Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4253/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 30 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 16 mart 2009-cu il təvəllüdlü X7, 05 avqust 2010-cu il təvəllüdlü X5 və 06 avqust 2011-ci il təvəllüdlü X6 adlı 3 övladları doğulmuşdur. O, Cavabdeh ilə ilk vaxtlar mehriban yaşasa da, sonradan münasibətləri pozulmuşdur. Ailənin qorunması üçün çox cəhdlər etsə də, ailənin saxlanılması qeyri-mümkün olmuşdur. Nikahları formal xarakter daşıyır. Bu səbəbdən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və hazırda 2(001)- 2272/2024 saylı mülki iş məhkəmənin icraatındadır. O, əlavə olaraq bildirmişdir ki, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində övladları ilə birlikdə uzun müddətdir yaşayır. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmə icraatının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilməsini xahiş etmişdir. Hazırda övladlarının hər üçü məktəblidir və hazırlığa gedirlər. Onlara alınacaq məktəb ləvazimatları, geyim, qida çox bahalaşmışdır. Maddi cəhətdən çətinlik çəkir. Buna görə də, cavabdehin ödəyəcəyi aliment məbləğinə ehtiyacı vardır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahlarından doğulmuş 16 mart 2009-cu il təvəllüdlü X4, 05 avqust 2010-cu il təvəllüdlü X2 və 06 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, əmək müqaviləsi əsasında "xxxx" MMC-də çeşidləyici işləməklə, 375.42 manat məbləğində əmək haqqı almasına baxmayaraq, birgə nikahlarından olan övladları, yəni 05 avqust 2010-cu il təvəllüdlü X2 mütəmadi olaraq tibbi müayinələrdən keçməklə müalicəyə ehtiyacı vardır və ona “X8” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, işləmədiyini, maddi imkanın aşağı olduğunu əsas gətirərək, tələb olunan məbləğdə alimenti ödəyə bilməyəcəyini, hər ay övladları üçün ümumilikdə 350 manat məbləğində aliment ödəməyə imkanın çatdığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdaş rayonu Aşağı Ləki kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 225036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 mart 2009-cu il tarixdə Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş rayonu Aşağı Ləki kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 524640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 avqust 2010-cu il tarixdə Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş RİHB-nın Aşağı Ləki kənd ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 657170 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 avqust 2011-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında "xxxx" MMC-də “məhsul çeşidləyicisi” vəzifəsində işləyir və 375.42 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli 906 nömrəli tibbi müayinə haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından olan övladları, 05 avqust 2010-cu il təvəllüdlü X5 həmin mərkəzdə müayinədən keçmiş və ona “X8” diaqnozu qoyularaq müvafiq tövsiyyələr verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16 mart 2009-cu il təvəllüdlü X4, 05 avqust 2010-cu il təvəllüdlü X2 və 06 avqust 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 iyun 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78 və 85 ci maddələrini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 16 mart 2009-cu il təvəllüdlü X4, 05 avqust 2010-cu il təvəllüdlü X2 və 06 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 06 iyun 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4253/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4253/2024
02.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver