Məhkəmə qərarları › İş №2(001)-4423/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4423/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4423/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdehla xx.xx.2016-cı il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətlərdən xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. İlk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, bir müddət sonra cavabdehin pis vərdişlərinə görə münasibətləri pozulmuş və onlar ayrı yaşayırlar. Lakin cavabdeh ona övladının saxlanması üçün heç bir maddi yardım göstərmir. Məhkəmə iclasından əvvəl cavabdeh onun iş yerinə gələrək mübahisə etdiyindən onu yeni düzəldiyi işdən azad etmişlər. Cavabdeh fərdi qaydada işləməklə kifayət qədər qazanca malik olsa da o, bu barədə sübutunu məhkəməyə təqdim edə bilmir. Ona görə də xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay 300 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 397981 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 545 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat aliment tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar