Məhkəmə qərarları › İş №2(001)-4214/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4214/2025

30.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4214/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdehnə qarşı əmək haqqının ödənilməsi və maddi-mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Chai Lab" restoranında işlədiyi bir ay üçün 900 manat olmaqla, iki aylıq əmək haqqına görə cəmi 1800 manat miqdarında pulun ödənilməsi, əmək haqqısının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz hesablanmaqla ödənilməsi və ona vurulmuş maddi-mənəvi zərərə görə isə 1200 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı Slavyan Universitetini müəllimlik ixtisası üzr bitirmişdir. O, əvvəllər əmək müqaviləsi əsasında “X15”də işləmişdir. 2024-cü ilin yay aylarında “whatsapp” tətbiqində yaradılmış qrupda “Chai Lab” restoranında aşpaz köməkçisi vakansiyasını görmüş və bununla bağlı müraciət etmişdir. Müraciət edərkən ona Fərid Həmidovun nömrəsini vermişlər ki, iş barədə onunla danışsın. Bundan sonra o, restoranda təxminən iki ay aşpaz köməkçisi kimi işləmişdir. Həmin müddət ərzində öz vəsaiti ilə dolanmışdır. O, aşpaz köməkçisi kimi mətbəxi səliqəyə salmış, zibilləri atmış və baş aşpazın tapşırıqlarını yerinə yetirmişdir. Restoranda işləyərkən Asiman adlı şəxs ona bildirmişdir ki, haqq-hesabdan narahat olmasın. O, əmək haqqını Asiman adlı şəxsdən tələb etmişdir. Əmək haqqını tələb edəndə isə büdcədə pul olmadığını bildirmişlər. Daha sonra da müxtəlif bəhanələrlə əmək haqqı verilməmişdir. O, şikayət edəcəyini bildirəndə ona hədə-qorxu gələrək, şikayət etsə polisdə başının çox ağrıyacağını bildirmişlər. Polisə şikayət etsə də nəticəsi olmamışdır. Daha sonra prokorurluğa şikayət etmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən hüquqi şəxs Cavabdeh MMC barəsində qəbul edilmiş 27 fevral 2025- ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara əsasən, hüquqi şəxs , Cavabdeh MMC-in qanuni təmsilçisi və direktoru X6 əmək müqaviləsi (kontrakt) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs İddiaçı 2024-cü ilin may-iyun ayları ərzində ünvan 1 ünvanda yerləşən “Chai Lab” restoranında aşpaz köməkçisi vəzifəsində mətbəxdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə hüquqi şəxs Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan material üzrə 3(001)-1510/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmişdir. Qeyd olunan iş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, “O, əmək müqaviləsi əsasında 2024-cü ilin aprel-iyul aylarında “Chai Lab” restoranında baş aşpaz kimi çalışmışdır. İddiaçı elan edilmiş vakansiya ilə bağlı müraciət etmişdir. Təxmini 2 ay onun köməkçisi kimi işləmiş, əmək haqqı verilmədiyi üçün məcbur qalıb işdən çıxmışdır. Həmin restoranda əmək haqqı ilə bağlı həmişə problemlər olub, onunda əmək haqqı ya gecikdirmişlər, ya da verməmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun İddiaçılə qohumluq münasibətləri yoxdur. Vakansiya üçün müraciət edənləri Asimanla o qəbul etmişdir. İddiaçı təcrübəsiz işçi olmuş, menyuda göstərilənlərin 70-80%-ini hazırlaya bilməmişdir. İddiaçı əmək haqqını ondan tələb edəndə bildirmişdir ki, onun əmək haqqı vermək kimi səlahiyyəti yoxdur. Bununla bağlı Bayraməli Quliyevə məlumat versə də, sonuncu bildirmişdir ki, gözləsin bir müddət sonra veriləcək. Qeyd olunan iş üzrə həm prokurorluqda, həm də məhkəmə iclasında şahid qismində ifadə vermiş Abdıeva Amina ifadəsində bildirmişdir ki, 2024-cü ildə 1 ay müddətində əmək müqaviləsi bağlanmadan “Chai Lab” restoranında menecer kimi çalışmış, daha sonra əmək haqqı verilmədiyi üçün işdən çıxmışdır. O, işdən çıxanda Hüseyn işə yeni qəbul edilmişdi, mətbəxdə Fərid baş aşpaz kimi Məhəmməd və Hüseyn isə köməkçiləri kimi işləyirdilər. Onun əmək haqqını işdən çıxdıqdan xeyli müddət keçdikdən sonra vermişlər. Çalışdığı müddətdə “Chai lab” restoranında çalışan işçilərdən ofisiant Şahin, Könül, Elşad, hostes Sürəyya, barmen Azad, aşpaz Fərid, aşpaz köməkçisi Məhəmməd və Hüseyni tanımışdır. Hüseyn, o işlədiyi müddətdə mətbəxdə çalışmışdır. Mətbəx işlərinə Fərid nəzarət etdiyindən Hüseynin işə yanaşmasını dəqiq deyə bilməsə də, Hüseynin may ayı ərzində dəfələrlə işə gəlməsinin şahidi olmuşur. May ayı ərzində Hüseynə “Chai Lab” restoranında aşpaz köməkçisi vəzifəsi üzrə tələbə olaraq çalışdığı müddətdə hər hansı məbləğdə əmək haqqı verilməsinin şahidi olmamışdır. X1 rayon prokurorluğunda verdiyi izahatda bildirmişdir ki, “Chai Lab” restoranının sahibi X2r. "Chai Lab” restoranı 15- dekabr 2023-cü il tarixdən fəaliyyət göstərir. Restoranda onun vəzifəsi ərzaq məhsullarının restorana təmin edilməsindən ibarətdir. Bayraməli ilə qohum olduqlarından “Chai Lab” restoranında əmək müqaviləsi bağlanmadan gündəlik bazarlıq işləri, habelə restoranda baş vermiş texniki problemlərin aradan qaldırılmasında köməklik göstərmişdir. “Chai Lab” restoranında açılışdan, yəni 15 dekabr 2023-cü il tarixdən 2024-cü ilin may ayına qədər, 2024-cü ilin avqust ayından indiyədək bildirdiyi vəzifələri o həyata keçirmişdir. İddiaçı tanıyır. Onu bir dəfə restoranın qarşısında köhnə geyimdə görmüşdür. Onunla şəxsi tanışlığı olmamışdır. Hüseynin işə götürülməsi barədə heç bir məlumatı yoxdur. Hüseynlə restoranda çalışan Fərid adlı aşpaz münasibətdə olmuşdur. Çünki mətbəxə işçi götürəndə Fərid danışıqlar aparmışdır. Bayraməli ilə məsləhətləşdikdən sonra həmin işçi işə götürülmüşdür. İddiaçı 2024-cü ilin yay aylarında vakansiya elanı vasitəsilə restorana müraciət etdiyini bildirir. Ən önəmlisi isə odur ki, restoranın icraçı direktoru da Binəqədi rayon prokurorluğunda verdiyi izahatda bu faktı təsdiqləyərək bildirmişdir ki, həmin dövrdə həqiqətən də aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya mövcud olub, lakin uyğun namizəd tapılmayıb. Bu ifadələr məhkəmə üçün iki vacib məqamı işıqlandırır. Birincisi, təsdiqlənmiş vakansiya faktı göstərir ki, müəssisənin qeyd edilən vaxtda aşpaz köməkçisinə ehtiyac duyub və bu vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi zəruri sayılıb. İddiaçı həmin vakansiyaya əsasən restorana müraciət etməsi isə onun əmək funksiyasını faktiki olaraq yerinə yetirməyə razılaşdığını və bu münasibətin restoranın ehtiyaclarına cavab verdiyini sübuta yetirir. İkincisi isə, əgər İddiaçı qərəzli danışır və uydurma iddia irəli sürürsə, 2024cü ilin yayında restoranın konkret bir vakansiya üzrə elan verdiyini və həmin elanla bağlı müraciət prosesinin olduğunu necə dəqiq bilə bilərdi. Bu məlumat ictimai şəkildə yayımlanmadığı halda, onu yalnız həmin hadisənin iştirakçısı olan şəxs deyə bilərdi. Bu fakt özü-özlüyündə göstərir ki, İddiaçı həmin prosesin içində olub və vakansiya əsasında işə qəbul edilib. Binəqədi Rayon Məhkəməsinin 3(001)-1510/2025 saylı xx.xx.2025-ci il tarixli qərar ilə hüquqi şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. İddiaçı vakansiya üzrə işə qəbul edilən zaman ona 900 manat miqdarında əmək haqqı təklif edilmiş və o da təklifi qəbul edərək işə başlamışdır. Lakin “Chai Lab” restoranı tərəfindən qanun pozuntusuna yol verilmiş və əmək müqaviləsi bağlanılmadan İddiaçı restoran daxili işlərə cəlb edilmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət etsə də işlədiyi 2 ay üçün aylıq 900 (doqquz yüz) manat olmaqla, cəmi 1800) manat miqdarında əmək haqqısını ala bilməmişdir. İddiaçı Cavabdeh qanunsuz hərəkətlərinin ifşa olunması, hüquqlarının bərpa olunması üçün xeyli vaxt sərf etmişdir. O, bu hadisədə maddi xərc çəkməklə yanaşı, əsəb pozuntusu da keçirmişdir. Bu səbəbdən də hesab edir ki, iddiaçı 1200 (min iki yüz) manat miqdarında maddi və mənəvi zərər tələb etməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, cavabdehə məxsus “Chai Lab” restoranında aşpaz köməkçisi vəzifəsində işləmişdir. Vakansiya elanında aylıq 900 manat əmək haqqı qeyd olunmuş, lakin restoranın aşpazı ona gündəlik 30 manat ödəniləcəyini bildirmişdir. O, “Chai Lab” restoranında 2024-cü ilin may-iyun aylarında 2 ay müddətində işləmişdir. Lakin onunla əmək müqaviləsi bağlanılmamış, həmçinin ona əmək haqqı verilməmişdir. O, bununla bağlı prokurorluğa şikayət etmişdir. Məhkəmədə işə baxılan zamanda şahidlər dindirilmiş və həmin şahidlər onun “Chai Lab” restoranında işləməsini təsdiq etmişlər.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-1510/2025 saylı qərarından görünür ki, hüquqi şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

6. Həmin qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən hüquqi şəxs Cavabdeh MMC barəsində qəbul edilmiş 27 fevral 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara əsasən, hüquqi şəxs Cavabdeh MMC-in qanuni təmsilçisi və direktoru X6 əmək müqaviləsi (kontrakt) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs İddiaçı 2024-cü ilin may-iyun ayları ərzində ünvan 1 ünvanda yerləşən “CHAİLAB” restoranında aşpaz köməkçisi vəzifəsində mətbəxdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

7. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş İddiaçı 2024-cü ilin may-iyul ayları ərzində “CHAİLAB” restoranında qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşpaz köməkçisi vəzifəsində mətbəxdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, nəticədə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati tənbeh növü tətbiq edilmişdir.

8. Həmin qərardan görünür ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, o, əmək müqaviləsi əsasında 2024-cü ilin aprel-iyul aylarında “CHAİLAB” restoranında baş aşpaz kimi çalışmışdır. İddiaçı elan edilmiş vakansiya ilə bağlı müraciət etmişdir. Təxmini 2 ay onun köməkçisi kimi işləmiş, əmək haqqı verilmədiyi üçün məcbur qalıb işdən çıxmışdır. Həmin restoranda əmək haqqı ilə bağlı həmişə problemlər olub, onun da əmək haqqını ya gecikdirirdilər ya da vermirdilər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun İddiaçılə qohumluq münasibətləri yoxdur. Vakansiya üçün müraciət edənləri Asimanla o qəbul edirdi. İddiaçı təcrübəsiz işçi idi, menyuda göstərilənlərin 70-80%-ini hazırlaya bilmirdi. İddiaçı əmək haqqını ondan tələb edəndə bildirmişdir ki, onun əmək haqqı vermək kimi səlahiyyəti yoxdur. Bununla bağlı Bayraməli Quliyevə məlumat versə də, sonuncu bildirmişdir ki, gözləsin bir müddət sonra veriləcək. Məhəmməd də onun köməkçisi kimi restoranda işləyib. O, Cəbrayıl Cəbrayılzadəni, Surəyyanı, Aminanı habelə baş mühasib Müşkünaz xanımı tanıyır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Abdıeva Amina ifadəsində bildirmişdir ki, o, 2024-cü ildə 1 ay müddətində əmək müqaviləsi bağlanmadan “CHAİLAB” restoranında menecer kimi çalışmış, daha sonra əmək haqqı verilmədiyi üçün işdən çıxmışdır. O, işdən çıxanda Hüseyn işə yeni qəbul edilmişdi, mətbəxdə Fərid baş aşpaz kimi Məhəmməd və Hüseyn isə köməkçiləri kimi işləyirdilər. Onun əmək haqqını işdən çıxdıqdan xeyli müddət keçdikdən sonra veriblər. Ona verilmiş suala cavab olaraq bildirdi ki, o, menecer vəzifəsini icra edərkən tez-tez mətbəxə girib çıxır, nəzarət edirdi.

9. Bundan başqa həmin qərarda göstərilmişdir ki, İddiaçı 2024-cü ilin yay aylarında vakansiya elanı vasitəsilə restorana müraciət etdiyini bildirir. Ən önəmlisi isə odur ki, restoranın icraçı direktoru da bu faktı təsdiqləyərək bildirmişdir ki, həmin dövrdə həqiqətən də aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya mövcud olub, lakin uyğun namizəd tapılmayıb. Bu ifadələr məhkəmə üçün iki vacib məqamı işıqlandırır. Birincisi, təsdiqlənmiş vakansiya faktı göstərir ki, müəssisənin qeyd edilən vaxtda aşpaz köməkçisinə ehtiyac duyub və bu vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi zəruri sayılıb. İddiaçı həmin vakansiyaya əsasən restorana müraciət etməsi isə onun əmək funksiyasını faktiki olaraq yerinə yetirməyə razılaşdığını və bu münasibətin restoranın ehtiyaclarına cavab verdiyini sübuta yetirir. İkincisi isə, əgər İddiaçı qərəzli danışır və uydurma iddia irəli sürürsə, 2024cü ilin yayında restoranın konkret bir vakansiya üzrə elan verdiyini və həmin elanla bağlı müraciət prosesinin olduğunu necə dəqiq bilə bilərdi? Bu məlumat ictimai şəkildə yayımlanmadığı halda, onu yalnız həmin hadisənin iştirakçısı olan şəxs deyə bilərdi. Bu fakt özü-özlüyündə göstərir ki, İddiaçı həmin prosesin içində olub və vakansiya əsasında işə qəbul edilib. Daha aydın təsvirlə, İddiaçı sadəcə böhtan xarakterli şikayət vermiş olsaydı, müəssisəyə məxsus bu cür dəqiq və daxili idarəetmə xarakterli bir detalı – vakansiyanın konkret dövrdə elan olunmasını bilməsi qeyri-mümkün idi. Deməli, o, bu faktı ancaq real əlaqə və təmas nəticəsində öyrənə bilərdi. Bu isə onun ifadəsinin inandırıcılıq dərəcəsini ciddi şəkildə artırır. Sonra, icraçı direktor ifadəsində bildirir ki, restoranın baş aşpazı Fərid Həmidovla əmək münasibətləri sonlananda onlar arasında hər hansı narazılıq olmamışdır, MMC-in nümayəndəsi və vəkili isə izahatında bildirir ki, İddiaçı şikayəti məhz Fərid Həmidovun təhriki ilə etmişdir. Bu iki ifadə arasında açıq ziddiyyət var və bu da müdafiə tərəfinin ifadələrinin ardıcıllığını və obyektivliyini ciddi şəkildə şübhə altına alır. Əgər baş aşpazla heç bir problem olmayıbsa, onun restoran əleyhinə yalan və ya təhrikedici ifadə verməsi üçün hər hansı məntiqi əsas da yoxdur. Bu isə müdafiə tərəfinin şahid ifadələrinin sübut gücünü zəiflədir. Daha sonra müdafiə tərəfinin digər şahidi əvvəllər restoranda menecer vəzifəsində çalışmış şəxs Cəbrayıl Cəbrayılzadə ifadəsində qeyd etmişdir ki, ondan əvvəl menecer vəzifəsini Amina adlı xanım icra etmişdir. Maraqlısı da budur ki, adıçəkilən Amina Abdıeva həm prokurorluqda həm də məhkəmə iclasında verdiyi ifadələrində İddiaçı əlavə özünün də əmək müqaviləsi bağlanılmadan, əmək haqqı ödənilmədən çalışdırıldığını vurğulamışdır. Bu məqamı həmçinin prokurorluqda Asiman Quliyev də bildirmişdir. Məhkəmə tərəfindən tərəfin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı 2024-cü ilin may və iyun aylarında Cavabdehnə məxsus restoranda aşbaz köməkçisi vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı ödənilməmişdir.

11. Məhkəmə qərarı əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir.

12. İddiaçı, iddia tələbini cavabdeh tərəfindən ona ayda 900 manat məbləğində əmək haqqı ödənilməli olması halı ilə əsaslandırsa da, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

14. 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

15. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

16. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur;

17. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır;

18. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

19. 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər;

20. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

21. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir;

22. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir;

23. 195-ci maddənin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır;

24. 196-cı maddənin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

25. 196-cı maddənin 5-ci hissəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur..

26. 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

27. 290-cı maddəsinin Qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

33. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

34. İşin halları ilə müəyyən edildiyi kimi tərəflər arasında əmək müqaviləsi bağlanılmasa da, onlar arasında əmək münasibətləri mövcud olmuş və münasibətlər əsasında iddiaçı 2024-cü ilin may və iyun aylarında (2 ay müddətində) cavabdehə məxsus restoranda aşpaz köməkçisi vəzifəsini yerinə yetirmiş, lakin işəgötürən cavabdeh öz üzərinə düşən vəzifələrini yerinə yetirməyərək iddiaçıya işlədiyi müddətdə əmək haqqını verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ödənilməyən əmək haqqını cavabdehdən tələb etməsi əsaslıdır.

35. Bu zaman məhkəmə, cavabdeh tərəfindən ödənilməli olan əmək haqqı məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı ona cavabdeh tərəfindən hər ay 900 manat əmək haqqının ödənilməli olması barədə tələb irəli sürsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu hal iş materialları ilə də müəyyən edilməmişdir. Bu səbəbdən, qanunvericiliklə “işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnun olmasının” müəyyən edilməsini və 2024-cü il üçün ölkə üzrə olan minimum əmək haqqını nəzərə alaraq məhkəmə hesab edir ki, bu məbləğ 350 manat məbləğində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə iki ay üçün 700 manat məbləğində ödənilməyən əmək haqqı tutulmalıdır.

36. İddiaçıya əmək haqqının ödənilməməsini, həmçinin əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır.

37. Odur ki, iddiaçının bildirdiyinə görə ona əmək haqqı vaxtamuzd verilməli olduğundan, konkret hansı vaxtlarda işə başladığı müəyyən edilmədiyindən, ümumiyyətlə 2 aylıq əmək haqqının verilmədiyi inzibati xətalara dair işlər üzrə icraat zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, 2024-cü ilin iyul ayının 1-dən məhkəməyə iddia verildiyi xx.xx.2025-ci il tarixədək 700 manat əmək haqqının gecikdirildiyi 323 gün üçün hər günə 1 faizlə ödənc verilməlidir. Bu isə 2261 (700x323%) manat təşkil edir və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə, iddia tələbinin vurulmuş maddi və mənəvi zərərə görə 1200 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

39. Belə ki, iddia bu hissədə cavabdehin qanunsuz hərəkətlərinin ifşa olunması, hüquqlarının bərpa olunması üçün xeyli vaxt sərf edilməsi, bu hadisədə maddi xərc çəkməsi, həmçinin əsəb pozuntusu keçirməsi ilə ona 1200 manat məbləğində maddi və mənəvi ziyan dəyməsi ilə əsaslandırılsa da, bu tələblər sübuta yetirilməmişdir.

40. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

41. İddiaçı maddi və mənəvi ziyan tələb etsə, hansı məbləğdə maddi və mənəvi ziyanın dəyməsi və bu ziyanın cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə səbəbli əlaqlərin olmasına dair sübut təqdim etməmişdir və işin məhkəmə iclasında araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Nəticə:

42. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 700 manat əmək haqqı, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 2261 manat ödənc olmaqla, cəmi 2961 manat məbləğində pul tutularaq iddiaçı X4 verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehndən 700 manat əmək haqqı, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 2261 manat ödənc olmaqla, cəmi 2961 (iki min doqquz yüz altmış bir) manat məbləğində vəsait tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar