Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-425/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi X2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, cərimə borcunun tutulması və qalan məbləğin qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTKya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1 ödədiyi 30.588 manat məbləğində vəsaitdən, onun İddiaçı MTK-ya ödəməli olduğu 13.634 manat cərimə məbləği çıxmaqla, qalan 16.954 manat məbləğində vəsaitin Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə onun arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsi üzrə ona hesablanmış 13.634 manat məbləğində borcun silinməsi, həmin mənzilə görə qalan borcun hissə-hissə ödənilməsinin qəbul edilməsi vəzifəsinin İddiaçı MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bundan sonra ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda Cavabdeh2 da cavabdeh qismində işə cəlb edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, X3 və X5 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. ibarət olan 2 otaqlı 1 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1 ödədiyi 30.588 manat məbləğində vəsaitdən, onun İddiaçı MTK-ya ödəməli olduğu 13.634 manat cərimə məbləği çıxmaqla, qalan 16.954 manat məbləğində vəsaitin Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTKnın nümayəndəsi X6 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı və ilk iddiaya qarşı yazılı etirazını müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiası “əsas borcun hissə-hissə ödənilməsinin təmin edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MTK ilə cavabdeh (payçı) Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 2-ci binasındada, 1-ci blok, 1-ci mərtəbə, 1 nömrəli, 2 otaqlı mənzili tikib və təmir etməkə (təmirli şəkildə) cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzili qəbul edib, mənzilin ümumi dəyərini təşkil edən 116,875 manat məbləğində pulun 16.000 manat hissəsini ilkin ödəniş kimi, qalan 100.875 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən müddətdə və məbləğdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh ilk ödənişi xx.xx.2019-cu il tarixdə sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə etməklə hər ay 1.681,25 manat (sonuncu ay 862,50 manat) məbləğində pul ödəməli idi. Qeyd edilən mənzil müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmiş və o, həmin mənzilə köçərək, hazırda digər cavabdeh (həyat yoldaşı) Cavabdeh2 və uşaqları X3 və X5 ilə birlikdə mənzildə yaşayır. Lakin Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə onun iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə bildiriş göndərilərək, 28 dekabr 2018-ci il tarixli payçı müqaviləsinin 8.1-ci maddəsinin tələbləri onun nəzərinə çatdırılmış və müqavilə üzrə gecikdirilmiş müddət, habelə müqavilənin ləğv edilməsi barədə ona məlumat verilməklə, mənzilin 3 gün ərzində boşaldılması tələb edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da ödənişlərin edilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edə bilməmiş, o cümlədən həm ödəniş etməmiş, həm də mənzildən çıxmamışdır. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 16.000 manat məbləğində ilkin, bundan sonra xx.xx.2021-ci il tarixədək cəmi 14.488 manat, ümumilikdə 30.588 (həqiqətdə 30.488 manat) manat məbləğində ödənişin edildiyini, aylar üzrə gecikdirilmiş məbləğin 38.686 manat təşkil etdiyini, Cavabdeh1 həmin məbləği ödəməkdən imtina etdiyini, bu səbəbdən müqavilə şərtlərinə görə ona 13.634 manat məbləğində cərimənin hesablandığını bildirir və müqavilənin ləğv edilməsini, Cavabdeh1, onun həyat yoldaşı, yəni digər Cavabdeh2 uşaqları ilə birlikdə mənzildən çıxarılmasını, mənzilin boşaldılmasını və təhvil verilməsini, mənzil satıldıqdan sonra ümumilikdə ödənilmiş 30.588 manat puldan hesablanmış 13.634 manat cərimə borcunun çıxılmasını və qalan 16.954 manat pulun Cavabdeh1 qaytarılmasını tələb edir. İddiaçı qarşılıqlı iddianı qəbul etmir. Cavabdeh1 ona qarşı qaldırılmış iddianı qəbul etmir, ödənişləri lazımi qaydada etmədiyini və 38.686 manat məbləğində borcunun yarandığını etiraf edir, lakin ödənişləri məqsədli və qərəzli olaraq gecikdirmədiyini, gecikdirmənin Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola və gəlir əldə edə bilməməsi, habelə uşağının dializ xəstəliyindən əziyyət çəkməsi və mütəmadi olaraq müalicəyə ehtiyacının olması ilə bağlı olduğunu, bu səbəbdən cərimə borcunun da əsassız olaraq hesablandığını bildirir və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək, hesablanmış cərimə borcunun silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli payçı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, mənzilin müəyyən edilmiş qalıq məbləğini müqavilədə (1 saylı əlavə) nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə bildiriş göndərilərək, xx.xx.2018-ci il tarixli payçı müqaviləsinin 8.1-ci maddəsinin tələbləri onun nəzərinə çatdırılmış və müqavilə üzrə gecikdirilmiş müddət, habelə müqavilənin ləğv edilməsi barədə ona məlumat verilməklə, mənzilin 3 gün ərzində boşaldılması tələb edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da ödənişlərin edilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edə bilməmiş, o cümlədən həm ödəniş etməmiş, həm də mənzildən çıxmamışdır. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Mülki Məcəllənin bu məsələni tənzimləyən müddəalarının tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, ilk iddia tələbi “müqavilənin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhz həmin müqavilənin bağlanması Cavabdeh1 mübahisəli mənzilə köçməsi və həmin mənzildə ailəsi, yəni Cavabdeh2 və uşaqları ilə birlikdə yaşaması üçün əsas olmuşdur. Lakin bu müqavilənin ləğv edilməsi ilə cavabdehlərin mənzildə yaşaması üçün mövcud olan hüquqi əsas aradan qalxmışdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi onların həmin mənzildən çıxarılmasını hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən məhkəmə ilk iddia tələbini “cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə onu da vurğulayır ki, cavabdehlərin uşaqları, yəni X3 və X5 da hazırda həmin mənzildə onlarla birlikdə yaşayır. Bu şəxslərin mənzildən çıxarılması hüquqi nəticə etibarı ilə onların yetkinlik yaşına çatmayan bu uşaqlarının da mənzildən çıxarılmasına səbəb olur. Belə ki, bu uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni atası Cavabdeh1 və anası Cavabdeh2 qoruyur. Ona görə bu şəxslərin mübahisəli mənzildən çıxarılması, hüquqi nəticə etibarı ilə özündə həmçinin, onların uşaqlarının da mənzildən çıxarılmasını şərtləndirir. Məhkəmə ilk iddia tələbinin “mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, mənzilin boşaldılması özündə məhz həmin əmlakda yaşayan şəxslərə məxsus olan bütün əşyalarının çıxarılmasını özündə ehtiva edir. Başqa sözlə, iddiaçı “mənzilin boşaldılması” tələbini həmin əmlakda cavabdehlərə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər bir əşyanın çıxarılmasını və mənzilin onlara bütün əşyalardan tam azad şəkildə təhvil verilməsini təmin etmək məqsədi ilə irəli sürmüşdür. Bu səbəbdən məhkəmə “mənzilin boşaldılması” tələbi ilə bağlı belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılarkən mənzildə olan bütün əşyalar da mənzildən çıxarılmalıdır. Başqa sözlə, mübahisəli mənzil bütün əşyalardan azad şəkildə iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, ilk iddia tələbinin “cərimə borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçı ilə Cavabdeh1 arasında həmçinin, cərimə məbləğinin ödənilməsi haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cədvəl üzrə ödənişləri gecikdirdiyi təqdirdə, gecikdirilmiş məbləğin hər gününə görə 0,1 faiz həcmində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) həmin müqavilənin 8.7-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımı qaydada icra edilməməsi səbəbindən yaranmış borc məbləğinə cərimənin hesablandığını və hesablanmış məbləğin 13.634 manat olduğunu bildirərək, hüquqi nəticə etibarı ilə bu məbləğin Cavabdeh1 tutulmasını tələb edir. Məhkəmə, işin hallarını, o cümlədən xx.xx.2018-ci il tarixli payçı müqaviləsi üzrə ümumilikdə 30.488 manat məbləğində pulun ödənildiyini, yaranmış borc məbləğinin 38.686 manat olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, İddiaçı MTK tərəfindən tənasübsüz surətdə yüksək cərimə məbləği hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği azaldılmalı və 3.500 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, ilk iddia tələbinin “mənzil satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin Cavabdeh1 qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, bu tələbi irəli sürməklə iddiaçı nəticə etibarı ilə ondan cavabdehin xeyrinə pulun tutulmasını tələb edir. Halbuki, belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüquq sahibi iddiaçı deyil, məhz Cavabdeh1dur. O, isə belə bir tələb irəli sürməmişdir. Həmçinin, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və olması mümkün də deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yaranır. Bununla belə, cavabdehlər mübahisəli mənzildən çıxarıldıqdan və mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı mənzilin satılmasında sərbəst olacaq və hər bir halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən mənzil satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) məcbur olacaqdır. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisənin də mənzil satıldıqdan və ya cavabdehlərin mənzildən çıxarılmasından sonra yaranması mümkündür. Başqa sözlə, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyil, mövcud olduğu halda belə, bu tələbin irəli sürülməsi üçün iddiaçı deyil, Cavabdeh1 subyektiv hüquqa malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə, ilk iddia tələbinin “cərimə borcunun tutulması” hissəsi ilə bağlı nümayiş etdirdiyi hüquqi mövqeyi və gəldiyi nəticəni əsas götürüb, belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia qismən təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (onların yetkinlik yaşına çatmayan uşaqları, X3 və X5) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən bütün əşyaları ilə birlikdə çıxarılmalı, həmin mənzil İddiaçı MTK-ya təhvil verilməli, Cavabdeh1 İddiaçı MTK-nın xeyrinə 3.500 manat məbləğində cərimə borcu tutulmalı, ilk iddia qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTKya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir (İddiaçı MTK ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmir, Cavabdeh1 iddiası isə məhkəmə tərəfindən əsassız hesab edilmişdir). Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (onların yetkinlik yaşına çatmayan uşaqları, X3 və X5) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən bütün əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzili İddiaçı MTK-ya təhvil verilsin. Cavabdeh1 İddiaçı MTK-nın xeyrinə 3.500 (üç min beş yüz) manat məbləğində cərimə borcu tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-425/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-425/2022
10.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver