Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4346/2020 01.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması və alimentin 2017-ci ilin iyul ayının 1-dən hesablanaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikadan xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. Cavabdehlə faktiki ayrılıblar. Uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etmir, onlarla maraqlanmır. Cavabdeh öz valideynlik borcunu yerinə yetirməkdən yayınır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, uşaqlar üçün 2020-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu həddində və iddiaçının hazırki iddia ilə məhkəməyə verdiyi tarixdən aliment ödəməyə razıdır. Bundan artıq və 3 il üçün əvvələ aliment məbləğinin tələb edilməsi əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat, xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Uşaqlara alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. Cavabdeh tərəf iddianı qismən qəbul etmir, uşaqlar üçün 2020-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu həddində və iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən aliment ödəməyə razır olduğunu, bundan artıq və 3 il üçün əvvələ aliment məbləğinin tələb edilməsinin əsassız olduğunu bildirir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, cavabdehin uşağın saxlanılması üçün 170 manatdan artıq sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutları iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda məhkəmə, iddianın “aliment məbləğinin 2017-ci ilin iyul ayının 1-dən hesablanaraq tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin aliment verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmədiyindən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidir. Qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği xx.xx.2020-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4346/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4346/2020
01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver