Məhkəmə qərarları › İş №2(001)-4231/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4231/2025

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4231/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 onun həyat yoldaşı olmuşdur və nikahları Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Onlar 23 iyul 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Ailə qurduqdan uzun müddət sonra, yəni 2013-cü ildə onun evi olmadığından əmisigilə məxsus və özləri Azərbaycan Respublikasından kənarda yaşadıqlarından ünvan 1 ünvanda yerləşən 31 saylı mənzilə köçmüşlər. Birgə nikah dövründə, yəni 23 avqust 2019-cu il tarixdə "xxxx" MTK-dan ümumi sahəsi 32 kv.m, dəyəri 45000 manat olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdehin adına almışlar. Bununla bağlı o, "xxxx" MTK-ya müraciət edərək, payların bölünməsi və yeni müqavilə bağlanmasını xahiş etmişdir. Lakin cavabdeh MTK xx.xx.2022-ci il tarixdə imtina məktubu verərək göstərmişdir ki, mülkiyyətçinin razılığı olmadan bunu həyata keçirmək mümkün deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5054/2022 saylı qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32 m2 olan qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar "xxxx" MTK-ya ödənilmiş 45.000 manat məbləğində kooperativ əmlak payının ½ hissəsinə onun, yəni İddiaçı, qalan ½ hissəsinə isə Cavabdeh2 payı müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvə alındıqdan sonra qeyd edilən əmlaka dair yeni müqavilə verilmişdir. Lakin o, qeyd edilən qeyri-yaşayış sahəsindən hazırda istifadə edə bilmir. Cavabdeh "xxxx" MTK-ya əmlakın naturada bölgüsü ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən imtina verilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh2 ilə nikah dövründə əldə olunmuş əmlakın, yəni 23 avqust 2019-cu il tarixdə "xxxx" MTK-dan ümumi sahəsi 32 kv.m, dəyəri 45000 manat olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ½ hissədə kooperativ payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı cavabdehə əmlakın digər payının ona verilməsi üçün 35000 manat məbləğində pul təklif etdiyini, lakin cavabdeh tərəfindən qəbul edilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və ya onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, MMC tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, Yasamal rayonu, Əsəd Əhmədov 28 L ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tərəflərindən naturada bölgüsü mümkünsüzdür. Bunun üçün məhkəməyə müraciət edilməsi zəruridir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5054/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş kooperativ payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 m2 olan qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar "xxxx" MTK-ya ödənilmiş 45000 manat məbləğində kooperativ əmlak payının ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə isə Cavabdeh2 payının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5054/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Sifarişçi” İddiaçı ilə “İcraçı” "xxxx" MTK arasında 02 dekabr 2023-cü il tarixdə müqavilə bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 16 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifarişçi”yə satmağı, “Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Sifarişçi”yə verilən İ mərtəbədə yerləşən sahə 16 kv.m. nəzərdə tutulur və ümumi dəyəri 22500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5808 saylı, 24 dekabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 kv.metr olan qeyriyaşayış sahəsinin hər biri 16 kv.metr olmaqla iki hissəyə bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İ-İİİ hissələr) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 6 dekabr 2024-cü il tarixli 02/2024 №li qərardadına əsasən müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2- 220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. İddia ərizəsinin məzmunundan, iş materiallarından və iddiaçının izahatından aydın olur ki, qeyd edilən qeyri-yaşayış sahəsi tərəflərin birgə vəsaiti hesabına, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5054/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 m2 olan qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar "xxxx" MTK-ya ödənilmiş 45000 manat məbləğində kooperativ əmlak payının ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə isə Cavabdeh2 payının müəyyən olunması qət edilmişdir. Həmin qətnamə mübahisələndirilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı payının ayrılmasını tələb edir. İş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 kv.metr olan qeyri-yaşayış sahəsinin hər biri 16 kv.metr olmaqla iki hissəyə bölünməsi mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı 16 kv.metr hissədə müəyyən olunmuş payına uyğun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5808 saylı, 24 dekabr 2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş bölgü sxemində müəyyən edilmiş qaydada naturada təcrid şəklində ayrılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı 16 kv.metr hissədə müəyyən olunmuş payına uyğun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5808 saylı, 24 dekabr 2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş bölgü sxemində müəyyən edilmiş qaydada naturada təcrid şəklində ayrılsın. Eyni zamanda 50 manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar