Məhkəmə qərarları › İş №2(001)-4245/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4245/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4245/2020 29.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə artıq bir neçə dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, 2(001)- 1623/2020 saylı mülki iş mənim icraatımda olmuş, aliment tələbinə dair işlərə 1 ay ərzində baxılmalı olsa da, iddiaçı lazımi sənədləri təqdim etmədiyinə görə həmin işə baxılması 4 ay davam etmişdir. Belə ki, iddiaçı cavabdehin aliment tutulması tələb edilən uşaqların atası olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir (tərəflər arasında rəsmi nikah bağlanmamış, doğum haqqında şəhadətnamələrdə ata qrafalarındakı məlumat ananın sözlərindən yazılmışdır). Məhkəmə iclaslarında Cavabdeh da iştirak etmiş və hər iki tərəfə dəfələrlə izah edilmişdir ki, alimentin təyin edilməsi üçün ilkin olaraq cavabdehin aliment tutulması tələb edilən uşaqların atası olması müəyyən edilməlidir. Cavabdeh bunun üçün qeydiyyat şöbəsinə getməyə razı olsa da, iddiaçı məhkəməyə aydın olmayan səbəblərdən qeydiyyat şöbəsinə getmək istəmədiyini bildirmişdir. Nəticə etibarı ilə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-1623/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hal-hazırda İddiaçı yenidən aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinə yenə də Cavabdeh aliment tutulması tələb edilən uşaqların atası olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Prosessual qənaət prinsipini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; ... iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ... Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar