixdə doğulmuş, iddiaçı tərəfindənv istidan edilən kredit isə xx.xx.2021-ci il tarixdə götürülmüşdür – yəni iddiaçının əsaslandığı hər iki xüsusat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-399/2022 saylı qətnaməsi qəbul edilən dövrdə mövcud olmuş və hal-hazırda həmin xüsusatlar “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik” kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə daxili və beynəlxalq qanunvericiliklə prioritet elan edilmiş uşaqların mənafeyini əsas götürərək hesab edir ki, hal-hazırda alimentin tutulma qaydasının dəyişdirilməsi (faktiki olaraq azaldılması) üçün diqqətəlayiq olan hər hansı hal mövcud deyil, iddiaçının birinci nikahdan uşağının və kreditinin olması onu ikinci nikahdan olan övladlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Belə olan halda, iddiaçının kredit öhdəliklərinin mövcud olması alimentin tutulması qaydasının dəyişdirilməsi üçün deyil, öhdəliklərin bölünməsi barədə müvafiq iddia ərizəsinin verilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4124/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4124/2022
21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver