Məhkəmə qərarları › İş №2(001)-4190/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4190/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4190/2021 11.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı İslamova Rüxsarə Yaqub qızının cavabdeh Həsənov Habil Rəsul oğluna qarşı aliment tələbinə dair mülki işə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İslamova Rüxsarə Yaqub qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki olaraq birgə nikahdan doğulmuş 09 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Füzuli rayonundan məcburi köçkündür. O, cavabdeh Cavabdeh ilə 2010-cu il tarixdə faktiki olaraq nikaha daxil olaraq evlənmişlər. Belə ki, maddi imkanlarının olmaması, mütamadi olaraq işlədiklərindən nikahlarını müvafiq dövlət orqanında rəsmiləşdirə bilməmişlər. Birgə nikahdan 09 mart 2011-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Nikahları rəsmi olmadığı uçun övladlarının atalığını müəyyən etmək üçün 02 may 2011-cı ıl tarixdə Göygol rayon Qeydiyyat şöbəsi tərəfindən ona “Atalığın müəyyən edilməsi” haqqında şəhadətnamə (AZ- 1 nömrə 160513,qeyd edilmə nömrəsi 91) verilmişdir. Ailə qurduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir- birini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Olar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan qız ovladları isə iddiaçının himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindır. Cavabdeh rəsmi olaraq işləyir və kifayət qədər qazancı mövcuddur. Sonda T.V.Abbasov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində sürücü işləyir, aylıq əmək haqqısı 250 manat təşkil edir, 175 manat aliment ödəməyə imkanı yoxdur. İş materiallarında olan doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 09 mart 2011-ci il tarixdə doğulmuş İslamova Aişə Habil qızının anası İslamova Rüxsarə Yaqub qızı, atası Həsənov Habil Rəsul oğludur. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği 175 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 29 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. 09 mart 2011-ci il təvəllüdlü İslamova Aişə Habil qızının 18 yaşa çatanadək saxlanması üçün Həsənov Habil Rəsul oğlundan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İslamova Rüxsarə Yaqub qızına ödənilsin və alimentin tutulmasının əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. 30 manat məbləğində dövlət rüsumu Həsənov Habil Rəsul oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar